Apelyasiya Məhkəməsi iqtisadçını həbsdə saxladı

Yayımlandı: 6 İyun 2024 16:09

Vəkil həbsin qanunsuz və əsassız olduğunu deyib

İyunun 6-da Bakı Apelyasiya Məhkəməsində “AbzasMedia” işi ilə bağlı saxlanılan iqtisadçı Fərid Mehralızadə barəsində Xətai Rayon Məhkəməsinin çıxardığı həbs qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Vəkili Cavad Cavadov məhkəmədə bildirib ki, Fərid Mehralızadənin həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Müvəkkilinin təqsirsiz olduğunu vurğulayan vəkil deyib ki, onun həbsi də qanunsuz və əsassızdır.

Müdafiəçinin sözlərinə görə, hətta onunla bağlı istintaq aparılırsa belə, bunun üçün Fərid Mehralızadənin həbsdə qalması vacib deyil, çünki onun yaşadığı yer məlumdur, istintaqdan yayınmaq niyyəti yoxdur və s.

İqtisadçı özü də ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamının əsassız olduğunu bildirib.

O deyib ki, “AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilsə də, bu nəşrlə heç bir əməkdaşlığı olmayıb.

İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi isə əksinə, apelyasiya şikayətinin əsassız olduğunu vurğulayıb.

Fərid Mehralızadə. Foto: Meydan TV

O, Fərid Mehralızadə haqqında istintaq dövrü üçün 3 ay 20 günlük həbs qətimkan tədbiri seçilməsi haqda qərarın qüvvədə saxlanmasını istəyib.

Müstəntiq bildirib ki, o, azadlıqda qalsa, istintaqın gedişinə mane ola bilər, şahidlərə təsir göstərmək, istintaqdan yayınmaq ehtimalı var.

Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib, iqtisadçı haqqında həbs qərarı qüvvədə saxlanılıb.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər potralı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub.

İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.

Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button