Arif Əliyev:”O gənclərin təmiz adını özlərinə qaytarmaq lazımdır”-MÜSAHİBƏ

Noyabrın 20-də “Nizami” Kino Mərkəzində jurnalist Arif Əliyevin müəllifi olduğu “Əsgərlər unudulanda ölürlər” sənədli filminin təqdimatı keçirilib. Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş filmdə 1920-ci ilin aprelində müstəqilliyimizin müdafiəsi uğrunda döyüşdə Yalama qarnizonunun göstərdiyi şücaətdən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama stansiyasında iki saat duruş gətirib və son nəfəslərinə qədər mövqelərindən çəkilməyiblər. “Aranfilm” Yaradıcılıq Mərkəzinin təqdim etdiyi film Azərbaycan Cümhuriyyət tarixinin ən şərəfli və qaranlıq səhifələrindən birinə işıq salır. Filmin çəkilişləri Yalama, Bakı, Tbilisi, Ankara və Moskvada aparılıb. Filmin ssenari müəllifi Arif Əliyev, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Rafiq Əliyevdir. Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib, mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunub.

Filmin müəllifi, jurnalist Arif Əliyev apardığı araşdırmalar, bu filmin ərsəyə gəlməsində üzləşdikləri problemlər barədə Turan İA-nə danışıb.

Xural.com müsahibəni oxuculara təqdim edir:

– Arif bəy, bir çoxlarının bilmədiyi faktı üzə çıxardınız. Arxasınca getdiniz, əvvəlcə kitab şəklində, daha sonra isə film şəklində ictimaiyyətə təqdim etdiniz. Yalama hadisələri haqda informasiya sizdə haradan idi? Yəni, bu ideya haradan yarandı?

– Kənddən, Goradildən şəhərə gedirdim. Radioda Şəmistan Nəzirlinin müsahibəsini verirdilər və o XI Qırmızı Ordunun Azərbaycana təcavüzündən danışanda Yalama qarnizonunun şücaətini xatırladı. Əvvəllər bu barədə eşitmişdim, nədənsə mənə çox inandırıcı görünməmişdi. Uşaqlıqdan bizə öyrədiblər ki, rus qoşunu Azərbaycanda ciddi müqavimətə rast gəlməyib, bir həmlə ilə Bakıya çatıb. Bunun əksini sübut edən faktlar əlimizə keçməyib. Amma indi elə bil məni kimsə silkələdi, alnıma tər gəldi. Maşını kənara çəkib saxladım. Bir “dava mahnısı” yadıma düşdü: “Yerdə qalmış iki yüz nəfərin gözləri göyə baxar; hamısının bir yerdə cəmi dörd min yaşı var”. Axı bizim 350 əsgərimizin də hamısının bir yerdə yeddicə min yaşı olub! Əgər deyilən həqiqətdirsə, o gənclərin, heç olmasa, təmiz adını özlərinə qaytarmaq lazımdır. Əslində, bu, onlardan çox bizə lazımdır. Özümə söz verdim ki, axıradək araşdıracağam.

 

– Yalamada sizin təbirinizcə desək, müstəqilliyin ömrünü 2 saat uzadan 350 gənc uyuyur. Burada söhbət bir dövlətin varlığı üçün vuruşan, canından keçən 350 gəncdən gedir. Siz bunu ictimailəşdirdikdən sonra araşdırmalarınızda sizə kimlərsə yardım etdimi? Yoxsa bütün işləri öz gücünüzə və öz hesabınıza gördünüz?

