Arif Qaraşovla Hacı Madər üz-üzə!..

«ACpetrol» Aydın Cəfrovun – Arif Qaraşovun qudasının imiş…

Bir neçə gün əvvəl «ACpetrol» yanacaqdoldurma məntəqəsində dəhşətli qətlin törədildiyi haqqında məlumat yayıldı. Məlumatda bildirilirdi ki, aprelin 27-nə keçən gecə, saat 02.00 radələrində Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyində yerləşən «ACpetrol» yanacaqdoldurma məntəqəsində Şərur rayon, Dəmirçi kənd sakini, 1977-ci il təvəllüdlü Əsədov Malik İmamverdi oğlu bıçaqlanaraq öldürülüb. Onun qardaşı Ədalət Əsədov isə ağır yaralanıb. Abşeron Rayon Polis İdarəsinin məlumatına görə, qətldə şübhəli bilinən «ACpetrol»un rəhbəri Rəşad Həsənov saxlanılıb. Digər şübhəli şəxslərin də olması ehtimal olunur.

Qətlin motivi haqqında müxtəlif ehtimalların yer aldığı məlumatda bildirilir ki, yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi ilə rəqabət əsas səbəblərdən biridir. Digər bir səbəb kimi isə pul borcunun olduğu göstərilir.

XuralTAC-ı bilgiləndirən mənbə, hadisənin səbəbkarının Səbail Rayon DYP rəisi Zaur Cəfərov olduğunu bildirir. Sən demə, yanacaqdoldurma məntəqəsinin əsl sahibi Zaur Cəfərov imiş və qeyd olunan davada da birbaşa onun özü iştirak edirmiş. Davanın, daha doğrusu, «razborka»nın Zaur Həsənovun qarşıda yerləşən yanacaqdoldurma məntəqəsinə 50 min manatlıq borcundan yarandığını bildirən mənbə, hər tərəfdən 15 nəfərin iştirak etdiyi davada hər tərəfdən 1 nəfərin öldüyünü bildirir. Adam öləndən sonra Zaur aradan çıxıb.

Zaur Həsənovun haqqında apardığımız qısa araşdırma ortaya bəzi faktları çıxardı. Mətbuatın yanlışlıqla «ASpetrol» kimi verdiyi yanacaqdoldurma məntəqəsinin adının əslində «ACpetrol» olduğunu bildirən mənbə, bunun açmasının «Aydın Cəfərov» olduğunu dedi. Aydın Cəfərov isə Səbail Rayon DYP-nin rəisi Zaur Həsənovun atası, keçmiş Əmlak Komitəsinin sədri Arif Qaraşovun isə qudasıdır. Deməli, belə çıxır ki, həm də Zaur Həsənov Arif Qaraşovun kürəkənidir.

İndi aləm dəyib bir-birinə. İşlərin bu qədər dolaşıq zamanında Arif Qaraşovun da başı dərdə girib. Çünki küləyin bir tərəfi də onu vurur və bu səbəblə Arif Qaraşovun hadisəni gizlətmək tapşırığı verdiyi bildirilir. Keçmiş komitə sədri hakimyyətdəki əlaqələrindən istifadə edərək kürəkənini qorumaq istəyir və bunun üçün əlindən gələni edir.

Yazını çapa hazırlayarkən, bir neçə maraqlı məqamlarla bağlı məlumatlar da əldə etdik. Məlumatlarda deyilir ki, Zaur Həsənovun iştirak etdiyi davada onun tərəfindən bir nəfər təcridxana rəisinin müavini də iştirak edib. Qarşı tərəfin isə Hacı Madərin adamı olduğu haqqında xəbər dövriyyəyə buraxılıb.

Beləliklə, keçmiş komitə sədri Arif Qaraşov Binəqədinin qeyri-rəsmi sahibi Hacı Madərlə üz-üzə gəlir və gələn saylarımızda bu hadisənin və toqquşmanın təfərrüatlarına ulaşmağa çalışacağıq.

Mövzu diqqətimizdədir.

XuralTAC

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button