Aqşinlə Qan Turalı tərbiyəsizlik ediblər…

“Mən Allahın mətbuat katibiyəm”

Azərbaycanın görkəmli şairi Rüstəm Behrudinin “Qafqazinfo”ya müsahibəsi

– Sizinlə müsahibənin vaxtını telefonda dəqiqləşdiriyimiz zaman onkoloji xəstəxanaya gedəcəyinizi, oradan gələcəyinizi dediniz. Yenə xəstəxana?

– İki dəfə infarkt olmuşam. Bu dəfə atam ağır xəstədir, ona görə onkoloji xəstəxanada idim.

– Dünyanı şeir xilas edə bilmir, fərqindəsiz?

– Şeir dünyanı xilas edə bilməz, amma tək-tək adamları xilas edə bilər.
– Kəndimizin döşündə
O tənha məzarlığa
Çökən çəndi, dumandı
45 yaşın payızı.

-Yeni yaşınıza nəsə yazıbsınız?
– Yazmışam. İndi yarpaqları gövdəsindən əvvəl ölən bir ağaca oxşayıram. Gövdəm ölüb, yarpaqlarım durur hələ.

Yalnızlığım, tənhalığım
Səndən qopan qərib səsəm.
Bir ağacam yarpağından əvvəl ölən,
Kölgəmə bax ruhum mənim.
Ölümümdən bir an əvvəl çiçəkləsəm
Ölümümə səndən özgə bir inanan olmayacaq.

– Nə qədər azadsınız?
– Mən insan olaraq azadam. Ancaq sosioji varlıq olaraq, bu cəmiyyətin üzvü olaraq mənim də azadlığımı məhdudlaşdıran məqamlar var. Mənim azadlığım sənin azadlığına mane olmamalıdır. Ancaq bu məmləkətdə insan azadlığına hər yerdə çəpər var. Deməli, sosial varlıq olaraq bu cəmiyyətin bir üzvü kimi azad deyiləm. Şair kimi içimdə azadam, ruhən azadam. Mənim ruhumu da həbsxanaya salmaq olmaz ki…

– Deyirlər yaxşı məclis adamısız. Dostlarla yeyib içməyi, pul xərcləməyi sevirsiniz. Bu xarakterinizi qoruyub saxlamısınız, yoxsa zaman onu redaktə edib?
– Çox səhv deyiblər, məclislərdə darıxıram. Altı ildir içki içmirəm. Elə məclislər olub ki, ürəyim sıxılıb, sakitcə çıxıb getmişəm. Hətta bir dəfə məclisdə ürəyim o qədər çox sıxıldı ki, durub getmək istədim, amma getsəydim, dostlar inciyəcəkdilər. Bir bahalı gödəkcəm də var idi, onu da məclisdə qoyub getdim ki, onlar gedişimi hiss etməsinlər. Məclisdə sona qədər o vaxt oturaram ki, oradakı insanlarla məni bağlayan bir şeylər olsun. Ətrafımdakı insanların əksəriyyəti çox şey istəyir. Mən isə heç nə istəməyən adamam. Heç nə istəməyən adamla çox şey istəyən adamın ortaq bir şeyi olmur .

– Siz şamançılıqdan, mifik elementlərdən və irfani detallardan eyni anda istifadə edirsiniz. Halbuki bunlar biri-birini qəbul etməyən dünyagörüşüdür…
– Nəsiminin çox gözəl bir sözü var, deyir ki, şair hərdəmxəyal olar. Həmişə düşünmüşəm ki, istənilən bir millət ilkin doğuluş dövründə özünün yaratdığı bir dünyagörüşü olur. Məsələn, türklərdə bozqurdçuluq var. İslam sonradangəlmə bir dindir. İslam dini bu millətin dini olduğundan başım üstə yeri var. Ancaq mən bozqurdçu və şamanistəm.

– Hey yazırsınız, amma yenə də fikirləriniz, jestləriniz dolmuş bulud təsiri bağışlayır. Əlbəttə, yağışın yağmağını arzulayırıq, ancaq bu yağışdan bitən nədir?
– Adətən yazda yağış yağır, təsadüfən yayda da yağır. Mənim üçün isə yağış sözü payızla bağlıdır. Yağışla payız həyat hekayəmdi. Bütün həyatım payız və yağışdan ibarətdi.
Bir məktub yaz son dəfə
Sözlərin gözü dolsun,
Yağış yağsın üstünə
İçində payız olsun.