– Araşdırmalar ilyarım davam etdi. Yarım il də sənədli povestin yazılması çəkdi. Əlbəttə, işin əsas ağırlığını adam özü çəkir, amma, desəm ki, heç kim kömək etmirdi, ədalətsizlik olardı. Dostların köməyi olmasaydı, nə altı ölkənin arxivlərinə əlim yetər, nə də kitabı çap edə bilərdim. Kitabdan sonra maraqlanan çox idi. Mən povestlə bərabər pyes və sənədli film üçün ssenari də hazırlamışdım. Bir tərəfdən, Tahir Tahiroviç deyirdi ki, pulsuz da olsa sənədli film çəkməliyik. Vaqif Gərayzadə ilə Rövşən Almuradlı məni bədii filmə kökləyirdilər, hətta özləri qabağa düşüb danışıqlar aparırdılar. Az qalmışdı da alınsın. Ancaq sonda, nədənsə, təklifə böyük həvəs göstərənlərin fikri dəyişdi. Mənim özümün kimdənsə nəyəsə şəxsi qaydada yardım istəmək qabiliyyətim yoxdur. Bir dəfə xaricdəki bir dostumla söhbət zamanı nə ilə məşğul olduğumu soruşdu, danışdım. Dedi, dərk edə bilmirəm ki, hansısa xalqın tarixində belə bir fakt olsun, bu qədər gizli saxlanılsın, üzə çıxarılanda isə onu aləmə car çəkmək üçün bütün işlər görülməsin. İnanırsınız, kredit kartlarından birini də, kartın kodunu da verdi. Dedi, başlamağa bəs edər, amma dayanmayın. Biz də dayanmadıq. Yəni, fasilə verirdik, amma dayanmırdıq. Hər tərəfdə bir yol açılırdı. Gürcüstana səfərdə Qazaxda çəkilişlərdən istifadə edib öz işimizi də yola verdik, Ankaraya, Moskvaya biletlərimizi dostlar aldılar. Ankaraya bir günə gedib-gəldik. Moskvada azərbaycanlı iş adamları qarşılayıb yola saldılar, qonaq saxladılar, hər yerdə maşınla müşaiyət etdilər. Biz də işi elə qururduq ki, vaxt itməsin, obyektlərdə çəkilişləri Bakıdan razılaşdırmaga çalışırdıq.

– Məni maraqlandıran odur ki, hökumət, rəsmilər, məmurlar sizin bu məsələdə qətiyyətinizi nəzərə aldımı? Sizə bu məsələdə gördüyünüz işlərdə maddi və ya hər hansı təklif irəli sürüldümü?

– Yox, bizə heç bir təklif gəlmədi, amma deyim ki, qabağımızı kəsən də olmadı. Mən həmişə hökumətin mane olmamasını onun ən böyük köməyi kimi qiymətləndirmişəm. Belə şəraitdə vətəndaş cəmiyyəti nəyə qadir olduğunu göstərməlıdir. Hər halda, Xarici İşlər Nazirliyi, Azərbaycan Dəmir Yolları, Sərhəd Qoşunları, Türkiyə və Gürcüstandakı səfirliklərimiz obyektlərdə çəkiliş aparmağa, yaxud çəkilişlərə icazə almağa kömək etdilər. Mədəniyyət Nazirliyi filmə yayım vəsiqəsi verdi. Düzdür, prezentasiyanın təşkilində problem yaşandı, buna görə də məkan dəyişdiriləsi oldu, dəvətnamələr gecikdi, ancaq bu, bütövlükdə hökümətin işimizə münasibətindən yox, konkret bir hökumət rəsmisinin münasibətindən doğurdu. Nə isə bu səddi də aşdıq.

 

– Yalama hadisəsi və həmin 350 gəncin taleyi əslində böyük qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir ki, hətta bundan yaxşı mənada təbliğat kimi istifadə etmək olar. Hətta Hollivud səviyyəsində də film çəkdirmək olardı. Amma nədən bizdə belə hadisələrə biganə yanaşırlar və bu cür hadisələrdən istifadə etmirlər?

