Rubrikalar: GÜNDƏM KÖŞƏ YAZARLARI XuralTAC

Arif Əliyev Rövşən Almuradlıdan yazdı: “Söz verdi ki…”

Biz xeyli fərqli adamlar idik. Xasiyyətimizin ən oxşar cəhəti, bəlkə, sentimentallığımızdı, onu da xarakter cizgisindən çox yaş əlaməti hesab edirəm, çünki əvvəllər şəxsən mənim gözlərim belə yaşarmazdı. Neynim, ömür yolu qısaldıqca əvəzsiz itkilər artır.

Son iki ildə daha çox görüşdüyüm, vaxt keçirdiyim, səfərə çıxdığım adamlardan idi Rövşən Almuradlı.

Yoldaşlığımız onun gözlənilməz zəngindən başladı. “Yalama”nı oxudum, filmini çəkməsəm, ölərəm”. Beləcə də dedi. Vaqif Gərayzadə ilə povest əsasında film yox, tamaşa üçün hazırlıq gördüyümüzü söylədim. Teatrın adını eşidəndə lap gerçəklədi. Üçlükdə işi davam etdirdik. Hazırlıq bitdi, büdcə razılaşdırıldı, aktyor heyəti, səhnə seçildi. Tamaşa Cümhuriyyətin 100 illiyinə həsr olunmuş yubiley tədbirinə çatdırılmalıydı, amma məşqlər gecikirdi: sifarişçi müqaviləni uzadırdı. Arada Rövşən bəy telefonda haray çəkirdi: “Öldüm axı-ı…” Tədbirə bir ay qalanda bu xülyadan əlimizi üzməli olduq.

Bax onda Sumqayıt Dramasının yanındakı parkın çayxanasında bizim uzun söhbətimiz oldu. Rövşən bəy illərdir ona tamaşa, film verilmədiyindən, yaradıcı işdən kənarda qoyulduğundan yanıqlı-yanıqlı danışdı. Mən Pluçekin, Ədil İskəndərovun tələbəsi olmuş, 23 yaşında Kral Liri oynamış, “Yük”, “Cavad xan” kimi filmlər çəkmiş, “Dəyirman”, “Qətl günü”, “Ölüləri qəbristanlıqda basdırın”, “Yaşlı xanımın gəlişi” kimi tamaşalar ərsəyə gətirmiş bu gözəl rejissorun haqqını danmasam da, bütövlükdə mövqeyini qəbul etmədim. “Sənətkar kiminsə nəsə verəcəyini, istedad nə zaman ona meydan açılacağını gözləməməlidir, qabağı kəsiləndə özünə yol tapıb pırtlamalıdır”,- dedim. Misallar gətirdim, amma düşdüyümüz vəziyyətdə fikrimin inamlı səslənmədiyini görüb bir az barıtını artıq elədim: “İstəyirsən, özümüz “Yalama”nın filmini çəkək?”

Geri durmağın yeri yox idi: söz ağızdan çıxmışdı. Ssenari yazdım, prodüser də tapıldı, texnika da, vəsait də. Cəmi iki-üç aydan sonra biz Xaçmaza, Tiflisə, Ankaraya, Moskvaya ardıcıl çəkilişlərə çıxırdıq: heç kimin nə sifarişinə, nə təsdiqinə ehtiyac hiss etmirdik. Rejissor Rövşən Almuradlı getdikcə məndən çox fəallıq göstərirdi, hətta təşkilati işlərdə də qabağa düşürdü: Türkiyə hökuməti ilə danışıqları o aparırdı, Rusiya səfərini özü düzüb-qoşurdu…

Paralel olaraq, əlimizdəki iş bitməmiş, gələcəyə plan qururdu, görürdüm ki, beynində nəsə bişirir.

— Ədil İskəndərovun tələbəsi olduğum vaxtlarda ondan mümkün qədər çox öyrənməyə çalışırdım, — biz Yalamadan qayıdan günü Rövşən bəy maşında ürəyini açdı. – Dördüncü kursda oxuyurdum, 75-ci il idi. Bir dəfə yaxınlaşdım, dedim, olarmı evə gedəndə sizi ötürüm?  “Qadam, — dodağını büzdü, — mən qızam ötürəsən?” Pərt halda geri döndüm. Sonra özü çağırtdırdı. “Evə gedirəm, — dedi, — bəs ötürmürsən?” Düz iki il axşamlar Ədil müəllimə yol yoldaşı oldum, söhbətlərinə qulaq asdım. Danışdığı bir əhvalat heç yadımdan çıxmır. “Vaqif” tamaşasının premyerasından əvvəl şəhərdə səs yayılır ki, Səməd Vurğun şah Qacar obrazında Mircəfər Bağırovu nəzərdə tutub, Ədil İskəndərov da indi bunu səhnəyə çıxarır. Söhbət 1938-ci ildən, repressiyaların qızğın vaxtından gedir ha!!! Məsələni ayırd etmək üçün Bağırov Siyasi Büronun tamaşaya qapalı baxışını keçirir. Sən təsəvvür elə: zalda MİRQƏZƏB, səhnədə Qacar rolunda “qan-qan” deyən Sidqi Ruhulla, səhnənin arxasında hökm gözləyən Səməd Vurğunla Ədil İskəndərov, teatrın qarşısında isə NKVD-nin adamları gedər-gəlməzə daşıyan qara “voronok”u!!! Nələr gəlir başlarına!!! “Sənətkar və zaman” mövzusunda nə qədər sualın cavabı var bu əhvalatda!

