Aqressiya aktı: Qırğızıstan və Tacikistan XİN-i sərhəddəki toqquşmaları necə xarakterizə edib

“Kloop”un materialı

Sentyabrın 14-dən başlayaraq, Qırğızıstanla Tacikistan arasında sərhədyanı ərazilərdə hərbi toqquşmalar başlayıb. Əsas hərbi əməliyyatlar sentyabrın 16-sı baş verib. Sentyabrın 16-sı axşam DMTK-nin rəhbərləri atəşin dayandırılması barədə bəyan edib, lakin sərhədyanı ərazilərdə atışmalar ertəsi gün də davam edib. Sentyabrın 18-i axşam saatlarında Qırğızıstanın Sərhəd Xidməti bəyan edib ki, sərhəddə vəziyyət sabitləşir.  

“Kloop” hər iki ölkənin xarici siyasi qurumlarında sərhədyanı rayonlardakı hərbi toqquşmalar barədə nə danışıldığını aydınlaşdırıb.

Qırğızıstan XİN-də nə bəyan ediblər?

Qırğızıstanın xarisi siyasi qurumu Tacikistan XİN-in bəyanatına cavab olaraq senyabrın 18-i öz xəbərini yayıb.

Qırğızıstan XİN-i sentyabrın 14-dən 17-dək Qırğızıstan-Tacikistan sərhədində baş verən olayları “Tacikistanın Qırğızıstana münasibətdə əvvəlcədən planlaşdırılmış aqressiya aktı kimi qiymətləndirib”.

“Tacikistan Respublikası BMT-nin nizamnaməsi və digər beynəlxalq sənədlərdə səsləndirilən ərazi bütövlüyü, dövlət sərhədlərinin pozulmaması, beynəlxalq mübahisələrin dinc yolla həlli, güc tətbiq edilməməsi və ya hədə-qorxu gəlinməməsi, həmçinin insan haqlarına və azadlığına hörmət kimi əsas beynəlxalq prinsipləri kobud şəkildə pozub”, – Qırğızıstan XİN-in bəyanatında deyilir.   

XİN-də qeyd ediblər ki, Qırğızıstan Tacikistandan fərqli olaraq, “müstəsna olaraq müdafiə mövqeyində durub”.

“Tacikistandan fərqli olaraq, Qırğızıstanın özgə ərazisini tutmaq kimi bir məqsədi olmayıb. Belə ki, Tacikistan xaincəsinə Qırğızıstanın ərazi bütövlüyü və suverenliyinə qəsd edib. Bu da Tacikistanın ərazi iddiasında olduğunu növbəti dəfə təsdiqləyir”, – XİN-in bəyanatında deyilir. Bununla yanaşı, XİN-in məlumatına görə, Tacikistan tərəfi Batkensk vilayətində ayrı-ayrı yaşayış məntəqələrini ələ keçirib. Bu, Dostuk, Aksay, İnternasional, Jaştık, Borborduk, Arka, Kulundu kəndləridir. 

“Tacikistanın qanuna zidd hərəkətləri aqressiv və sabitliyi pozan aksiyadır. Bu aksiya ikitərəfli və çoxtərəfli razılaşmaların da, mehriban qonşuluğun və xalqlarımız arasında qarşılıqlı dəstəyin də ziddinədir”, – Qırğızıstan XİN-də qeyd ediblər.  

Xarici siyasi qurumda Qırğızıstanın tələblərini səsləndiriblər: Tacikistan tərəfi ölkə ərazisinə “soxulmağı” dayandırmalı və “sərhədyanı rayonlarda vəziyyətin eskalasiyasına” son verməlidir.

“Tacikistanın qanunazidd və destruktiv hərəkətlərinə qətiyyətlə etiraz edirik. Belə ki, o, əvvəl əldə olunmuş bütün razılaşmaları pozub, qoşunları əvvəlcədən Qırğızıstan sərhədində cəmləyib, silahlı qüvvələrdən və ağır hərbi texnikadan istifadə etməklə sərhədyanı ərazilərə və mülki obyektlərə hücum çəkib”, – qurumda qeyd olunub.   

Nazirlikdə Tacikistan tərəfinin qırğız hərbçilərinin ünvanına yağdırdığı bütün ittihamları “məsuliyyəti və günahı uğursuz şəkildə Qırğızıstanın üzərinə yıxmaq cəhdi” kimi qiymətləndiriblər. Qırğızıstan XİN-i bəyan edir ki, Tacikistannın səlahiyyətli orqanlarının məlumatları həqiqətə uyğun deyil.  

“Qırğızıstan tərəfində bütün sübutlar var (foto və videomateriallar). Bu materiallarda aqressiyanın necə başlaması, həmçinin tacik hərbçilərinin Qırğızıstan ərazisində törətdiyi bütün azğınlıqlar və cinayətlər göstərilib. Zərurət yarandığı təqdirdə Qırğızıstan tərəfi bu sübutları təqdim etməyə hazırdır”, – qurumda deyiblər.  

Sonda XİN-də əlavə ediblər ki, “Tacikistanın səbəb olduğu vəziyyət” Qırğızıstanın dinc əhalisi arasında xeyli itkiyə səbəb olub.

“Tacikistan tərəfinin əməlləri irimiqyaslı dövlətlərarası münaqişəyə, həmçinin ümumilikdə Mərkəzi Asiya bölgəsində sabitliyin pozulmasına gətirib çıxara bilər”, – xarici siyasi qurumun bəyanatında deyilir. 

