Artur Rəsizadədən futbol şərhçisi olarmı?

Ankaradan
Yəhya Daşdələn

Azərbaycanın Türkiyədəki lobbisinin başqanı Yəhya Daşdələn Azərbaycanın baş naziri Artur Rəsizadə haqqında şok açıqlamalar verdi. Keçmiş lobbi başqanının, Heydər Əliyevin yaxın dostunun yazısı “Xural”da…

Ölkəmin müstəqillik mübarizəsini boğmaq üçün qanlı bir sənədə imza atdığı iddia edilən bu adamın baş nazir kreslosunda oturması ağlın və məntiqin ziddinədir

Ölürsəm görmədən millətə ümid ettiyim feyzi;
Yazılsın seng-i kabrimdə; vatan mahzun, bən mahzun.
Namık Kemal

Səhnə işıqlanır və Azərbaycan hökumətinin başçısı ənənəyə uyğun olaraq, illik hesabat üçün Məclisin kürsüsünə gəlir. Ancaq məlum olur ki, millət vəkilləri qeydiyyatdan keçməyibmiş. Və hökumət başçısı texniki bir məsələnin yerinə yetirilməsi üçün kürsüdə gözləyir. Gülək, yoxsa ağlayaq? Durum gülməlidir. Vəziyyətin niyə belə olduğunu görmək üçün ölkəmizin hökumət başçısının bioqrafiyasını oxumaq və o kresloda tam 15 ildən bəri oturduğunu xatırlamaq kifayətdir.

Baltik cümhuriyyətləri Sovet İttifaqından ayrılandan sonra sürətlə Avropa Birliyinə üzv oldular. Sovet vaxtında kommunist partiyasının orta və üst səviyyəsində işləmiş adamlara indi o ölkələrdə nəinki hər hansı vəzifə vermirlər, hətta o adamlar nə vaxtsa sovetlərə qulluq etdikərini dilə gətirməyə utanırlar. Mənim məmləkətimdəki durum isə bunun tam əksinədir və hökumət başçısı Artur Rəsizadə buna ən bariz örnəklərdən biridir.

Bioqrafiyasına baxanda bu adamın uzun illər kommunist partiyasına (yəni Moskvaya) xidmət etdiyini görürük. Azərbaycan mətbuatından oxuduğuma görə, 1990-cı ilin yanvarında sovet tanklarını Bakıya dəvət edən məktubun altında da Rəsizadənin imzası var. Ölkəmin müstəqillik mübarizəsini boğmaq üçün qanlı bir sənədə imza atdığı iddia edilən bu adamın baş nazir kreslosunda oturması ağlın və məntiqin ziddinədir. Düşünün ki, yunanlar İzmiri işğal edəndən sonra onlarla əməkdaşlıq edən bir adam daha sonra Türkiyədə hökumət başçısı olub – belə bir şey necə mümkün ola bilərdi?

İqtidar xalqımızla “dövlət idarəçiliyi” oyunu oynayır. Oyunun istənilən pərdəsini xatırlayanda orada “dövlət”in varlığını ciddi şəkildə şübhə altında qoyan səhnələrlə rastlaşmaq olur. Məsələn, 2003-cü ilin avqustundakı “dövlətçilik oyunu”nu xatırlayaq. Həmin il avqustun əvvəlində toplanan Azərbaycan Milli Məclisi Artur Rəsizadənin istefasını qəbul etmiş, Ankarada müalicə edilən prezidentin fərmanı ilə İlham Əliyevin baş nazir vəzifəsinə təyinini təsdiq etmişdi. Baş nazir vəzifəsindən istefa verən Rəsizadə isə baş nazirin birinci müavini olmuşdu. Fərman oxunar-oxunmaz İlham Əliyev “prezidentliyə namizədliyini” səbəb göstərərək, “əmək haqqı almadan” tətilə çıxmış və səlahiyyətlər baş nazirin birinci müavini Rəsizadəyə keçmişdi. Həmin ilin oktyabrında keçirilən seçkidən sonra dövlət başçısı kreslosuna oturan İlham Əliyev, yenidən baş nazir kreslosunu Artur Rəsizadəyə lütf etmişdi.

Əziz xalqım, dövlət işləri ilə bu şəkildə “oynamaq” dünyanın harasında görünüb? Sual olunur: o ölkədə baş nazir kreslosu kimə aiddir- dövlətə, yoxsa “dövlətçilik” adı altında dünyada misli-bərabəri olmayan bu oyunları oynayanlara? 3 ay içində oynanan bu oyunları görən hansı ciddi dövlət Azərbaycanın “öz dövlətçiliyi” ilə oynadığı oyuna gülməz? O vaxt Türkiyədə də bu oyunlar heyrətlə qarşılanmışdı.

