Aşıq Ələsgər BİBİyə çevrildi

Xətai rayon İcra Hakimiyyəti bir mədəniyyət sarayını yedi

 Xətai rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən Aşıq Ələsgər adına Mədəniyyət Mərkəzi artıq təyinatını dəyişib, restoran kimi fəaliyyət göstərir.

Bu məlumatı XuralTAC-a həmin ərazidə yaşayan Oxucularımızdan biri verdi. Onun sözlərinə görə, bir neçə ay öncə Aşıq Ələsgər adına Mədəniyyət Mərkəzində yenidənqurma işlərinə başlanılıb: «Hamımız elə düşünürdük ki, yəqin, bu mədəniyyət ocağını da təmir edirlər və bir müddətdən sonra əhalinin ixtiyarına verəcəklər. Ancaq təmir başa çatdıqdan sonra bəlli oldu ki, bura artıq restoran kimi fəaliyyət göstərəcək»- deyə Oxucumuz bildirdi.

Məlumatı dəqiqləşdirmək üçün Aşıq Ələsgər adına Mədəniyyət Evinə yollandıq. «Şah İsmayıl Xətai» metrostansiyasının və Xətai rayon İcra Hakimiyyətinin lap yaxınlığında yerləşən bu mədəniyyət mərkəzi doğrudan da restorana çevrilib. Öyrəndik ki, bu restoranı son günlər Bakıda reklamı və xidmətləri ilə diqqət çəkən, iranlı sahibkara məxsus olduğu bildirilən «BİBİ» adlı şirkətlər qrupu çalışdırır.

Qeyd edək ki, mərkəzdən nisbətən kənarda yerləşməsinə və təmirsizliyinə baxmayaraq, bu Mərkəz kütləvi tədbirlərin keçirilməsi ilə tanınırdı. Mədəniyyət evini restorana çevirmək kimin ağlına gəlib və hansı məqsədlə edilib?

Girişdə qoyulan şlaqbaumun keşiyini çəkən mühafizəçidən müdiriyyətin olmadığı və suallarımızı cavablandıracaq şəxslərin hələ gəlmədiyini öyrəndik. Yaxınlıqdakı sakinlər isə bildirdilər ki, görünür, bu hakimiyyətə və Xətai rayon İcra Hakimiyyətinə mədəniyyət evi lazım deyil, ona görə də mədəniyyət ocağını gödəniyyət evinə çeviriblər.

Xətai rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, Mədəniyyət Mərkəzi heç kimə satılmayıb, orada təmir işləri aparılır: «Mədəniyyət Evi hələ təmir olunur. Restoran isə mədəniyyət evinin bir tərəfində yerləşir. Yəni Mədəniyyət Evinin əsas yola baxan hissəsi hazırda restoran kimi fəaliyyət göstərir».

Daha ətraflı məlumat verməyə və Mərkəzin bundan sonra hansı təyinatla fəaliyyət göstərəcəyi haqda səhih məlumata malik olmadığını söyləyən şəxs qeyd etdi ki, iş gününün sonu olduğu üçün səlahiyyətlilər gediblər: «Siz suallarınızı sabah səlahiyyətli şəxslərə ünvanlaya bilərsiniz».

Qeyd edək ki, biz Xətai rayon İcra Hakimiyyətinə telefon açarkən saat 18:00 idi. Bakı rayonlarından biri olan Xətai İcra Hakimiyyətində 18:00-da «səlahiyyətli şəxs» tapılmırsa, bu qurumun iş qabiliyyəti haqda artıq fikir yürütmək olar.

Qarşı tərəfin münasibətini öyrənməyə və məsələyə aydınlıq gətirməyə çalışacağıq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button