Arif Hacılı Müsavat başqanlığına namizəd oldu

Məhkəmə binası önündə “İlham istefa!” şüarları səsləndirildi

 Dünən Səbail Rayon Məhkəməsində Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidlinin işi üzrə məhkəmə prosesi davam etdirildi.

 Prokuror vicdan məhbuslarına ağır cəza istədi

 Hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ceyhun Kazımov mühakimə olunanlara cəza istədi. Dövlət ittihamçısı A.Hacılının, M.Məcidlinin, T.Abbaslının 3 il, F.Qəhrəmanlının isə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini istədi. Dövlət ittihamçısı polis nəzarəti altında olan F.Qəhrəmanlının barəsində olan qəti imkan tədbirinin dəyişdirilməsini və onun da məhkəmə zalından həbsə alınmasını hakimdən xahiş etdi.

 “Vicdan məhbusunun siyahısı 20-ni keçəcək”

 Daha sonra müdafiə nitqi ilə A.Hacılının vəkili Osman Kazımov çıxış etdi. Bir neçə il əvvəl “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin vəkili olduğunu xatırladan O.Kazımov bildirdi ki, baş redaktor oğurluq və narkotik vasitələrin qanunsuz qəbulu ilə məşğul olduğuna görə axtarışda olan Sevgiladə Quliyevanın üzə durması nəticəsində məhkum edilmişdi: “Eyni ittiham bu məhkəmədə də təkrarlanır. İş üzrə üzə duranların kimlər olduğuna diqqət yetirəndə hər şey aydın olur. Cinayət işi üzrə üzə duranlardan biri İsa Məhərrəmov MTN–nin ordusunda xidmət edib, sonradan isə oğurluq ittihamına görə məhkum edilib. Bütün bunların hamısı biabırçı hallardır. Oğurluq, digər ağır cinayət törətmiş və məhkum olunmuş şəxslərdən istifadə etməklə azadlıq uğrunda mübarizə aparan şəxsləri həbs etməyə nail olurlar”.

A.Hacılının günahsız olduğunu deyən vəkil Müsavat Partiyasının sıravi üzvü olaraq qarşıdan gələn partiyanın qurultayında A.Hacılının başqanlığa namizədliyini irəli sürdüyünü açıqladı.

A.Hacılının digər vəkili Əsabəli Mustafayev bildirdi ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı mühakimə olunanların əməlləri sübuta yetirilmədi. İstintaq orqanının kifayət qədər faktlar ortaya qoya bilmədiyini xatırladan vəkil bildirdi ki, məhkəmədə ifadə verən polislər icazəsiz aksiyanın keçirilməsindən danışıblar: “Lakin burada mühakimə olunanlar icazəsiz aksiyanın keçirilməsinə görə yox, asayişin pozulmasına görə mühakimə edilirlər. Lakin nə şahidlər, nə də ki prokuror çıxışında bu fakta istinad etmədi. Çünki icazəsiz aksiya anlayışı yoxdur. Burada mühakimə olunanlar dinc aksiya keçirmək istəyib. Azərbaycan ATƏT-in üzvüdür, bu qurumda sərbəst toplaşmaq haqqında bir neçə bənddən ibarət qanun var. Həmin qanunun bəndlərindən birində sərbəst toplaşmaq haqqında pirizumsiyası var. Dövlətdə həmin qanunun tələblərinə uyğun əməl etməlidir. Sərbəst toplaşmaq hüququnun qarşısının alınmasına qanun yol vermir. Biz tələb etdik ki, Bakı şəhər İcra hakimiyyətinin, Bakı şəhər baş Polis İdarəsinin rəhbər şəxsləri məhkəmədə dindirilsinlər, onlar aksiyanın keçirilməsinə mane olmalarının səbəblərini izah etsinlər. Lakin məhkəmə bunu müzakirə etməkdən yayındı”.

Vəkil daha sonra bildirdi ki, Bakı İcra Hakimiyyəti aksiyanın keçirilməsi üçün yeri 20-ci sahəni göstərməklə orada mitinqin keçirilməsi üçün yararsız olmasını nəzərə almayıb. Belə olan halda da sonda zorakılıqla nəticələnməni qeyd edən A.Mustafayev bildirdi ki, şəhərin mərkəzində aksiyanın keçirilməsindən bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri təxribatların ola biləcəyi ilə bağlı bəyanatlar səsləndiriblər. Onun sözlərinə görə, bundan da istifadə edən təxribatçı qruplar aksiya keçirilən gün öz işlərini görməyə başlayıblar. 2 aprel mitinqinin olmasından bir gün əvvəl DİN-in rəhbər şəxsləri icazəsiz aksiyanın keçirilməsinə, kütləvi ixtişaların qarşısının alınmasına yol verilməyəcəyi barədə bəyanatlar veriblər: “Məhkəməyə həmin mitinqin keçirilməsi üçün nəzərdə tutulan bəyanatı təqdim etdim. Prokuror həmin bəyanata təhrif olunmuş formada istinad etdi. Lakin həmin bəyanatı cinayət işinə əlavə etməkdə məqsədim mitinqin dinc şəkildə keçirilməsindən söhbət getdiyini göstərməkdi. Hətta həmin bəyanatda təxribatlara uymamaq barədə çağırışlar da olub”.

