Aşiq prezident təqaüdü üçün ölməməlidir!

Saz Tanrı kimidir – Tanrı tək olur…

Bu gün Azərbaycanın ictimai-siyasi, mədəni, ruhani həyatı çox mürəkkəbdir. Biz həyatımızın bütün sahələrində bu mürəkkəbliyin təsirini hiss edirik. Bu təsirlər də əsasən millətimizin özünə yadlaşması səviyyəsində iz buraxır. Özünə yadlaşmanın ağrılarını isə hər kəs yaşamır. Gələcəkdə yaşanacaq bu cür sorunların məsuliyyətindən sanki bir uzaqlaşma tendensiyası yaranır. Bu gedişata qarşı baxışlar, düşüncələr isə çox müxtəlifdir. Baxışların bu cür müxtəlifliyi heç də inkişaf qanunauyğunluğu demək deyil.Plüralizm “sevinci” altında yad ənənələrin, gələnəklərin müdafiəsi gedir içimizdə. Biz isə Mütləqə İnam Ocağı olaraq yadlıqlara dirəniş yaradırıq və yurdsevər insanlarımızı da dirəniş göstərməyə çağırırıq. Hər bir problemimizə öz açımımızdan yanaşmaqla, milli varlığımızı öz mahiyyətimizdən gələn fikir, düşüncə sistemində dərk etməyə çalışmalıyıq. Yurdumuzda vahid milli-ruhani meyar formalaşmasa, dirənişi ümumxalq səviyyəsinə qaldırmaq çətindir. Biz millət kimi özümüzü həyatımızın bütün sahələrində tapmalı, özümləşməliyik.

Bu günlərdə bir sıra ziyalılarımız xalqımızın qədim, əzəli dəyəri olan Aşıq sənəti ilə bağlı yaşanan qayğıları dəyərləndirmək üçün Mütləqə İnam Ocağının qonağı olublar. Fikir mübadiləsi aparılaraq Aşıq sənətinin fəlsəfi, ruhani mahiyyəti qiymətləndirilib, Aşıq hadisəsinin incəsənət faktından yüksəkdə durması, habelə Aşıq sənətində şəxsiyyətin formalaşması, eləcə də saz üstə yeni sözün, yeni şeirin yaranması fikirləri səsləndirilib.

II-Son yazı

Saz igidlik hadisəsidir…

Həmid Ormanlı:

Aşıq eldən çıxır, ruhu eldən mayalanır, qidasını belə eldən alır. Bu gün aşıqdan onu umuruq biz. Bu gün aşıq adı daşıyan çoxlarına bir sual vermək lazımdır – sən kimsən, aşıq?! Qoy bu suala cavab versin aşıq. O, kimi, nəyi təmsil eləyir?!

“Koroğlunun Bəyazid səfəri”ndən bir epizodu diqqətinizə təqdim eləmək istəyirəm: Ərəb paşa tacirbaşı Əhmədə deyir ki, bu Koroğlu bizə zülm edir. Öyrən gör onun gücü, sirri nədir? Tacirbaşı Əhməd bir qul tapıb öyrədir ki, get Koroğlunun yanına, ona qul ol, öyrən gör nəyi var, nəyi yox. Qul da yarınmağı, yaltaqlanmağı, satmağı bacaran olur. Gedir Koroğlunun yanına və deyir ki, mən indiyə qədər qul olmuşam, indi sənin Dəlilərinə qoşulmaq istəyirəm. Koroğlu deyir, sən igid adama oxşamırsan. Ancaq onu sınaqdan keçirmək istəyir. Dəmirçioğluna deyir, onun şah damarını tut və gözünün içinə bax. Mən saz çalacam, əgər hiss, həyəcan keçirmədisə, demək, igid adam deyil. Və saz çalır, görür ki, qulun tükü də tərpənmir…

Yəni saz igidlik, vüqar hadisəsidir. Sinəsində saz tutan adam bunu yaşamalı, dərk etməlidir. Aşıq gərək ziyalı olsun. Adamlar ziyalılığı ali təhsilli olmaqla qarışdırırlar. Ziyalılıq o deyil. Bu gün aşığın öldüyü prezident təqaüdü almaqdır. Yunis İmrədə belə bir söz var:

Eşq oduna varmı əvəz,

Ona yanan yandım deməz.

İndikilər isə dava döyür ki, bəs mənim təqaüdüm necə oldu? Bunların yarışı bunda gedir. Borçalıda burdakılardan çoxdu şərəf ordeni olanlar. Aşıqlıq hara, orden hara?! Ona görə deyirəm ki, mən aşığı şəxsiyyət kimi görmək istəyirəm.