Azərbaycanın dövlət strukturu əcaib vəziyyətdədir: qıraqdan baxanda açıq-aydın görünür ki, orada hər şey prezidentin əlində cəmləşib və o iyerarxiya içində hökumət başçısının normal ölkələrdəki şöbə müdiri qədər səlahiyyəti yoxdur. Bu durumu “baş nazir” epiteti daşıyan adamın özünün necə qəbul etdiyi isə heyrətamizliyin başqa bir ünsürüdür. İstər prezident idarəçiliyi olsun, istərsə də parlament – dövlət başçısının keçirdiyi “müşavirələrdə” onun işarəsi ilə hökumət başçısının hər dəqiqə ayağa qalxması və pencəyinin yaxasını düymələyərək suallara cavab verməsi ironiya doğurur. “Baş nazir” ünvanı daşıyan bir adam özünü buna necə layiq bilir – insan deməyə söz tapa bilmir.

Azərbaycan mətbuatında bəzən Artur Rəsizadənin “dilimizə nifrət etməsinə” dair iddiaları oxuyuram. Əgər bu iddia doğrudursa, iş ironik olmaqdan çıxıb kəskin hiddətə çevrilir. Bu, necə dövlətdir? Konstitusiyasında “Dövlət dili Azərbaycan dilidir”- yazılan bir ölkənin baş naziri o dilə necə nifrət edə bilər? Təkrar edirəm, bu iddia doğrudursa, Artur Rəsizadənin o kresloda oturmağa bir dəqiqə belə haqqı yoxdur. Bu iddianı professor Tofiq Hacıyevin bir müddət əvvəl dediyi “Prezident Əliyev azərbaycanca baş nazir Artur Rəsizadədən qat-qat yaxşı danışır” – sözləri daha da qüvvətləndirir ki, burada da yeni bir durum ortaya çıxır: ölkəsinin rəsmi dövlət dilində normal danışa bilməyən bir adam hansı haqla dövlətin ikinci kreslosunda oturur? Həm də nə az, nə çox – tam 15 ildir!

Əslində, bir baş nazirin 15 il kreslosunda çaxılıb qalması o dövlət idarəçiliyinin “keyfiyyətini” göstərən ən yaxşı arqumentdir. Azərbaycan mətbuatından oxuduğuma görə, Artur Rəsizadə “inflyasiya ilə mübarizə proqramı” çərçivəsində tarixi söz deyib: “Sizə neçə dəfə deyərlər ki, qışda təzə xiyar yeməyin, qiymətlər də artmasın”. Sərbəst bazarın qaydaları çərçivəsində inflyasiyanın qarşısını almaq üçün bundan “gözəl tədbir” dünyanın heç bir yerində ola bilməz. ABŞ, AB, Çin, Rusiya Mərkəzi Banklarının, inflyasiya ilə mübarizə və faiz proqramlarını həyata keçirərkən Azərbaycan baş nazirinin bu tələbini nəzərə alacağına şübhəm yoxdur.

Türkiyə ilə bağlı vəziyyət isə bir az başqa cürdür. Türkiyədə “təzə xiyar” məsələsi gündəliyə gələn kimi, futbol şərhçisi Ərman Toroğlu yada düşür. Bir vaxtlar “Digitürk” kanalında şərhçilik edən Ərman Toroğlu deyirdi ki, mənim əsas işim Ankaranın topdan meyvə-tərəvəz bazarında mal satmaqdır. Ərman Toroğlu futboldan danışanda “Antaliyadan maşına yüklənən təzə xiyarın Ankaraya gələnə qədər 3 santimetr uzunlaşmasının səbəbini yaxşı bildiyini” vurğulamağı da yaddan çıxarmırdı. Ona görə də Toroğluyla tez-tez mübahisəyə girişən “Sabah” qəzetinin yazarı Hıncal Uluç onun adını “Xiyardan yaxşı anlayan qardaşım” qoymuşdu.

Nə deyirsiniz, Artur Rəsizadə yaxşı futbol şərhçisi olarmı?

“Dövlət” məfhumunun çərçivəsinə daxil olan qurumlar barədə müşahidələrimizi yazmağa davam edəcəyik…

 

“Xural” qəzeti,
İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button