“Artıq qadınlarımız dözə bilmirlər” – Şəhla İsmayıl

Son günlər Azərbaycan gündəmində məişət zorakılığı, orta məktəblərdə cinsi tərbiyə dərsliyinin tədris edilməsinə münasibət fərqliliyi kimi mövzular yer tutur.
Gündəm mövzuları ilə yanaşı aktuallığını qoruyan vacib məsələlər də var ki, Toplum Tv bu mövzularla bağlı  “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla müsahibə edib.
–  Şəhla xanım, son günlərdə aktual problemlərdən biri də qadına şiddət məsələsidir. Ümumiyyətlə, məişət zorakılığının qarşısını almaq üçün hansı tədbirləri görmək olar?
– Təəssüf ki, Azərbaycanda artıq bir neçə ildir ki, qadına şiddət  məsələsi aktuallığını saxlayır. Ancaq bu, o demək deyil ki, bu problem əvvəllər  olmayıb. Bütün dövrlərdə və bütün cəmiyyətlərdə  bu problem olub. Sadəcə, Azərbaycanda  son illərdə bu məsələnin qabarıq şəkildə  görünməsi onu göstərir ki, qadınlar  artıq bu problemi ictimailəşdirmək istəyirlər.
İlk öncə, bu vəziyyətin baş verməməsi üçün qadınlar preventiv tədbirlər görməlidir.  Müəyyən danışıq bacarıqlarını, yəni insanlarla ünsiyyət qurma prosesindən əlavə  münaqişələri həll etmək bacarıqlarını inkişaf etdirməlidirlər.Çünki istənilən təcrübədə göstərilir ki, şiddət məhz daha çox məişət səviyyəsində olan fikir ayrılıqlarından irəli gəlir. Bəzən isə münaqişələrin danışıq yolu ilə həll edilməsi mümkün olduğu təqdirdə  şiddətə əl atılır. Əksər zamanlar biz keyslərdən də görürük ki, çox bəsit məişət məsələləri üzərində kiçik münaqişələr böyük münaqişələrə çevrilir.   Zamanla da böyük münaqişələr hansısa mərhələdə  şiddətə keçir.  Nə qədər də bəsit səslənsə də bu münaqişələrin qarşısını almaq üçün ünsiyyət qurma bacarıqlarını artırmaq lazımdır. Təbii ki, bunu yalnız qadınlar deyil kişilər də etməlidir.
– Bir qadın şiddətə məruz qalarsa edəcəyi ilk iş nə olmalıdır?
– Qadın şiddətə məruz qaldıqda, edəcəyi ilk iş artıq qadının seçimidir. Bu vəziyyətə müxtəlif reaksiyalar göstərilə bilər. Bu, həm də şiddətin dərəcəsindən, səbəbindən asılıdır. Təcrübələr göstərir ki, əgər belə hallar ilk dəfə baş verərsə, qadınlar bu məsələni ictimailəşdirmirlər. Hətta öz valideynlərindən belə gizli saxlayırlar. Həmin ərəfələrdə qadınlar çalışırlar ki, məsələni  ailə daxilində həll etsinlər. Əgər problem ailə daxilində həll oluna bilmirsə və  bu hal təkrarlanma tendensiyasını alırsa, o zaman qadın bu məsələyə qarşı hərəkətə keçməlidir. Bununla bağlı müvafiq orqanlara xəbər edə bilər. Başqa variant isə məsləhətxanalara müraciət edə bilərlər. Ümumiyyətlə, qadın belə bir vəziyyətdə 3 vacib qərardan birini ala bilər:
1) Qadın dözə bilər;
2) Şikayət edə bilər;
3) Boşana bilər.
Dördüncü addım da var ki, bu, müvəqqəti addım sayılır. Hansı ki bu addımda qadın öz ailəsinin yanına gedib, müvəqqəti mühafizə oluna bilər. Ancaq çox təəssüf ki, bəzən də qadınlar çıxış yolunu özünə sui-qəsd etməkdə görürlər.
 Bu gün bizim müşahidə etdiyimiz mənzərədən belə bir qərara gəlmək olar ki, artıq qadınlarımız çıxış yolunu dözmək seçimində görmürlər. Daha çox bu problemi bölüşürlər, ifadə edə bilirlər, şikayət və ifşa edə bilirlər.
“Bu qərarın hökumət tərəfindən verilməməsi məişət zorakılığının mövcudluğunun təsdiqini tapmaması kimi düşünülə bilər”
–  Hazırda ölkədəki qadın sığınacaqlarının vəziyyəti nə yerdədir? Razı qaldığınız sığınacaq yerləri varmı?
 – Təəssüf ki, ölkədəki qadın sığınacaqlarının vəziyyəti qənaətbəxş deyil. Belə sığınacaqların həm sayı azdır, həm də şəraiti arzu olunan vəziyyətdə deyil. Çünki sığınacaqların maddi cəhətdən böyük məhdudiyyətləri var. Bu cür sığınacaqlar şəxsi resurslar hesabına ərsəyə gələn bir dəstəkdir. Hesab edirəm ki, qadın sığınacaqları mütləq və sayı çox olmalıdır. Eyni zamanda keyfiyyətli olmalıdır. Bu məsələylə bağlı mütləq şəkildə hökumət qərar verməlidir. Çox təəssüf ki, bu günədək qadın sığınacaqlarının açılması ilə bağlı bilavasitə qərar verilməyib. Düşünürəm ki, indiyə qədər bu qərarın verilməməsi məişət zorakılığının mövcudluğunun təsdiqini tapmaması kimi verilə bilər. Halbuki bu problem artıq kəskin vəziyyəti alıb. Qadınlara ilkin yardımları göstərmək üçün istər tibbi, istər sosial, istərsə də hüquqi yardımı göstərə bilmək üçün qadın sığınacaqları mütləq yaradılmalıdır.