Bütün simli alətlər sazdan başlayıb…

Soylu Atalı:

Güney Azərbaycanda Aşıq sənətinin istinad hadisəsi kimi görünməsi yaxşı haldır. Ancaq bəzi məqamları əlavə eləmək istəyirəm. Bir var, biz öz sevgimizdən, arzularımızdan hadisələrə yanaşırıq, bir də var gerçəklikdən, həqiqətdən yanaşırıq. Ağşın bəyin vurğuladığı bir məqam var. O deyir ki, bizi bir araya gətirən çox vaxt düşmənlərin basqısıdır. Yəni öz sevgimiz, öz inamımız öz varlığımıza bağlılığımız deyil. Mənim arzum odur ki, Güney Azərbaycanda sazın yaşaması İran rejiminin yaratdığı ağırlığa görə deyil, milli ruhun həyatımızın məzmununa çevrilməsi gələnəyi kimi baş tutsun. Sabah Güney Azərbaycan rejiminin ağırlığından nəfəsini dərmək imkanı əldə edəndə sazımız Quzeydəki duruma düşməsin.

Saz üstə söz yaranmır. Adiləşmənin başlıca səbəblərindən biri budur. Axı sazla söz həmahəngdir. Saz-söz vəhdəti olmalıdır. Sazda elə söz oxunur ki, o söz sazı danqıltıya çevirir. Sözün ruhu olmalıdır, insanı vətənə, millətə bağlamalıdır, obrazlı desək, Tanrıya qovuşdurmalıdır. Bu gün biz əsasən lal saz aşiqləriyik. Aşıq bütövlük deməkdir, o da yoxdur. Bu səbəbdəndir ki, saz din səviyyəsindən incəsənət səviyyəsinə enib. Saz incəsənət hadisəsi kimi məhdudlaşa bilməz. O, mənadır. “Ürfanı” havası çalınanda demokratiya, kapitalizm havası ruhumuzu tərk edir, başqa dünyaya düşürük. Ancaq bu dünyaya xalq düşmür, barmaq sayda adamlar düşür. Xalq şou aləminə salınır. Televiziyalar bunu bizim gözümüzə soxur. Artistləşdirirlər aşığı – artistliklə saz birləşdirilir. Sonra dəhşətli dərəcədə saza uyğun olmayan kombinasiyalar yaranır. Aşıq sənətini vokallaşdırırlar. Ansamblın arasında aşıqlıq əməli uydururlar. Saz özü universal imkana malikdir. Yaxşı qulaq asın, onda bütün səslər var.

Saz tanrı kimidir – tanrı tək olur…

Onun yanına hər şeyi düzəndə bu, aşıqlıq olmur. Bilirsiniz, kimin ağlına nə gəlir, onu tutur. “Yenilik” azarına tutulub aşıqlığın başına oyun açırlar. Sazın ülvi mənasıyla yaşayan və onu çatdıran Aşıq şəxsiyyətləşə bilər, ustadlaşa bilər. Saz onda milli dəyər məzmununa qayıdacaq. Saz ortaqsızdır, yeganədir. Bütün simli alətlər sazdan başlayıb. Sazın ilkinliyini dərk eləmək gərəkdir. Ola bilsin mənim bu fikrim mübahisə doğursun, hətta sazın yanında zurna, balaban artıqdır. Bu alətlər öz-özlüyündə uca hadisələrdir, ancaq sazın yanında artıq görünürlər. Saz Tanrı kimidir – Tanrı tək olur. Sazın səsi müqəddəsdir. Bu həqiqəti dərk eləmədən Dəyərə münasibət bütövləşmir. Çox adamın saz çalması – sazın öz mahiyyətinə uyğun yaşaması anlamına gəlmir. Saz çalmaq xobbi deyil axı. Sazı bir vaxtlar barmaq sayda kişilər yaşadıb və çox uca səviyyədə yaşadıb. Demirəm ki, saz çalanlarımızın sayı azalsın, mən deyirəm, saz çalanların içində Aşıqlar yaransın. Saz çalmağı bacarmaq hələ aşıqlıq demək deyil.

Saz Türk Dünyasının, Türk dünyagörüşünün şah əsəridir…

Lətif Həsənov (musiqi araşdırıcısı):

