Arif Hacılı həbsdə olsa başqan ola biləcəkmi?

Arzu Səmədbəyli: «Osman bəy vaxtilə parlamentdə dövlət müstəqilliyimizin bərpası haqqında qərara səs vermiş Arif Hacılının həbsinə diqqəti yönəldə bilib»

 Qubad İbadoğlu: «Şəxsən mən də özümü bu müzakirəyə hazır hesab etmirəm»

 “Media forum” saytı Müsavat Divanının üzvü, vəkil Osman Kazımovun partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını Müsavat başqanı postuna namizəd irəli sürməsinə başqanlığa namizədliyi ehtimal edilən müsavatçılardan Arzu Səmədbəyli ilə Qubad İbadoğlunun münasibətini öyrənib. Onlar «Qurultay günü Arif Hacılı hələ həbsdə olarsa, siz öz namizədliyinizi irəli sürəcəksinizmi» sualını cavablandırıblar.

Arif Hacılı müxalifətin aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasında tutulub, barəsində həbs qətimkan tədbiri seçilib, hazırda məhkəməsi gedir.

Qeyd edək ki, Sentyabrın 26-da Səbail Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən bir neçəsinə, o cümlədən Arif Hacılıya 3 il həbs cəzası verilməsini təklif edib. Bu vaxt vəkil ittihamı siyasi sifarişli, saxta və əsassız adlandıran vəkil Osman Kazımov Müsavat Partiyası Divanının üzvü olduğunu xatırladaraq məhkəmə zalından müsavatçılara müraciət edib: “Buradan bütün müsavatçılara müraciət edirəm. Hakimiyyət Arif Hacılını Müsavatın qurultayına görə həbs edib. Hakimiyyət Arif Hacılının Müsavat başqanı olmasını istəmir, bunun qarşısını almağa çalışır. Mən Müsavat başqanlığına Arif Hacılının namizədliyini irəli sürürəm və bütün müsavatçıları Arif bəyi dəstəkləməyə çağırıram”.

Müsavat Partiyasının növbəti qurultayı 2011-ci ildə keçirilməli, partiyaya yeni başqan seçilməlidir. 

Müsavat Məclisinin sədri Arzu Səmədbəyli deyib: «Bu məhkəmə sifarişli məhkəmə olduğuna görə vəkilin məhkəmədə bu cür siyasi fikir səsləndirməsini yüksək qiymətləndirirəm və mənə elə gəlir ki, Osman bəy vaxtilə parlamentdə dövlət müstəqilliyimizin bərpası haqqında qərara səs vermiş Arif Hacılının həbsinə diqqəti yönəldə bilib».

Arzu Səmədbəyli başqanlığa namizəd olub-olmayacağı barədə dəqiq fikir söyləməyib: «Bu, qurultayın vaxtı və yeri məlum olandan sonra gündəmə gələcək məsələdir. Müsavatın başqanını qurultay seçəcək”.

Müsavat Divanının üzvü Qubad İbadoğlu müsavatçıların haqsız həbsinin qurultay hazırlıqlarına mənfi təsir göstərdiyini bildirib: «Partiyada da belə fikirlər var ki, bu həbslər partiyanın qurultayına mane olmağa hesablanıb». Qubad İbadoğlu partiya nizamnaməsinin istənilən müsavatçıya başqanlığa namizəd olmaq imkanı yaratdığını, Arif Hacılının da bundan yararlana biləcəyini, onun xidmətlərinin buna ciddi əsas verdiyini deyib: «Osman Kazımovun bu barədə fikirlərini müəyyən dərəcədə əsaslı hesab edirəm. Hələlik bu məsələ partiyanın gündəmində deyil. Şəxsən mən də özümü bu müzakirəyə hazır hesab etmirəm».

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button