Vəkil onu da qeyd etdi ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin cinayət törətmələri sübuta yetirən fakt ortaya qoya bilməyib. Vəkilin sözlərinə görə, A.Hacılı ittiham aktında iki epizodda ittiham edilir: “Arif Hacılı aksiyanın həm təşkilatçısı, həm də fəal üzvü kimi təqdim edilir. Lakin bununla bağlı ittiham tərəfi ortaya sübut qoya bilməyib. İctimai Palatada mitinqin keçirilməsi üçün fərdi qaydada qərar verilmir. Bu yalnız qurumun ümumi qərarı ilə həyata keçirilir”.

Vəkil onu da bildirdi ki, aprelin 2-də cinayət törədilib, obyektlərin şüşəsi sındırılıb: “Bəli, burada cinayət törədilib, lakin cinayətin kimin tərəfindən törədilməsi müəyyən edilməyib. Mətbuatda aksiya zamanı cinayət törədənlərin şəkilləri, adları qeyd edilsə də, prokurorluq həmin faktları araşdırmaqda maraqlı olmayıb. Mətbuatda gedən faktları araşdırmaq prokurorluq üçün əsas olmalıdır, lakin nədənsə prokurorluq buna əsas görməyib. Təxribatçı qruplarla bağlı prokurorluqda araşdırma aparılsa da, həmin araşdırmaların nəticəsi məlum deyil. Biz məhkəmədən həmin istintaqın nəticəsi barədə məlumat verilməsini tələb etsək də, bizim vəsatətlərimizi məhkəmə qəbul etmədi”.

“Amnesty İnternational”ın A.Hacılının və T.Abbaslının vicdan məhbusu etməsi barədə məsələyə toxunan vəkil bildirdi ki, həmin qurum vicdan məhbuslarını nadir hallarda elan edir. Onun sözlərinə görə, belə getsə yaxın vaxtlarda “Amnesty İnternational”ın Azərbaycanla bağlı vicdan məhbusunun siyahısı 20-ni keçəcək. Dövlət ittihamçısının çıxışında tutarlı sübutlar ortaya qoymadığını deyən vəkil bildirdi ki, A.Hacılının barəsində bəraət verilməsini istədi.

 “Hər birimiz Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı, Məhəmməd Məcidli olacağıq”

 Daha sonra F.Qəhrəmanlının vəkili Rəfael Əliyev çıxış etdi. F.Qəhrəmanlının yolunun müstəqilliyin qurulması üçün meydandan başladığını deyən vəkil qeyd etdi ki, Azərbaycanda mitinq mədəniyyəti daha əvvəlki illərdən qurulub, mitinq mədəniyyəti formalaşıb. Vəkil çıxışında F.Qəhrəmanlının barəsində bəraət hökmünün çıxarılmasını istədi. T.Abbaslının vəkili Yavər Hüseyn bildirdi ki, bu cinayət işinin siyasi sifariş olduğu məhkəmə araşdırması zamanı daha aydın göründü. Onun sözlərinə görə, Müstəqillik aktına imza edən A.Hacılını, bu xalqın qəhrəman övladları F.Qəhrəmanlını, T.Abbaslını, M.Məcidlini tutmaqla cəmiyyətdə qorxu xofu yaratmağa çalışıblar: “Bu gün bu şəxsləri tutmaqla heç nəyə nail olmayacaqlar. Bu gün Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı, Məhəmməd Məcidlini tutmaqla nəyinsə qarşısını almaq olmayacaq. Çünki bizim hər birimiz Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı, Məhəmməd Məcidli olacağıq. Bu üsulla prosesin qarşısını almaq olmayacaq”.

Vəkil daha sonra bildirdi ki, aksiyadan əvvəl AXCP sərdi Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərin həbs edilməsi planlaşdırılıb. Onun sözlərinə görə, Bakı şəhər prokuroru Əziz Seyidov bu iki partiyanın sədrinə xəbərdarlıq məktubundan da görünür ki, artıq aprelin 2-də cinayət baş verib: “Həmin xəbərdarlıq iltizamına imza etdirməyə çalışblar ki, Əli Kərimli və İsa Qənbəri həbs etsinlər. Lakin partiya rəhbərləri həmin iltizama imza etməməklə onların planlarını alt-üst ediblər. Bu planlarının baş tutmadığı halda partiyanın rəhbərliyinə yaxın olan şəxsləri tutublar”.

Y.Hüseyn çıxışında onu da bildirdi ki, T.Abbaslı Müsavat Partiyasının gənclər komitəsinin sədri və partiyanın divan üzvü olduğu üçün həbs edilib. Y.Hüseyn müdafiə etdiyi şəxsin günahsız olduğunu deməklə, onun barəsində bəraət hökmünün çıxarılmasını istədi. Məhkəmə sentyabrın 28-də davam etdiriləcək.

 Məhkəmə binası önündə aksiya

 Məhkəmə başa çatdıqdan sonra müxalifət fəalları aksiya keçirib. Aksiya iştirakçılar məhkəmə binası önündən şəhərin mərkəzinə doğru yürüş edərək “İlham istefa” və “istefa” şüarları səsləndiriblər. Polis və mülki geyimli şəxslərin aksiyanın qarşısını almaq cəhdləri baş tutmayıb.

 Əfqan Muxtarlı

 

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button