Arif Alışanova görə həbs olunan şəxslərin cəzası azaldılıb

Təqsirləndirilən şəxslər qərardan narazıdır

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədri Arif Alışanovun torpaqlarını ələ keçirmək məqsədilə onu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin cəzası azaldılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalaraq, apellyasiya şikayəti vermiş həmin şəxslərin işi üzrə məhkəmə başa çatıb. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarıyla onların cəzası azaldılıb. Qərara əsasən, Şücayət Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib.

Lakin onlar bu qərardan da narazı qalıblar. Məhkəmədə də onların vəkilləri müvəkkillərinin günahsız olduğunu bildirərək, bəraət hökmü çıxarılmasını istəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərova 18, Qoçalı Cəbiyevə 17, Zöhrab Şirinova 16, Aqşin Hüseynova isə 1 il 4 ay həbs cəzası verilmişdi. Aqşin Hüseynovun həbsdə saxlanma müddəti başa çatdığına görə məhkəmə zalından azadlığa buraxılıb.

Üç nəfər Alışanov və yaxınlarına qarşı sui-qəsddə ittiham olunsa da, Aqşin Hüseynov isə ancaq qanunsuz silah saxlamaqda təqsirləndirilirdi.

İttihama görə, Şücayət Əkbərov Alışanovun əmlakını ələ keçirmək məqsədilə Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdan ibarət dəstə yaradıb. Ş.Əkbərov bunun müqabilində qətlin müqabilində Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Prosesin gedişində M.Namazov bu barədə polisə xəbər verib. Bundan sonra əməliyyat keçirilib və digər dörd nəfər həbs olunub.

M.Namazov özü isə məsuliyyətdən azad edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button