– Şairlər adətən yaz fəslini sevir, siz niyə payızı sevirsiniz?
– Pəncərəmdə küləklər
Ölən yarpaq sapsarı bir qəm dadır.
Ağacların o sərgərdan ruhudur
Külək alıb qəriblikdə oynadır.
Allah bu il payız payız deyil ki
Ayrılıqdı, ayrılıqdı, ayrılıq.
Hər şey ayrılıb gedir payızda. Çiçəklər ləçəklərindən olur, ağaclar yarpaqlarından… İnsan təbiətlə harmoniyadadır, ona görə də bütün ayrılıqlar insanı ağrıdır.

– Bir şeirinizdə deyirsiniz  “”Mən ayrılıqlara yandım”… Ayrılıqlara yandığınız vaxtlar çox olub?
– Bütün həyatımı nağıl kimi yaşadım. Ancaq həyatımın nağıllarında heç vaxt göydən 3 alma düşməyib. Belə hayat yaşayan adamın həyatında ayrılıqlar da çox olub.

– Bəs sevgi ayrılıqları nə qədər olub?
– Sevgi olmasa mən yoxam əslində. Bütün həyatımı dəli kimi sevdim. Sevgi mənim həyatımda ölümə bənzər bir şeydi. Sevginin adını düzgün qoymayıblar. Sevginin adı ölüm olmalı idi, ölümün adı isə sevgi.
Ruhum nə yazırsansa, yaz
Ölüm sevgiyə, sevgi də ölümə oxşayır bir az.

– Deyirlər şairlər sevməsə yaza bilməz. Bəs siz neçə dəfə sevmisiniz?
– Sevgi qarşındakı insanın ruhuna barmaqlarınla toxuna bilməkdi. Bir şeirimdə də yazmışdım ki, İlahi, ruhuna barmaqlarımla toxuna bildiyim adamı göndər. İki böyük sevgi yaşamışam. Uşaqlıq sevgisi və ağlım kəsəndən sonrakı sevgim.

– Adətən hansı vaxtlarda şeir yazırsınız?
– Mən tək yaşayan adamam, təkliyi xoşlayıram. Hələ mənim həyatımda olmayıb ki, şeir yazanda kimsə məni görsün. Özümə də maraqlıdır ki, mən o qədər kitabları nə vaxt yazmışam ki, heç kim görməyib.

– Niyə istəməmisiniz ki, sizi görsünlər?
– Bilmirəm ki… Elə bir halda yazmışam ki, istəməmişəm görsünlər.

– Bəzən sanki qeybə çəkilirsiniz… Bu hal şairlərdə tez-tez baş verir?
– Mən çox azad bir adamam. Hərdən bu azadlığımdan əl çəkmişəm. Hərdən insan doğmaları üçün öz azadlığından da əl çəkir. Həbsxanalarda da yatmışam, amma həbsxana küncünün özündə belə bütün ruhumla çox azad olmuşam. Həmişə azadlığım mənə xoşbəxtlik verib. İnsanın ruhu azad olmalıdır.

– Şeirlərinizdə dərdli insan təsiri bağışlayırsınız. Bu belədir, yoxsa şeirin ahəngi kədərlidir?
– Mən xoşbəxt adamam.
Ey elə sən də
Dualar pıçılda gül dodağında.
Gəlmişəm kəfən ölç, bezmişəm gedim
Gedim görüm nə gözləyir Tanrı dağında.
Çox hüzünlü görsənə bilərəm, əslində çox xoşbəxt adamam. Əlbəttə, hüzn var, çünki dünyanı dərk edirəm. Dünyanın boş və mənasız olduğunu bilirəm. Bizim sevgimiz, nələrəsə can atmalarımız boş və mənasız bir şeyi dəyərləndirmək cəhdindən başqa bir şey deyil. Biz onu dəyərləndirmək üçün sevgini, haqq-ədalət adında fəlsəfi terminləri, xeyirxahlıq, qəhramanlığı uydurduq ki, yaşayaq. Əslində, böyük mənada insan ömrü hardan gəlib hara gedəcəyi bəlli deyil və bu yer üzü də görüş yeri olmaqdan başqa bir yer deyil. Çox şükür ki,biz bunları uydurduq. İnsan tək doğulur, tək yaşayır və tək də ölür gedir.

– Uzun illər bundan öncə yazdığınız “Məni unutma” adlı şerinizdə belə bir bənd var:
“Sənə yol gəlirəm, sızqa bulaq da,
Böyüyür, keçilməz Xan Araz olur.
Təmiz sevgilərin gülüm nədənsə,
Vüsalı həmişə umulmaz olur”.
Niyə təmiz, böyük sevgilərin sonu hər zamam hicran və əbədi həsrətlə nöqtələnir?

– O şeiri uşaq vaxtı yazmışam. Məni tanıyan adam məni unuda bilməz, unutsam mən unuda bilərəm, mən çıxıb gedə bilərəm.

