Arif Hacılı həbsxanadan məktub yazdı

“Bizə etimadınıza görə heç vaxt məyus olmayacaqsınız”

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, vicdan məhbusu Kürdaxanı həbsxanasından məktub göndərib. A.Hacılı istintaq və məhkəmə zamanı vicdan məhbuslarına dəstək olan şəxslərə təşəkkürünü bildirib. Redaksiyamıza daxil olan məktubda deyilir. 

“Hörmətli xanımlar və bəylər!
Qondarma ittihamlarla həbsdə saxlandığımız bu müddət ərzində bizə göstərdiyiniz daimi dəstəyə görə məmnunluq duyduq.
İctimai Palatanın, Müsavat, AXCP, AMİP, KXCP, ADP, Ümid və digər partiyaların fəaliyyəti ilə siyasi işimizin davam etməsi bizə təskinlik verdi. Bir sıra beynəlxalq və yerli qurumlar, o cümlədən “Beynəlxalq Amnistiya”, “Human Rights Watch”, “Fredoom House” təşkilatları, Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsi, Azərbaycan Kültür Dərnəyi, Krım Tatar Məclisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və digər hüquq müdafiə təşkilatları, “Yeni Müsavat”, “Azadlıq”, “Demokrat”, “Gündəm xəbər”, “Xural” qəzetləri, “Azadlıq” radiosu, “Mediaforum”, “Turan”, “Qafqazinfo” informasiya agentlikləri və digər media qurumları haqq səsimizin həbsxana və məhkəmə divarları arxasından Azərbaycana və bütün dünyaya yayılmasını təşkil etdi.
Tam əminliklə deyirəm ki, istiqlalçı deputatların – Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Vaqif Bayatlı, Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Rafiq Əliyev, Eldar Namazov və başqa ziyalılarımızın, indiki bəzi parlament üzvlərinin, ayrı-ayrı gənclər təşkilatlarının bizi müdafiə etməsi həbsxana həyatımızı xeyli yüngülləşdirdi.
Məhkəmənin haqqımızda ədalətsiz hökmündən dərhal sonra gənc ziyalılarımız, heç şübhəsiz ki, gələcək milli elitamızın nümayəndələri olan istedadlı yazarlar Əli Əkbər, Elnur Astanbəyli, Seymur Baycan və istedadlı bəstəkar Elmir Mirzoyevin Müsavat Partiyasına daxil olması məni xüsusilə təsirləndirdi. Tezliklə azadlığa çıxacağımıza və haqq işimizin tezliklə qalib gələcəyinə ümidimizi bir az da artırdı.
Öz adımdan və  2 aprel məhbusları adından vəkillərimiz, ailə üzvlərimiz və yaxınlarımız da daxil olmaqla bizə dəstək verən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bizə etimadınıza görə heç vaxt məyus olmayacaqsınız.

Arif Hacılı,
Kürdəxanı həbsxanası, 5 oktyabr, 2011-ci il”.

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button