Asın Arif Hacılını!

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 İki gün bundan əvvəl Azərbaycann müstəqilliyinin 20 –ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirildi. Konfransda dövlət başçısı da iştirak edirdi. Azərbaycanın müstəqilliyindən ingiliscə danışan (?) cənab İlham Əliyevin fikrini əsasən 1918–ci il – ilk respublika qurucularının fəaliyyəti üzərində qurması zənnimcə təsadüfi deyildi. Çünki həmin şəxslərdən bir nəfər belə sağ deyil. Deməli, minnətdar olmaq üçün konkret ünvan yenə də 1993–cü ilin xilaskarı olur. Nə olsun ki, o da sağ deyil. Ardıcılları ki, sağdır. Əslində, elə Şərqin ilk pespublikasının qurucularının həyatda olmaması daha məqsədəuyğundur. Bu toplantını görüb onsuz da çatlayıb öləcəkdilər. Məhəmməd Əminin qurduğu Cümhuriyyətdə 200-ə qədər ölkənin nümayəndəsinin iştirak etdiyi toplantıda rəsmi kürsüdən Əli Həsənov xitab edirdi. Həm də azadlıq haqqında. Bu, sadəcə mənim Cənubi Afrika xalqlarının Ulu Öndəri olmağım kimi bir şeydir…

Sonra cənab İlham Əliyev də xitab etdi. Hər şeydən danışdı. Hətta azadlıqdan da, müstəqillikdən də. Amma nə Hacıbaba Əzimovdan, nə rəhmətlik Mürşüd Məmmədlidən, nə rəhmətlik Şadman Hüseyndən, nə də başqalarından heç danışmadı. Heç Arif Hacılının adını belə çəkmədi. Niyə çəkməlidi ki, qardaş? Axı Arif Hacılı təhlükəli adamdı. O, nəhəng bir imperiyanı yıxıb. Deməlli, krallıq üçün də təhlükədir. Arif Hacılının çox pis dövlətçilik təcrübəsi var. Ona istiqlalçı deputat da deyirlər. O, azadlıq mücahididir. Dövlətin və dövlətçiliyin əlifbasını əla bilir. Azərbaycan siyasətində öz dəsti-xətti, öz yolu var. O, rusca olan bir vəziyyət haqqında heç ingiliscə danışmağı da bacarmır. Bəs niyə danışılmalıdı ki, Arif Hacılı haqqında? Bir ölkənin kralının sənin haqqında danışması üçün gərək “kurallara” uyğunlaşaydın, Arif bəy. Əvəzində sən nə etdin? Xalqın əzabına dözmədin. İnsanların səfaləti səni yenidən meydan çıxardı. Bəs niyə dözmədin, a bəy? Bəyəm “Azərbaycan xalqı dözümlü xalqdır” şuarının sənə heç bir aidiyyatı yoxdur? Sən nə vaxta qədər hər şeyə daha qlobal baxacaqsan? Nə vaxta qədər mən Turanın bir parçasıyam deyə düşünəcəksən? Ən Böyük Türk Elçibəyin ailəsindən xəbərin yoxmu? Sən zindanda belə azadsan. Bəyin ailəsini, ardıcıllarını, onu sevənləri, onun sevdiklərini azadlığda belə zindana məhkum ediblər.

Axı sən nə istəyirsən? Özünü Ramiz Mehdiyevdən, Kəmaləddin Heydərovdan, Ziya Məmmədovdan ağıllımı hesab edirsən? Yox, a bəy. Sən axı bu cəmiyyəti məndən də, başqalarından da daha yaxşı tanıyırsan. Ağıllı adamın pulu olar, bəy. Bu iqtidar bunu bu cəmiyyətə diqtə edib. Cəmiyyət də qəbul edib. İnsanlar hələ də sovet təfəkkürü ilə yaşayır, abi. “Kolxozdan oğurlayan kişi adamdır” prinsipi beyinlərdə hələ də hakimdir. Bu cür situasiyada sən nə etdin? O “ərəbin baharı” idi, bəy. Biz hələ qışa hazırlaşırıq. Başımıza ən pis oyunlar açılsa belə “xəncəri pis gün üçün saxlayırıq”.

Lənətə gəlsin o xəncəri ki, səni zindandan xilas etmək üçün qınından sıyrılmır. Mən də, hər kəs də, elə səni mühakimə edən hakim də, haqqında ittiham irəli sürən prokuror da, qoluna qandal vuran “konvoy” da bilir ki, sən günahsızsan. Amma nə olsun ki, günahsızsan, axı həm də təhlükəlisən. Düzdür, şüşə qırmaq və ya qırdırmaq kimi yersiz işlər sənin əxlaqına, mənəviyyatına ziddir. Sən elə o şüşəsi qırılanın hüquqları uğrunda mücadiləyə qalxmamışdınmı? Bəs niyə haqqını müdafiə etdiyin şəxsin şüşəsini qırdırasan ki? O biçarə bunu biləndə çox gec olacaq.

Amma yox, bəy, sən də mənim kimi islah olan deyilsən. Boş yerə nəfəs tükətməyə dəyməz. Bu birinci həbsinmi? Yox. İslah olmusanmı? Yenə də yox. Deməli, təhlükəlisən, çıxıb yenə bildiyini edəcəksən. Elə isə asın Arif Hacılını. Qanunlarda olmasa belə asın. Qoy hamıya görk olsun. Respublikanı krallığa çevirməmisiniz, elə isə krallar kimi hərəkət edin – ASIN ARİF HACILINI!

Əgər məni də Elmar kimi blokumda öldürməsələr, Qənimət kimi ailəmlə cəlayi-vətən etməsələr və ya sənin kimi şərləyib tutmasalar, yəqin ki, gələn il – müstəqilliyin 21–ci ildönümündə yenə də yazacam: Amma İlham Əliyev nə Hacıbaba Əzimovdan, nə rəhmətlik Mürşüd Məmmədlidən, nə rəhmətlik Şadman Hüseyndən, nə də Arif Hacılıdan heç danışmadı…

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button