– Niyə düşünürsünüz ki, sizdən yox, ancaq siz gedə bilərsiniz?
– Söylə ən gözəli nədir dünyada, qalıb unudulmaq, yoxsa ki başını yer üzündən götürüb gedib unutmaq? Hansı gözəldir? Bu sualın cavabı yoxdur.

– Həyatlarından getmək istədiyiniz insanlar çox olub?
– Çox olub. Günlərin bir günü hiss etmişəm ki, o adamlara həyatımda yer yoxdu və getmişəm.
Biz bir yerdə yalnızıq
Bu təkliyi yıxıb get.
Təkliyində gözəlsən
Təkliyinə çıxıb get.
O adamla ikilikdə belə yalnızsansa, bil ki o sənə lazım deyil. O zaman çıxıb getməyin tam zamanıdır.

– Şairin uşaqlığı necə keçib?
– Uşaqlığım kasıbçılıq və iztirab içində keçib. Həmişə hamının nəyi varsa, mənim heç nəyim olmayıb.

– Bir vaxtlar 4 nəfər idiniz, Rüstəm Behrudi, Ramiz Rövşən, Vaqif Bayatılı Odər və Vaqif Səmədoğlu. Yenə 4 nəfərsiz?
– Biz bir-birimizə hörmət edən adamlarıq, ancaq dost deyilik.

– Həmkarlarınızın bir çoxu Oxucu qıtlığından şikayətlənir. Eyni problem sizin üçün də keçərlidirmi?
– Mənim heç vaxt Oxucularımdam şikayətim olmayıb. Onlardan ömür boyu heç nə ummadım. Əgər mənim bir kitabım 100 min tirajla satılırsa, kimdən şikayət edə bilərəm ki? Oxucularım iki qrupa ayrılır. Məni oxuyub məni sevənlər və məni oxuyub mənə nifrət edənlər.

– Oxuyub nifrət edənlər kimlərdi?
– Çox vaxt məni dinsiz, kafir adlandırırlar. O bədbəxtlər bilmirlər ki, mən Allaha onlardan daha çox yaxınam. Hər gecə Allaha zikr edən, dua oxuyan adamam. Onlara bir şeir də yazmışam.
Ey mənə kafir söyləyən,
Çağır qoy görsün hər kəsi.
İçimdə iman evi var
Kədərdəndi minarəsi.
İçində kədərdən minarəsi olan bir adam kafir ola bilər?

– Rus yazıçısı Turgenev şeiri Allahın dili adlandırır. Şeir doğrudanmı Allahın dilidir? Belədirsə, o zaman Allahın dili ilə danışmaq necə bir hisdir?
– Mən Allahın mətbuat katibiyəm (gülür). Şairlər Allahın dili deyil, Allahın dili peyğəmbərlərdi. Şairlər Allahın yerdəki xəfiyyələridir. Ramiz Rövşənin gözəl bir sözü var, deyir ki, şairlərlə peyğəmbərlərin fərqi ondadır ki, peyğəmbərlər Allahdan gələn bütün vəhyləri eşidir və olduğu kimi bəndələrə çatdırır. Şairlər də Allahdan gələn vəhyləri eşidir, amma öz bildikləri kimi çatdırırlar. Ədəbiyyatın iki ilahi başlanğıcı var. Biri iblisanə başlanğıc, biri isə Alahdan gələn ilahi başlanğıc. Şairlər gah iblisanə başlanğıcdan çıxış edirlər, gah da Allahdan gələn ilahi başlanğıcdan.

– Siz hansı başlanğıcdan çıxış edirsiniz?
– Mən iblisə fəxriyyə yazmış adamam, şeirimlə iblisi taxta oturtmuşam. İblisin heç bir günahı yoxdur, ona bu rolu Allah verib. Yer üzündə hər şey Allahın iradəsi altındadı. Əgər belədirsə, o zaman iblisin Allaha etiraz etməyə nə cürəti çatar? Allahın yaratdığı bir məxluq onun özünə etiraz edə bilməz. Demək ki, Allah istəyib ki, o da etiraz edib. Allah hətta qiyaməti hazırlamaqda ona yardımçı olan iblisi mükafatlandırmaq üçün onun xətrinə cəhənnəmi odlu atəşdən düzəltdi. Çünki Allahın milyonlarla mələyi içərisində yeganə mələk oddan və atəşdən olan iblisdi. İblis ona yardımçı olduğundan onu mükafatlandırmaq üçün cəhənnəmi atəşdən yaratdı ki, sonda iblis xidmətlərinin müqabilində öz sevimli atəşinə qovuşsun. Şair Allahın sirlərini açmağa can atır, Allah da açılacaq nə qədər sirr varsa, hamısını peyğəmbərlərə deyib. Şairin başqa sirləri açmağa cəhdi elə iblislikdi də. Amma bu yer üzündə iblisə qardaş, ona yoldaş, ondan daha dəhşətli adamlar var.

