Apelyasiya Məhkəməsi Əvəz Zeynallının işinə baxacaq

Oktyabrın 31-də “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı ayrı-ayrı qərarlardan verilən 4 apellyasiya şikayətinə 03.11.2011 tarıxındə saat 15ş00 radələrində Apelyasiya Məhkəməsində baxılacaq. Məhkəmə qapalı keçiriləcək. Ə.Zeynallını hazırda saxlanıldığı Kürdəxanı təcridxanasından məhkəməyə gətiriləcək.  Vəkil Elçin Sadıqovun sözlərinə görə, apellyasiya şikayətləri Əvəz Zeynallının evində, avtomobilində, “Xural” qəzetinin ofisində aparılan axtarışlar və barəsində seçilən həbs-qətimkan tədbiri ilə əlaqədardır.

Xatırladaq ki, Əvəz Zeynallı oktyabrın 28-də Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən tutularaq həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Onun deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi iddia edilir. Əvəz Zeynallı qəti olaraq ilk gündən bu iddiaları rədd edib və siyasi motivlər üzrə həbs olunduğunu önə çəkib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Əvəz Zeynallının evində, avtomobilində, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları və külli miqdarda sənəd götürüblər. Məhkəmənin qərarına əsasən, hər üç yerdə külli miqdarda pul və zinət əşyası axtarılıb. Axtarış nəticə verməyib. Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button