— Təsəvvür eləyirəm…

— Ədil müəllimə əhd borcum qalıb. Dünya ölüm-itim dünyasıdır, gəl həmin söhbəti danışım, sən yaz, mən film çəkim. Bilirsən, nə olacaq!!!

— Tutaq ki, mən yazdım. Bəs filmi necə çəkəcəksən? Burda daha, “Yalama”dakı kimi, məni rəssam yerinə də, aktyor əvəzinə də işlədə bilməyəcəksən. Bunun bir yığın kollektivi, dekorasiyaları, geyimləri, bir aləm xərci var.

— Sən yaz, qalanını özüm həll edəcəm.

Bu, atrıq Sumqayıt Dramının yanındakı çayxanada taledən şikayətlənən Rövşən Almuradlı deyildi. O, yeni bir enerji, inadla sənətə qayıtmışdı! Qarşısında heç bir maneə duruş gətirə bilməzdi!

Mən “Sənət əbədidir, ömür amanat” adlandırdığım ikinci sənədli povestimi yazıb çapa verənə qədər Rövşən bəy “Əsgərlər unudulanda ölürlər” filmini yekunlaşdırdı, onu Bakıda premyeraya hazırladı, eyni zamanda beynəlxalq festivallara göndərdi, mayda Ankarada təqdimat üçün dəvətnamə aldı. Arada Qarabağ köçkünlərindən kiçik bir ssenari də yazdı, onun əsasında “Səs” adlı kinonovellanın çəkilişi üçün “Azərbaycanfilm”lə müqavilə imzaladı və bir gün qabağımı kəsdi.

— Ədil müəllim haqda filmin ssenarisi lazımdır. Təcili. Üç nüsxədə.

— Nə vaxta? Hələ heç kitab çıxmayıb.

— Sabah səhərə.

— Mümkün deyil.

— Mümkünsüz heç nə yoxdur. Getdik sizin bağa. Orda işləyərik.

Gecə Rövşən bəy qoltuğunda üç nüsxə ssenari sağollaşıb çıxdı və ertəsi gün zəng vurub “Yaxın vaxtlarda müjdə alacaqsan”, — dedi…

İndi mən “Sənətkar kiminsə nəsə verəcəyini, istedad nə zaman ona meydan açılacağını gözləməməlidir, qabağı kəsiləndə özünə yol tapıb pırtlamalıdır” söyləyəndə bəzən hətta dostların etirazı ilə üzləşirəm. Tanışlardan isə qaşlarını yuxarı dartıb şübhə ilə baxanlar olur: “Deyəsən, bu da…”. Mədəniyyətə, sənətə dövlət qayğısı, əlbəttə, bütün dövrlərdə lazımdır. Ancaq sənətkar özünü həmin qayğıdan asılı hiss etdikcə, “qayğıyla” fərdi yaradıcılıq imkanları arasında mütənasibliyə alışdıqca, azadlığı daralır. Son nəticədə isə SƏNƏTƏ ən böyük zərbəni, bilirsinizmi, nə vurur? Sənətkara qayğısızlıq yox, onun azadlığının məhdudlaşdırılması. Mən belə düşünürəm və təhlükədən uzaqlaşmağın yeganə yolunu daxili azadlığa dayanmaqda, tək ona arxalanmaqda qörürəm.

Ağır xəstəlikdən, illərin durğunluğundan sonra Rövşən bəy azad sənətkar həyatının ritmini tutmuşdu. Bir tərəfdən, Elçin Şıxlını rahat qoymurdu ki, “Ölən dünyam”ın çoxdan hazır olan ssenarisini gətir, filmi danışmışam. O biri tərəfdən məni tələsdirirdi. Üçüncü yandan “Azərbaycanfilm”də işə başlamışdı. Eyni zamanda “Yalama” bədii filmi haqqında düşünürdü və kifayət qədər iri həcmdə ilkin kapital tapılmışdı (Gəray Əlibəyli şahiddir). Hələ iki başqa mövzunu da gözaltı eləmişdi: biri Qarabağ müharıbəsindən qayıtmış gəncin əvvəlki həyata uyğunlaşa bilməməsi haqda təsirli əhvalat idi, digərini – 1920-ci il Gəncə üsyanını — mən yazmağa başlamışdım.

Bircə vaxtsız ölümə çarə bula bilməzdi Rövşən bəy. Ancaq onu da nəzərə almışdı. Facebook səhifəsində yanvarın 30-da yazdığı bir statusu qalıb:

Mən bu dünyaya bir də gələcəm!
Fələklə döyüşüm bitməyib hələ!..

Axırıncı görüşlərimizdə həmin misraları tez-tez təkrar edirdi. Hər dəfə də xoş söz eşitmək istəyi ilə soruşurdu:

— Nətəri demişəm!!!

Yaxşı demisən, Rövşən bəy, gözəl demisən. Və söz vermisənsə, gələcəksən. Amma bir məsələ var ki, sən hərlənib-fırlanıb bu dünyaya bir də qayıdanda, yəqin, biz buralarda olmayacağıq. Tapşırdığın ssenarilərdən çatdırmadıqlarımı yazıb hazır qoyacam. Çəkərsən. Fələklə döyüşünü bitirərsən.

Paylaş:

This post was last modified on 21 Aprel 2019 1:38 axşam

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM