Aralıq status hər iki tərəfin xeyrinədir

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Müsahibimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğludur…

 – Azərbaycan prezidenti İlham Əliyev son çıxışında Dağlıq Qarabağa Avropada var olan ən yüksək muxtariyyət statusu verilə biləcəyini deyib. Söhbət hansı muxtariyyət statusundan gedir?

– Dövlət başçısı bu fikri bir neçə dəfə təkrarlayıb. İlham Əliyev bu ilin iyun ayında “Euronews” televiziya kanalına müsahibəsində də eyni sözləri demişdi. Sual verən jurnalist konkret cavab istədikdə, İlham Əliyev misal olaraq Cənubi Tirol modelinin adını çəkmişdi. Azərbaycan rəsmiləri müxtəlif vaxtlarda Cənubi Tirolla yanaşı, Aland adaları, Triest, Tatarıstan və digər modellərin də adlarını çəkiblər. Konkret Cənubi Tirol modelinə müraciət etsək, söhbət İtaliya ərazisində alman dilli avstriyalılara verilən muxtariyyət statusundan gedir.

– Cənubi Tirolun statusu nədən ibarətdir ki, bu model rəsmi Bakının marağına səbəb olub?

– Cənubi Tirolda həm alman dillilərin, həm də italyan dillilərin hüquqları qorunur. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar çıxarılaraq həyata keçirilir. Digər muxtariyyətlərdə olduğu kimi, xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Əyalətdə yığılan verginin təxminən 90 faizi orada qalır, ayrıca İtaliyanın dövlət büdcəsindən də ayırmalar edilir. Başqa sözlə, Cənubi Tirol gəlirlərini istədiyi şəkildə idarə edir. Status anlaşmasına görə, Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya Məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə, vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir. Parlament və komitələrdə həyata keçirilən səsvermədə də etnik amilə diqqət yetirilir ki, hər hansı qanunun qəbulunda iki xalqın mənafeləri diqqətə alınsın.

– Belə olan halda Cənubi Tirolla Dağlıq Qarabağ arasında hansı paralellər aparmaq mümkündür?

– Birinci oxşarlıq Dağlıq Qarabağda olduğu kimi, Cənubi Tirolun da iki icmadan formalaşmasıdır. İkinci oxşarlıq ondan ibarətdir ki, Cənubi Tirol separatizmi ilk illərdə Avstriyaya arxalanırdısa, Dağlıq Qarabağ separatizmi də Ermənistanın dəstəyinə bağlıdır. Üçüncü oxşarlıq, Avstriya Cənubi Tirolun beynəlxalq aləmdən müharibədə məğlubiyyətə uğrayan İtaliyadan ayrılmasını tələb etdiyi kimi, Ermənistan da özünün müharibədə qalib çıxdığını iddia edərək, dünyanın Dağlıq Qarabağın «müstəqilliyini» tanımasını tələb edir. Buna baxmayaraq, Cənubi Tirol probleminin masa üzərində birgə həlli ondan xəbər verir ki, torpaq münaqişələrinin paket həlli yoxdur. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli planında bütün maddələrin bərabər tutulmasını, torpaqların azad olunmasını referendum tələbinə bağlayır. Cənubi Tirol nümunəsində isə problem mərhələli şəkildə həllini tapıb. Avstriya və bölgədə yaşayan alman dillilər ilk illərdə Cənubi Tirol üçün müstəqillik tələb edirdilərsə, hadisələrin sonrakı inkişafında geniş muxtariyyətin daha məqbul olduğu qənaətinə gəldilər.

Qayıdaq Dağlıq Qarabağın statusuna. Ermənilər muxtariyyət ideyasını bəri başdan rədd edirlər, biz isə referendumun əleyhinəyik. Belə olan halda statusla bağlı ortaq məxrəc tapmaq mümkündürmü?

– Azərbaycan referendum tarixini qeydə alacaq həll planına yaşıl işıq yandıra bilməz. Çünki bu, faktiki Dağlıq Qarabağın yaxın gələcəkdə müstəqillik yolunun açılması anlamına gələcək. Nə qədər azərbaycanlı qaçqın Dağlıq Qarabağa qayıtsa da, bütün hallarda bölgədə nisbət ermənilərin xeyrinə olacaq. Bu nisbətdə keçirilən referendumun nəticəsi isə əvvəlcədən bəllidir. Ona görə də hazırda danışıqlar dalana dirənib və cəbhə bölgəsində atəşkəsin pozulması hallarına tez-tez rast gəlinir. Azərbaycan Dağlıq Qarabağa ancaq dünyada mövcud olan muxtariyyət statu verə bilər, limitimiz bura qədərdir. Ermənistan isə beynəlxalaq aləmin başqa təcrübəsinə istinad edərək, Kosovo və CənubiSudanmodellərini irəli sürür. Hər ikisi yenicə müstəqllik qazanmış ölkələrdir. Biri vaxtilə Serbiyanın, digər Sudanın tərkibində olub. Ermənistan hakimiyyəti Kosovonun Dağlıq Qarabağ üçün örnək ola biləcəyini iddia edir. Ancaq Rusiya qıcıqlanmasın deyə İrəvan Kosovonun müstəqilliyini də indiyə qədər tanımayıb. Bu Dağlıq Qarabağın “müstəqilliyi” uğrunda çarpışan Ermənistanın bu “müstəqilliyi” indiyə qədər tanımamasına bənzəyir. İrəvan yaxşı dərk edir ki, birtərəfli qaydada Dağlıq Qarabağın tanınması müharibənin başlamasına rəvac verəcək. Bu şəraitdə danışıqlara və Minsk Qrupuna da ehtiyac qalmayacaq.