– Maksim Qorki deyib ki, yaxşı şairin iki dostu olur. Onlardan biri şeytan, digəri isə qadındır. Bu dostlardan hansından şikayətiniz var?
– Qadın kişidən çox ağıllıdır, şairdən də ağıllıdır. Şairliyi qoyaq bir qırağa, şairlik böyük mənada kişilik də deyil heç. Qadın anadan olduğu gündən bildiklərini kişilər həyatda yaşaya- yaşaya kitablardan öyrənirlər. Qadın fitri istedadla doğulur. İstənilən qadın istənilən kişini yoldan çıxara bilər. Qadın yoxdursa, bəşəriyyət boşdur.

– Pafoslu şeirə münasibətiniz?
– Bir vaxtlar mən də elə şeirlər yazdım. Vətən, millət… Poeziyada pafos ötəri bir ehtirasdı. Belə pafoslu şeirlər yazanlar da millətə lazımdı. Mənim çox sevdiyim Xəlil Rza var, o da pafos dolu şeirlər yazıb, amma o, bir vaxtlar millətin ruhunu tərpətdi, deməli, Xəlil Rzanın poeziyası bu millət üçün lazımdır.

– Sizcə milliyyətçi ədəbiyyat bu gün nə dərəcədə maraqlıdır?
– Yaralı yemirə toxundunuz. Əgər oxuyurlarsa, deməli, ehtiyac var. Elə bir məqam var ki, bütün millətlər ondan keçməlidir, elə o kitabları da oxumalıdırlar. Millət olaraq durulmalıyıq. Hələ 10 il də bu kitablara ehtiyac var.

– Bəziləri hesab edir ki, heca şeirinin zamanı keçib…
– Onu deyən adam başını daşa döyür. Forma əsas şərt deyil, əsas həmin şeirin fəlsəfi tutumu, yüküdür. Şeir heca vəznində meydana gəlib, başqa cür yazan adamlar başqa cür yazsınlar, adını da başqa şey qoysunlar. Bu da ədəbiyyatın bir forması olsun.

– Çağdaş ədəbiyyatını izləyirsinizmi? Kimləri oxuyursunuz?
– Əlbəttə, izləyirəm. Sevinc Pərvanə, Aqşin Yenisey maraqlı yazırlar. Bu yazarların düşüncə tərzi fərqlidir. Düşüncə tərzi azad olmalıdır, kim necə istəyirsə düşünə və yaza bilər. Ancaq Aqşin Yenisey bir dəfə mənə qarşı tərbiyəsizlik edib. Yazıb ki, gedib Rüstəm Behrudidən taxta-şalban istəməmişəm ki… Bu tərbiyəsizlikdir əslində. Adama deyərlər ki, sən mənim taxta şalban satdığımı harda görmüsən ki? Bir də ki, taxta-şalban satmaq nə vaxtdan günah sayılıb? Ömrümdə alverin nə olduğunu bilməmişəm. Mən ömrümdə nəsə satmadım, nəsə satdımsa da, onu da özüm aldım. Özlərinə ad qazanmaq üçün başqasını şərləmək düzgün deyil. Mən normal yaşayıram, buna da o adamlar paxıllıq edir. Mən çox incidim Aqşindən. İstetadlı adam başqasına şər atmaz. Halbuki onunla birgə oturub çay içmişik, kitabını mənə bağışlayıb, oxuyub, onu tərifləmişəm. Sonra Qan Turalı var, onun düşüncə tərzini bəyənirəm, amma mənim haqqımda tərbiyəsizcə yazıb ki, Rüstəm Behrudi alverlə məşğuldur, son model maşını var. Adama deyərlər ki, bundan sənə nə? Mən Rüstəm Behrudiyəm, təyyarəm də ola bilər.

– Nobelə hazırlaşıram deyirdiniz, yenə də o mükafata iddialısınız?
– O sözü zarafatla demişəm. Nobel ədəbiyat mükafatından daha çox, son on ildə siyasi xarakter daşıyır. Ancaq istənilən bir şair, yazıçı böyük bir ədəbiyyat ödülü almağa tələsər.

– Rüstəm Behrudi Azərbaycanın gələcəyi ilə bağlı nə düşünür?
– Azərbaycan xalqının gələcək taleyi çox parlaqdır. Bütöv bir Azərbaycan dövlətinin qurulacağı gün uzaqda deyil.

Aynurə Həsənova

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button