Razı qaldığım sığınacaqlar məsələsinə gəldikdə isə hazırda ölkədə 3 qadın sığınacaq yeri var. Hesab edirəm ki, hər 3 sığınacaq yerinin mövcud resurslarla göstərdiyi xidmət təqdirəlayiqdir.
“Bununla da Azərbaycan dəyərlərinə mütərəqqi sistem daxil etmiş olarıq”
– Azərbaycanlıların övladlarını tərbiyələndirmə üsullarına münasibətiniz necədir?
– Azərbaycanlıların tərbiyələndirmə sistemi daha çox aqressiv metodlardan istifadə etməkdən ibarətdir.  Bu, uşağa nəzarətin çox olması, qadağa və məhdudiyyətlərin olması üzərinə söykənən bir sistemdir. Bu aqressiv metodlara döymək, qışqırmaq kimi üsullar aid edilir. Düşünürəm ki, bu sistem çox ciddi qüsurları olan bir sistemdir. Düzdür, bu, mübahisəli məsələ hesab edilə bilər. Bəzi ailələr var ki, ənənəvi üsullardan istifadə etməyi faydalı hesab edir. Ancaq inkişaf etmiş ölkələrə nəzər salsaq, daha mütərəqqi tərbiyələndirmə sistemini görə bilərik. Bu sistem daha çox sərbəstliyin verilməsi, daha çox izahatın üzərinə qurulan bir sistemdir. Yəni hər hansı bir qadağanın arxasında mütləq  izahatlar, müzakirələr, iki tərəfli danışıqlar dayanır. Ümumiyyətlə,  Azərbaycanda uşağa istənilən yaşında bir şəxsiyyət kimi davranmaq, onun arzu və istəklərini bilmək, ona yetərincə zaman ayırmaq kimi vacib məsələlərə keçid olarsa, nəyinki şiddət, bir çox çətinliklərin qarşısı alınmış olar. Bununla da Azərbaycanın dəyərlərinə mütərəqqi tərbiyələndirmə sistemini daxil etmiş olarıq.
Bu gün ölkədə maarifləndirməyə çox böyük ehtiyac var. Maarifləndirmə təkcə valideynlərə deyil, müəllimlərə də şamil olunmalıdır. Əgər müəllim də dar və dayaz düşüncəlidirsə, bu da faciənin bir başlanğıcıdır.
– Orta məktəblərdə cinsi tərbiyə dərsliyinin  tədris olunması planlaşdırılır. Bəs sizcə bu dərsliyin tədris edilməsinə ehtiyac varmı?
 – Yeni dərsliyin hazırlanması və tədris olunmasının planlaşdırılması təqdirəlayiq bir haldır. Ümid edirəm ki, bu fənnə peşəkar şəkildə yanaşılacaq. Həm bu fənnə ehtiyac böyükdür, həm də dünya praktikasında özünü təsdiqləmiş metodikalardan biri kimi hesab olunur. Bəlkə də ilk baxışdan Cinsi tərbiyə fənninin olması ənənəvi adət-ənənələrə uyğun olmaması kimi dəyərləndirilə bilər. Hesab edirəm ki, bu fənn heç bir şəkildə məktəblərdəki mövcud müəllimlər tərəfindən tədris olunmamalıdır. Cinsi tərbiyə dərsinin tədrisi üçün xüsusi  müəllimlər yetişdirilməlidir. Düşünürəm ki, bu dərslik təkcə kitablarla deyil, həm də video materiallar vasitəsilə də tədris olunması məqsədə uyğun olardı. Çünki kiçik video roliklər məsələləri vizuallaşdırma baxımından faydalıdır. Məncə yalnız cinsi tərbiyə fənni  olmamalıdır. Bu fənnlə yanaşı ailədaxili münasibətləri, gender mövzusunu da daxil edilməlidir. Belə olan halda zamanla biz artıq bir çox fəsadları görməyəcəyik.
– Sizə görə, Azərbaycan qadınlarının və kişilərinin ən böyük problemi nədir?
– Ümumiyyətlə, Azərbaycan vətəndaşının ən böyük problemi sosial-iqtisadi yükünün çox yüksək olmasıdır. İnsanların sosial-iqtisadi durumları o qədər aşağı durumdadır ki, insanlar bu səviyyəni yüksəldə bilmək üçün bəzən böyük əziyyətlərə qatlaşmalı olurlar. Beləliklə, insanlar inkişaf üçün lazım olan məsələləri- dünya görüşünü artıran, bilik və bacarıqları artıran, özünə zaman ayıran, özünü xoşbəxt hiss etməyə sövq edən işlərə zaman ayıra bilmirlər. Hesab edirəm ki, bu iki problemin birləşməsi Azərbaycan vətəndaşının ən böyük problemidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button