ASİ-nin də fatihəsi verildi

Hakimiyyət «ASİ»-nin də çapına imkan vermədi, redaksiya əməkdaşlarına zəng edən «E.Q» mətbəəsinin rəhbəri Prezident Administrasiyasından qəti tapşırıq aldığını və qəzeti nəşr etməyəcəyini bildirdi.
Noolub bunlara? Gündəlik «Xural»dan ehtiyat etdikləri və Əvəz Zeynallını şərləyib türməyə soxduqları aydın. Bəs, həftəlik, cəmi 4 nəfərin dizinin üstündə 2 min tirajla çap olunan bir qəzet niyə hakimiyyəti bu qədər əndişəyə salır? Xalqın büsbütün İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etmirlərmi? Demirlərmi ki, seçicilər elliklə YAP-ın namizədini dəstəkləyir? Güclü, əhalinin etimadını qazanmış bir hakimiyyət formalaşdırdıqlarına arxayın deyillərmi?

Onda nədən ehtiyat edirlər, niyə «ASİ»nin çapına imkan vermirlər?
Bir ay gündəlik «Xural»a dözməmişdilər, ASİ-nin bircə sayına dözmədilər, anında mətbəələrə qadağa tapşırığı gəldi. Qorxdularmı?
İlham Əliyev iqtidarının heç bir təzyiqi vecinə almadığı və bu səbəbdən Azərbaycanı dünyadan təcrid edə-edə İranın gününə saldığı göz qabağındadır. Bəs, 4 nəfər jurnalistin bir həftəlik qəzetinə niyə bu qədər aqressiv reaksiya verirlər? Nə istəyirlər? Bəlkə, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının müdafiəsində dayanacağımızdan ehtiyatlanırlar?
On minlərlə polisiniz, minlərlə müstəntiqiniz Ə.Zeynallının «günahını» sübut etməkdə çətinlik çəkir? Azərbaycan mətbuatının əlinizdə cəmləşdirdiyiniz 99,9 faizlik hissəsi ASİ-lərin yazacağı həqiqətlərin qarşısında dayana bilməyəcəkdi? Ona görəmi narahat olursunuz? Yalanınızı 2 min tirajlıq, həftəlik bir qəzet sabun köpüyü kimi göyə uçuracaqsa, bəs, bir sürü qəzeti niyə maliyyələşdirirsiniz? Hanı sizin daxili təbliğata sərf etdiyiniz enerji, güc, resurs, insan əməyi?
Gücünə arxayın olan idmançının özündən qat-qat zəif birinə əl qaldırdığını gördünüzmü? Qabiliyyətinə güvənən dövlət başçısının kreslosundan narahat olduğunu müşahidə etdinizmi? Savadına əmin olan alimin, ziyalının, siyasi xadimin alternativ fikirdən çəkindiyini, diskussiyalardan qaçdığını necə, eşitdinizmi?
Yalnız özündən bədgümanlar qorxaq, aqressiv, qarşı tərəfə dözümsüz olurlar; ətraflarında nə qədər güc, qüvvə, sərvət toplasalar da, yenə xordan kənar xırdaca bir səsdən diksinirlər!..
Bilirlər! Bilirlər ki, insan haqlarını it yerinə qoymurlar, vətəndaşların hüquqlarını ölkənin sərvəti ilə bərabər oğurlayırlar; Bilirlər ki, vətəndaşların özəl əmlaklarına da artıq nüfuz edirlər, heç kimin mal və can güvənliyi yoxdur… Hətta öz komandalarında təmsil olunan və xalqın malını yağı malı kimi talayan şərikləri də can və mal sığortasında deyil. Ortada Surət Hüseynov, Rövşən Cavadov, Rəsul Quliyev, Akif Muradverdiyev, Fərhad Əliyev, Əli İnsanov, Fikrət Yusifov, Heydər Babayevlərin təcrübəsi var, axı! Surət Hüseynovun inqilabı, Rövşən Cavadovun dəstəyi, Rəsul Quliyevin sərvəti ilə hakimiyyətə gəlməmişdilərmi? Hardadı bu insanlar indi?
Bilirlər! Bilirlər ki, öz komandaları daxil, yaltaq və yalağa çevirdikləri minlər, on minlər, yüz minlər də cana doyub, hamı, hər kəs ayaqdadır; bilirlər ki, rüşvət və korrupsiya piramidasının divarlarına hördükləri «kadrlar» belə bu cür yaşamağın mümkün olmadığını, nəyahət, dəriləri, sümükləri, qanları ilə hiss edirlər – təfəkkürləri imkan verməsə də!
Ona görə bir səsdən, azacıq tıqqıltıdan, demokratik dəyərlərdən ala çatıdan qorxan kimi qorxurlar. Dörd jurnalistin cəmləşdiyi həftəlik «ASİ» qəzetinin nəşrinə qoyulan qadağanı başqa necə anlamaq olar?

İqtidara səsləniş

Adamı belə hədələməzlər! Sözünüz varsa, özümə aid edin – necə ki, mən bütün irad və tənqidlərimi birbaşa özünüzə aid edirəm və kimsənin ailəsinin adını hətta dilə almağı da əxlaqsızlıq sayıram.
Azərbaycanın tənqidçi mediasını təmsil edənlər hələ bu vaxta qədər ailəsi ilə təhdid olunmamışdı. İlk belə fakt Qənimət Zahidə qarşı baş verdi…
Bunu ənənə halına gətirməyin! Axı, hamının övladı da var, ailəsi də.
Bizi kamikadzeyə çevirməyin!
Bu əxlaqsızı özünüz cəzalandırın!
Kimsədən artıq deyiləm – nə ölən, nə də qalan həmkarlarımdan. Taleyi də, ömrü də yazan Allahdır və Allahın məsləhət bildiyi məqamda da o dünyaya gedəcəyik. Sizi narahat edirəmsə, mən edirəm, bunun heç bir doğmama aidiyyəti yoxdur və sizə qan lazımdırsa, mənim qanımı tökün, halalınız olsun!..

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button