Saz Türk Dünyasının, Türk dünyagörüşünün şah əsəridir. Ancaq ayrılıqda saz bir sənət deyil. Burada çox gözəl məqamlara toxunuldu. 16-cı əsrin əvvəllərindən Dədə Yadigarın Aşıq Qurbaniylə deyişməsindən başlayan bir mərhələ bu günə qədər davam eləyib. Bu, Aşıq sənətinin sənət statusu qazandığı bir dövrdür. Ozan əslində sənətkar, ifaçı deyil, Ozan bir el ağsaqqalı idi, Ozan həm də bir təbib idi, həm də bir tayfa böyüyü idi və s. Hətta bəzi alimlərimizin əsərlərində, monoqrafiyalarında belə bir sözə rast gəlirəm və bir qədər bunu düzgün saymıram – “saz-söz sənəti”. Bu, aşıq sənətinin mahiyyətidir, onun terminoloji açılışı deyil. Məgər xanəndəlik sənətinə qaval-ifa sənəti deyirlər?! Biz istəsək də, istəməsək də Aşıq sənəti sinkretik sənətdir. Yəni özündə çox sənət növlərini birləşdirir. Orta dövrlərdə bu cür sənət növü çox idi, yəni sənətdə universallıq. Məsələn, italyanlar bu cür sənətkarlara “stilyon sənətkarlar” deyirdilər. Mənə elə gəlir ki, bu universallıq bəşəriyyətin orta dövrlərə xas estetik durumuna uyğun bir sənət forması idi. Nəydi stilyon sənətkar – eyni zamanda həm bir ifaçı müğənni, həm instrumental ifaçı, həm aktyor, həm gülüş ustası idi və s. Lakin intibah dövründən sonra sənətlər professional dəyərlər üzərində qurulmağa başladı. Bizim aşıq sənətimiz daha aydın, uyğun biçim alıb. Aşıqların hansısa statuslarını əlindən almaq fikri irəli sürmürəm, ancaq Həmid bəyin də toxunduğu kimi bilməliyik ki, Aşıq hansı statusa malikdir, hansı funksiyanı daşıyır, görəsən kim ona dəqiq cavab verə bilər?! Axı bu ölkədə kimlərsə bunu müəyyənləşdirməlidir…

Minillərdir xalqımız yol gəlir. Dövlətimiz də olub, işğala da məruz qalmışıq. Güney Azərbaycan məsələsinə hələ toxunmuram. Bu Azərbaycanda bir müstəqil dövlətimiz yaranıb. Ancaq milli-mənəvi dəyərlərimizi hakimiyyətlərin diktəsi ilə qorumamalıyıq. Mənə elə gəlir ki, bizim sənətə qarşı kənardan hər hansı bir radikal təsir-zad yoxdur. Biz özümüz öz sənətimizə qarşı radikal mövqe tuturuq. Öz dəyərlərimizi iç dünyamızda elə qorumalıyıq ki, içimizdən, sevgimizdən onu ayırmaq mümkün olmasın.

Bir az Şirvan aşıq sənəti haqqında söz demək istəyirəm. Bizim bir sıra folklorşünas alimlər Şirvan Aşıq sənətindən danışanda Şirvan aşıqlarını həm xanəndə kimi təqdim edirlər, həm aşıq kimi, həm aktyor kimi, həm rəqqas kimi. Bunu nəzəri olaraq yazmaq olar, müəyyən tarixi qaynaqlara da istinad eləmək olar. Ancaq Aşıq bu qədər funksiya daşıyırsa, o, aşıqlığını itirir. Ona görə Aşıq hadisəsinin əsl mahiyyətini düzgün müəyyənləşdirib tədris etmək lazımdır. Bu, ortaya çıxan problemlərin qarşısını da ala bilər.

Aşıqlıq – Ruhaniyyat məsələsidir, sənətdən üstündür…

Ayaz Şıxəlioğlu:

Aşıq sənətinin bölgələrdə müxtəlifliklərə malik olması, məncə, türk ruhunun zənginliyindən irəli gəlir. Sadəcə, bu zənginliyə hərə bir əllaməçilik qatmasa, aşıqlıq hər yerdə öz mənasına bərabər yaşaya bilər. Aşıqlıq – Ruhaniyyat məsələsidir, sənətdən üstündür. Aşıq yarışlarda, televiziyalarda seçilmir. O səni tapmalıdır, sən ona qovuşmalısan. Bu, məktəb qurtarmaqla olmur. İçəridə saza bağlı ruh olmaldır. Saz türkün doğuluşu ilə başlayıb. Türk sazla birgə doğulur. Saz türkün insani mahiyyətini, Dünyabaxışını çalır. Saz bizi insaniliyə qaytarır, ilkinliyi unutmağa qoymur.

Abil Ulusoy:

Azərbaycanda köklü məsələlər haqqında demək olar ki, danışılmır, onun ətrafında danışılır. Məsələn, filankəs xalq artistidir, filankəs şöhrət ordeni alıb, filankəsə filan imtiyaz verilib. Və köklü məsələlərdən danışmaq lazım gələndə bu cür titullu sənətkarlara istinad eləməkdən o yana keçilmir. Bizim bugünkü söhbətimizdə məqsəd də odur ki, imkan daxilində köklü problemləri dilə gətirə bilək.

