Apelyasiya Məhkəməsi Əziz Orucovu həbsdə saxlayıb

İyulun 2-də Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet- televiziyasının rəhbəri Əziz Orucovun həbs müddətinin uzadılmasından şikayətinə baxılıb.

Şikayət Əziz Orucovun və “Kanal 13”-ün əməkdaşı Şamo Eminovun həbs müddətinin daha 3 ay uzadılmasıyla bağlı Səbail Rayon Məhkəməsinin qərarından verilib.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmədə Əziz Orucov həbsinin qanunsuz olduğunu deyib.

Jurnalist xatırladıb ki, əvvəlcə onu “özbaşına ev tikmək” ittihamı ilə həbs ediblər. Hansı ki, buna görə nadir hallarda kimisə cinayət məsuliyyətinə cəlb edirlər, üstəlik heç kimi ilkin həbsə almırlar.

Orucov sonradan ona qarşı irəli sürülən “xarici valyuta qaçaqmalçılığı” ilə bağlı ittihamın da əsassız olduğunu deyib. Bunun sübutlarla təsdiqlənmədiyini, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Vəkil Mehdiyev qeyd edib ki, həbs müddətinin uzadılması ilə bağlı müdafiə tərəfi jurnalistin həbsinə dair əvvəllər verilmiş şikayətə əlavə olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə materiallar göndərmək niyyətindədir.

Bu iş üzrə digər müttəhim Şamo Eminovun apellyasiya şikayətinə iyulun 3-də baxılacaq.

2023-cü ilin noyabr-dekabr aylarında Əziz Orucov və Şamo Eminov mütəşəkkil qrupun tərkibində valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər.

Ötən ilin noyabrından Azərbaycanda aralarında “ToplumTV”,”Abzas Media” nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər deyirlər ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button