Tacikistan XİN-i nə deyir?

Tacikistanın xarici siyasi qurumunda hərbi toqquşmaların başlamasında Qırğızıstanı günahlandırırlar.

“Qırğızıstan MDTK-si digər hərbi qüvvələrin köməyi ilə sentyabrın 14-ü saat 7:15-də heç bir səbəb olmadan Tacikistana münasibətdə aqressiya aktı həyata keçirib”, – qurumun xəbərində deyilir.  

Orda əlavə ediblər ki, “minaatan, pulemyot və digər atıcı silahlar tətbiq edilməklə gerçəkləşdirilən düşmən əməllər” Tacikistanın iki hərbçisinin ölümünə səbəb olub.  

“Qırğızıstan tərəfi provokasiya əməlləri ilə yanaşı, sərhədyanı rayonlara əlavə qüvvələr və ağır texnika gətirib”, –XİN-in xəbərində deyilir. 

Xarici siyasi qurumda qeyd ediblər ki, sentyabrın 16-sı qırğız hərbçiləri vəziyyətin və əlavə qüvvələrin deskalasiyası barədə razılaşmanı pozaraq “Düşənbə” sərhəd zastavasını atəşə tutub.  

“Qırğızıstan hərbçiləri hərbi texnika tətbiq etməklə Xocai Alo, Kummazor, Surx, Somoniyon, Kulkand, İsfara, Xistevarz və Ovçi-Kalaça Bobocon Qafurovsk yaşayış məntəqələrinə silahlı hücum çəkib. O cümlədən Çorkişlok və İsfara şəhərləri tanklardan atəşə tutulub”, – Tacikistan XİN-i xəbər verir.  

Tacikistan XİN-i təsdiqləyir ki, qırğız hərbçiləri həmçinin Boqdori, Camoata Çilqazi kəndlərinə hücum çəkib, yerli əhalinin 16 evini yandırıb və həmin ərazilərdə qarətə yol verib.

“Qırğızıstan hərbçiləri məqsədyönlü şəkildə mülki infrastrukturlara hücum edib”, – qurumun xəbərində deyilir. 

Tacikistan XİN-də israr edirlər ki, məhz “Qırğızıstan tərəfi sərhəd boyu atəş açıb”.

Tacikistan xarici siyasi qurumunda təkid edirlər ki, Qırğızıstan tərəfi “yaşayış məntəqələrinə atəş açmaqla” atəşkəs və sülh danışıqlarının bərpası barədə razılaşmaları pozub.

“Beynəlxalq humanizm prinsiplərinə və beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq, qırğız hərbçiləri Çorkişlok Camoat Zumrad kəndində yaralı dinc sakinləri daşıyan təcili yardım maşınına zirehli texnika ilə atəş açıb”, – XİN-in bəyanatında deyilir.  

Tacikistan XİN-in məlumatına görə, atəşkəs barədə razılaşmadan sonra sentyabrın 16-sı “Qırğızıstan tərəfi hücum zamanı hərbi vertolyotlardan və pilotsuz uçuş aparatlarından istifadə edib”.

Orda qeyd olunur ki, pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində məktəb və məsciddə minimum 18 dinc sakin həlak olub. Tacikistan XİN-də təsdiqləyirlər ki, sentyabrın 17-si Qırğızıstan tərəfi yenidən atəşkəsi pozub və Tacikistan ərazisini minaatan və reaktiv sistemlərlə atəşə tutub.    

XİN-də bunu “Tacikistana münasibətdə provokasiya xarakterli aqressiya” adlandırıblar.

“Son günlər qonşusuna “təcavüzkar donu” geyindirmək üçün Qırğızıstan tərəfi açıq-aşkar yalana əl ataraq, Tacikistana qarşı dezinformasiya kampaniyasına davam edir və bununla da sərhədyanı ərazilərdə gərginliyi artırır. Sentyabrın 17-si Qırğızıstan prezidenti xalqa müraciətində Tacikistana münasibətdə “düşmən” sözünü işlədib ki, bu da dostluq və mehriban qonşuluq münasibətlərinə zidd ifadədir”, – Tacikistan XİN-in xəbərində deyilir.   

Silahlı münaqişə

Qırğızıstan-Tacikistan sərhədindəki silahlı münaqişə sentyabrın 14-ü başlayıb, sentyabrın 16-sı isə ciddi şəkildə kəskinləşib.

Qırğızıstan FHN-nin məlumatına görə, Baktensk vilayətinin bir neçə rayonundan 130 mindən çox, Oşsk vilayətinin Çon-Alaysk rayonundan isə 5301 adam təxliyə olunub.

Qırğızıstan DMTK-nin rəhbəri Kamçıbek Taşiyev xəbər verib ki, toqquşmalar nəticəsində Qırğızıstan tərəfində qurnab “çoxdur”. Onun dediyinə görə, həlak olanların çoxu hərbçilərdir.

Qırğızıstan Səhiyyə Nazirliyi xəbər verir ki, ilkin məlumatlara görə, 59 nəfər həlak olub, 114 nəfər yaralanıb. 

Tacikistan XİN-in ilkin məlumatlarına görə, 30 nəfərə yaxın vətəndaş həlak olub, 20-dən çox adam yaralanıb.

Sentyabrın 18-i Qırğızıstan Sərhəd Xidməti bəyan edib ki, sərhəddə vəziyyət sabitləşməyə meylli olsa da, hələ də gərgindir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button