'Apple' özüyeriyən elektromobil layihəsini dayandırıb

“Apple” şirkəti özüyeriyən elektrik avtomobili istehsalı ilə bağlı gizli planlarını dayandırıb. 10 ildir davam edən bu plan şirkət tarixində ən ambisiyalı layihələrdən sayılırdı.

Şirkət rəsmiləri fevralın 27-də “Project Titan” adlı layihə üzərində işləyən komandalara xəbər yollayıblar ki, yüzlərlə işçi süni intellekt bölmələrinə yönəldiləcək. AP bunu çoxsaylı məlumatlara istinadla yazır.

Özüidarəolunan avtomobil layihəsinin “Apple” şirkətinə milyardlarla dollara başa gəldiyi, layihəyə 2 minədək işçinin cəlb olunduğu bildirilir.

Bəzi işçilərin süni intellekt layihələrinə köçürüləcəyi gözlənilsə də, çoxları ixtisar oluna bilər. Ümumilikdə qərarın neçə işçiyə təsir göstərdiyi bəlli deyil.

“Apple” xəbərə şərh verməyib. Şirkətin avtomobil layihəsini dayandırması xəbərini ilk dəfə “Bloomberg” yayıb, səbəb kimi elektrik avtomobilləri bazarının kiçilməyə başladığı göstərilib.

Dünyanın ən zəngin şirkətlərindən olan “Apple” öz brendi ilə avtomobil buraxardısa, bu, industriyada transformasiya yarada bilərdi, layihə diqqətlə izlənirdi.

Ancaq təhlilçilər deyirdilər ki, “Apple” şirkətinin öz avtomobilini istehsal etməsinə çox illər var. Şirkətin mühəndisləri illərlə “Apple” avtomobil texnologiyasını ictimai yollarda test ediblər.

Bir məqamda şirkət idarəetmə sükanı, yaxud pedalı olmayan avtomobil düzəltməyə cəhd edib. Ancaq ideya yarımçıq qalıb, çünki mövcud texnologiya ilə bu mümkün olmayıb. Bu barədə “Bloomberg” 2022-ci ilin sonunda yazırdı.

“Apple” heç vaxt özüyeriyən avtomobil planlarını rəsmən açıqlamayıb. Amma təhlilçilər belə maşının qiymətinin 100 min dollar civarında olacağını deyirdilər. Bu, təxminən eyni qiymətə satılan “Tesla” elektromobilləri ilə rəqabət apara bilərdi.

“Tesla”nın icraçı direktoru İlon Mask, (Elon Musk) deyəsən, xəbərə isti yanaşıb, sosial media postunda salamlama emojisi və siqaret şəkli qoyub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button