Aqrar sektorda sığorta: Fermerlərin inamsızlığına səbəb nədir?

Yayımlandı: 20 İyun 2024 12:35

“İnamı və pulu olmadığına görə ödəmir”

Azərbaycanda kənd təsərrüfatı təyinatlı ərazilərin 25 faizinin sığortalandığı bildirilir.

Sığorta ölkədəki fermerlərin 96 faizinə əlçatandır”

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, ölkədə fermerlərə 41 bitki növü üzrə 14 risk, heyvandarlıq üzrə 8 risk üzrə sığorta təminatı təklif edilir:

“Bu xidmətlər ölkədə fəaliyyət göstərən fermerlərin 96 faizi üçün əlçatandır. Baş vermiş sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən-ilə artır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir”, – deyə nazir vurğulayıb.

Ölkədə sığorta sisteminə inam necədir?

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan hökuməti azı 25 ildir aqrar sahənin prioritet olduğunu bildirib, proqramlar hazırlayıb, yatırımlar edib. Onun sözlərinə görə, bu proqramların heç birinin ciddi nəticələri yoxdur:

Bu sahədə banklar aqrar sektora kredit vermək, sığortaçılar bu sektoru sığortalamaq istəmir. Onu da deyim ki, bu, nə bankların, nə də sığorta şirkətlərinin günahıdır. Ümumi iqtisadi sistemin yaratdığı durumdur”.

Sığorta neçəyədir?

İqtisadçı bildirir ki, buna görə Dövlət Aqrar Sığorta Fondu yaranıb. Fond fermer təsərrüfatlarını sığortalamaq üçün yeni və sərfəli məhsullar təqdim edib, lakin aqrar sahədə çox cüzi bir hissə sığortalanıb:

“İndi də heyvandarlıq sahəsində yeni sığorta paketləri təqdim edilib. Qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir. Xırdabuynuzlu heyvanların sığorta haqqı – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir”.

Sərf edirmi?

Natiq Cəfərli bildirir ki, bunlar normal iqtisadi sistemdə çox sərfəli paketlərdir, amma Azərbaycanda uğurlu olacağına inanmır. Çünki vətəndaş sığortaya inanmır:

“İnamsızlıqla yanaşı pulsuzluq da var – 2 inəyi, 10 qoyunu olan vətəndaş orta qiymətlərlə götürsək, ümumən ildə 200-250 manat sığorta haqqı ödəməlidir. Bunu vətəndaş nağd olaraq, cibindən çıxardıb ödəyir. İnanmalıdır ki, inəyinə, qoyununa bir şey olsa, sığorta haqqını alacaq. İnamı və pulu olmadığına görə ödəmir, hətta Dövlət Aqrar Sığorta fondunun sərfəli təkliflərinə belə qatılmır”.

Avropada necədir?

İqtisadçı bildirir ki, Avropada fermer əkdiyi məhsulu, saxladığı heyvanı sığortalamasa, əlini ağdan-qaraya vurmaz, bu ənənədir:

“Üstəlik, sərfəlidir, inam da var, ödənişlərin geri dönüşü də. Amma hər şeyin kökündə məhz inam və maariflənmə dayanır. Bizdə maarifləndirmə, inam, institutlar zəif, vətəndaş da ödəniş, bank, faiz, sığorta məsələlərində SSRİ-dən bəri dəfələrlə aldadılmış və kasıb vəziyyətdədir. Buna görə də mexanizmlər işləmir”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Aqrar Sığorta Fondunun məlumatına görə, 2023-cü ildə ölkə üzrə sığortalanmış əkinlərin sahəsi 114 min hektar olub. Bu, 43 faiz artım deməkdir. Bununla ümumi sığortalanmış sahələr 380 min 476 hektara çatıb.

Fond bildirib ki, əkin sahələrinin sığortası üzrə 2023-cü ildə fermer və təsərrüfatlar ilə 43 min müqavilə imzalanıb.

Azərbaycanlı fermerlər həm də sığorta şirkətlərinin həddindən artıq sənəd tələbi, get-gələ salındıqları üçün bu prosesdən uzaq durduqlarını bildirirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button