– Hazırda masa üzərində olan GenişləndirilmişMadridplanında Dağlıq Qarabağ üçün “aralıq status” nəzərdə tutulub. Bu statusun imkanları və sərhədi nədən ibarətdir?

– İlham Əliyev iki il öncə Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərində müstəqilliyə nail olmaq üçün mexanizmlərin olmadığını, ancaq aralıq statusunun mümkünlüyünə bu sözlərlə işarə etmişdi ki, Dağlıq Qarabağa müstəqillik mümkün olmadığından, erməni və azərbaycanlı icmaların sülh şəraitində birgə yaşamaları nail olmaq mümkündür. Başqa sözlə, iki icma hazırkı statussuz şəraitdə də birgə yaşaya bilərlər. Yəni söhbət aralıq statusdan gedir. Ermənilərə nə lazımdır? Dağlıq Qarabağ ən azı indiki qeyri-müəyyən statusunu qorusun, Ermənistana çıxış imkanı əldə etsin, beynəlxalq təhlükəsizlik təminatı alsın. Bizə nə lazımdır? İşğal altındakı torpaqlarımızın hamısı boşaldılsın, qaçqınlar yurd-yuvalarına geri dönsün, Dağlıq Qarabağda yaşayacaq vətəndaşlarımızın təhlükəsizliyi təmin olunsun və bölgədə referendum keçirilməsin. Aralıq statusu bütün bunların bir arada olmasına şərait yaradır. Əslində, İrəvan “aralıq statusun” əleyhinə deyil. İşləri korlayan İrəvanın “sənəddə aralıq statusun müddəti göstərilsin ki, ondan sonra referendum keçirmək mümkün olsun” tələbinin irəli sürülməsidir. Buna isə aydın səbəblərdən Azərbaycan razılaşa bilməz.

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Tamami ile yanlish mövqeydir. Adi chekilen ölkelerde ermeniler yashamirlar ve o ölkeler hemen erazilerde yüz iller boyu mövcud olublar.ermenistanin yaranma tarixi ve ona verilen erazi (9 min kv.km) sovet dövründe olub 39 min kv.km. bunu unutmaq shiyasi sherhchi üchün bagishlanmaz sehvdir. Sonra unutmaq lazim deyil ki ,ermeniler (ruslar) hetda orada deqiq vaxt olmasa da razidirlar .Ancaq bu shertle ki ,un sonu referendumla neticelensin.Eyer bele verilerse.referendumsuz da Qarabagin müsteqilliyinin taninmasi demekdir. Qalir ora Azerbaycan icmasinin qayitmasi.bu da sersem fikirdir. eyer eraziye lar yeridilirse bu yalniz ermenileri qorumaq üchün edilecek. (bufer zonasi ) Ve daxili (qarabagda hazirki ) polis ermenilerdir. hech bir dayancagi ,evi, ishi, gündelik teminati, hetda indiki seviyyede temin edilmeyen ve eremenilerin qabagina atilan kütleni düshünmek lazimdir.Atlasi qabagina qoyub ,ermeni xisletini unudub ,prezidentin dediklerini tesdiq etmek böyük sehvdir. Prezidenti anlamaq olar .bu siyasi gedishdir. Sherhchileri ise yox. bir vaxt xalq dptlomatiyasi ideyasinda sherhchilerimiz yazmaqdan ve demekden yorulmurdu ki bu lazimidr,faydalidir.hetda növbeye durmushdular ki yeni görüshlere getsinler.Netice göz qabagindadir. Eyer in sherhchisinin siyasetden az da olsa anlayishi varsa ve Qarabagin Azerbaycana qalmasini isteyirse, tiroldan girib aland adasindan chixmaga ehtiyac yoxdur.O deye biler ve demelidir ki, ermenistan erazisine 218 min azerbaycanli qayidir (1988-de qovulanlar ) onlara orada hansi (kechici ya kechmeyeci) status verilirse biz de qarabagda yashayan 125 min ermeniye hemen statusu vereceyeik. Yalniz bele olduqda hem ermeniler hem de beynelxalq alem bashlayacaq fikirleshmeye .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button