Arif Hacılının həbsinə etiraz edən yazıçılar Müsavata üzv oldular

Elnur Astanbəyli: “Hər kəs cəbhəsini müəyyənləşdirməlidir”

 Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, istiqlalçı deputat Arif Hacılının 2 il altı ay müddətinə həbs edilməsi ziyalılar tərəfindən qəzəblə qarşılanıb. Məhkəmə hökmündən dərhal sonra ölkənin tanınmış yazıçıları Elnur Astanbəyli, Seymur Baycan, Əli Əkbər və bəstəkar Elmir Mirzəyev Müsavat Partiyasına üzv olduqlarını bəyan ediblər.

Yazıçı Əli Əkbər dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümündə, Müsavat Partiyasının yaranmasının 100 iliyində Azərbaycanın istiqlalına səs vermiş Arif Hacılının həbsinə etiraz olaraq Müsavat Partiyasına üzv olduqlarını bildirdi: “Hesab edirəm ki, hakimiyyət ciddi səhvə yol verib. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, müstəqilliyimizə səs vermiş Arif Hacılının həbsi bizi qəti addım atmağa vadar etdi. Hesab edirəm ki, özünə hörmət edən, vətəndaş mövqeyi olan hər bir kəs son seçimini etməlidir”.

Yazıçı Elnur Astanbəyli A.Hacılının məhkum edilməsini çirkin hökm adlandırdı: “Azərbaycanda növbəti siyasi və ictimai əxlaqsızlıq hadisəsi baş verib. Hakimiyyət ölkənin daha dörd vətənpərvər insanından üçünü dəmir barmaqlıqlar ardına göndərib.

Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünü qeyd edəcəyimiz bir zamanda  müstəqilliyin lehinə səs vermiş Arif Hacılının barəsində azadlıqdan məhrumetmə cəzasının çıxarılması məhkəmənin çirkin hökmünün ən çirkin hissəsidir. Bir neçə gün əvvəl isə keçmiş deputat, Azərbaycanın müstəqilliyi əleyhinə səs verən Yaşar Əliyev “Şöhrət” ordeni ilə mükafatlandırılmışdı. Bütün bu halları nəzərə alanda ortada ciddi bir siyasi və ictimai əxlaqsızlığın olduğu aydın görünür.

Biz də  bir qrup yazar olaraq bu əxlaqsızlığa etiraz əlaməti kimi Müsavat Partiyasının sıralarına keçmək qərarı verdik. Eyni zamanda cəmiyyətə bir çağırışdır ki, artıq hər kəs cəbhəsini müəyyənləşdirməlidir”.

Yazıcı Seymur Baycan ilk dəfə bu təcrübədən 2003-cü ilin prezident seçkilərindən sonra istifadə edildiyini bildirdi: “2003-cü ilin prezident seçkilərindən sonrakı repressiya dövründə tanınmış insanlar Müsavat Partiyasına üzv oldular. Bu addım cəmiyyətdə ruh yüksəkliyi yaratdı. Biz də öz növbəmizdə Arif Hacılıya bu yolla öz dəstəyimizi veririk”.

Ə.Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button