– Hə… Bax bu, başqa məsələ. Düz iki il bundan əvvəl mən “Yalama stansiyasının platformasında qatar gözləyən 350 ruha ithaf” yazmışdım. Yazmışdım ki, gənc müstəqillik mücahidlərimizin ruhları 96 ildir orada bir-birinə sığınıb sevgi və ehtiram qatarımızın yolunu gözləyir. Bir misal çəkmişdim. Texas ştatında San-Antonio şəhəri, onun yaxınlığında Alamo adlanan, ABŞ-ın azadlıq və müstəqillik simvollarından sayılan bir qala var. 1836-cı ilin martında burada Texasın müstəqilliyini müdafiə edən təxminən 260 nəfərlik dəstə ilə sayca onqat artıq Meksika qoşunu arasında döyüş olub. Bir saat davam edən döyüşdə qala müdafiəçilərindən yalnız üç nəfər sağ qalıb. Növbəti yüz ildə isə texaslılar həmin saatı saniyəbəsaniyə bərpa ediblər, qarnizonun bütün əsgərlərinin adlarını üzə çıxarıb, əbədiləşdiriblər. Burada memorial ucaldıblar. Alamo hekayəti dərsliklərə salınıb, onun haqqında sənədli və bədii əsərlər, filmlər yaradılıb, rəsmlər çəkilib, mahnılar bəstələnib, hətta döyüşün yüzilliyi şərəfinə sikkə də kəsilib. Ştatın 13 vilayətinə Alamonun müdafiəçilərinin adı verilib. Qalanın kilsəsi məbəd elan olunub, amerikalılar ştatın qonaqlarını mütləq bu yerə aparıb ulu babalarının şücaətindən ağızdolusu danışırlar, onlara qalanın açıqcalarını, şanlı tarixini əks etdirən suvenirlər bağışlayırlar. İyirmi il əvvəl mən də Alamoda bələdçinin danışdıqlarına qulaq asa-asa, ətrafıma yığışıb gözlərində parıltı onun hər sözünü udan məktəbli uşaqlara həsəd aparırdım. Bəs biz uşaqlarımızı öz Alamomuza – Yalamamıza aparmaq istəsək, onlara nə göstərəcəyik? Nəinki memorial, bir balaca heykəlcik, quruca lövhə də yoxdur. Həqiqətən döyüşün olduğunu, 19-20 yaşlı oğullarımızın 2 saat zirehli maşınların qabağına sinələri ilə sipər çəkdiklərini sübut edən bütün materiallar ortadadır. Daha nə lazımdır? Gedim mavzoleydə Lenindən arayış alım gətirim? Bilmirəm… Onu bilirəm ki, keçmişinə kor olan xalqın gələcəyi də qaranlıqdır.

 

– Maraqlıdır, bu kitab, bu film ərsəyə gəldikdən sonra ictimaiyyətin, hökumətin, eləcə də beynəlxalq nümayəndəliklərin reaksiyası necə oldu? Yəqin sizə gəlib çatır.

-“Bəh-bəh”dən, ağız marçıltısından qulaq tutulur. Ortada isə real heç nə yoxdur. Beynəlxalq təşkilatlarla işimiz olmasın. Onlar müşahidə edirlər, deyirlər, hələ görək, bunlar özləri nə yapırlar? Çünki bu, bizim “daxili”, milli şərəf məsələmizdir.

– Kitab, ardınca film. İndi növbəti addım nə olacaq? Bu araşdırmaları davam etdirəcəksiniz? Davam etdirəcəksinizsə sizin bundan sonra nəyə ehtiyacınız var?

– Konkret bu mövzu ilə bağlı sənədli filmin dublyajına və xaricə çıxarılmasına ehtiyac var. Onun öhdəsindən gələrik. Amma proqramda daha iki məsələ qalır: bədii filmin çəkilməsi və Yalama igidlərinə heykəl qoyulması. Heykəl ucaltmağı hələ rəhmətlik akademik, müharibə qəhrəmanı Ziya Bünyadov təklif etmişdı. Artıq bu işləri dövlətin dəstəyi olmadan görmək mümkün deyil. Başqa planlara gəldikdə isə “Sənət əbədidir, ömür ötəri” adlı yeni sənədli povesti çapa hazırlayıram. Yaxın günlərdə ayna.az-da dərc etməyə başlayacağıq. Onu Adil İsğəndərovun Rövşən Almuradlıya danışdığı xatirələr əsasında yazmışam, 1937-1938-ci illərin hadisələrinə həsr olunub. İsmayıl Şıxlı haqqında “Əsrin fonunda kişi portreri” sənədli povesti üzərində işləyirəm. Hələ Vaqif Gərayzadə də boynuma bir ağır öhdəlik qoyub. Ağır olduğu kimi məsuliyyətlidir. Az qala “Yalama” povesti qədər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button