Soylu Atalı:

Biz, haqqında söhbət gedən sənətin professional mütəxəssisləri deyilik. Ancaq belə bir xəlqi dəyərin milli yönünü tanıyır, fəlsəfi mənasını anlayırıq. Və bu dəyərə qarşı münasibətlərin bayağılaşmasını görürük. Ona görə də yiyəlik duyğusu ortaya qoyuruq. Bizi narahat edən məsələlər təsadüfi məsələlər deyil, özünəyadlaşma çox şirin şəkildə həyata keçir. Biz bu ağrıları öz duyğularımızda, qəlbimizdə, düşüncələrimizdə hiss etdikcə, fəlakətlərə dirəniş göstərmək istəyirik. Hərcayiliyi xalqın ruhuna yeridənlər artır, azalmır. Odur ki, münasibət bildirmək də bir söhbət məclisində etiraz eləməkdən yüksəyə qalxmalıdır – mübarizə səviyyəsi formalaşmalıdır.

Mənə sual verirlər ki, Aşıq sənətində qadın nə dərəcədə özünü təsdiq eləyə bilir. Bu məsələyə də epizodik bir aydınlıq gətirərik.

Ağşın Ağkəmərli:

Mənim çox böyük arzum var ki, burada Güney Aşıq məktəbləri də araşdırılsın, öyrənilsin. Məsələyə geniş yanaşmaq yaxşı olar. Saz ümumAzərbaycan hadisəsi olduğu üçün ona bir bölgədə yanaşmağımız doğru olmaz. Dəyərlərimiz vasitəsilə insanlarımızın ağlında bir bütövlük də yaranmalıdır. Bizim cəhdlərimiz də buna yönəlikdir.

O ki qaldı qadının Aşıq sənətində özünü təsdiq eləməsi məsələsinə, məncə tariximizdə Aşıq qadınlarımız olub və hətta başqa sahələrdə də qadınlarımız olub ki, kişilərdən dala qalmayıblar. Özlərinin gözəlliklərini, imkanlarını üzə çıxarıblar. Mən bu məsələdə bir o qədər ciddi düşünməmişəm. Ancaq Aşıq Pəri olub və mənim bilmədiklərim başqa Aşıq qadınlar olub.

Ayaz Şıxalıoğlu:

Məncə Aşıqlıq Ruhaniyyat hadisəsi olduğuna görə, onu cinslərə bölməmək olar. Aşıqlıq qadınları və kişiləri özündə birləşdirə bilər.

Qadından Aşıq olarmı?

Lətif Həsənov:

Burada söhbət getdi ki, kimsə yaxşı saz çalır, yaxşı oxumur, yaxud əksinə. Elə aşıqlığın böyüklüyü, əlçatmazlığı ondadır. Hər kəsin əli çatıb ünü yetmir o sənətə. Onda hamımız onu bacarardıq ki. Aşıq sənətinin çox yüksək bir pilləsi var. Çağdaş dövrümüzdə o pilləyə Aşıq Kamandar Əfəndi qalxa bilib.

Bu gün cəmiyyətdə qadın aşıqların olmasına gəlincə, bu, qadınların hüquqi statusudur. Heç kim heç kimə deyə bilməz ki, sən saz çal, sən çalma. Hər kəs azaddır. Hər kəs gedib hər bir sənəti öyrənə bilər. Söhbət bu sənətin peşəkarlıq aspektlərindən, özünəxas tələblərindən gedirsə, burada çox incə yanaşma lazımdır. Bayaq Soylu müəllim bir yaxşı məsələyə toxundu ki, biz bu sənətin professional mütəxəssisi deyilik. Ancaq necə deyərlər, vətən darda qalanda əsgərdən qabaq şair də yüyürür. Biz də xalqımızın içindən gələn ağrılarla dolduğumuz üçün öz sözümüzlə irəli dururuq. Qoy işin daha yaxşı biliciləri ortaya çıxıb söz desinlər.

Mən sizə bir misal çəkim. Hər halda televiziyada, radioda hər birimiz dinləyirik. Siz görmüsünüzmü, bir qadın “Humayun”, yaxud “Şüştər” oxusun?! Qadın səsinin özünəməxsusluqları var. Qadın səslərinin növləri var – safrano, ən zil opera səsi, mestisafrano, yaxud alt səslər. Bunun heç biri instrumental səviyyəli aşıq musiqisini ifa eləmək üşün yaramır. Böyük sənətkarlar bunu daha yaxşı bilirlər. Yəni söhbət burada qadının vətəndaşlıq hüququndan getmir, ifaçılıqdan, texnika imkanlarından, qabiliyyətindən gedir. Bütün Aşıq qadınlar klassik, ənənəvi aşıq mahnılarından uzaqlaşır, xalq mahnılarına uyğun şeylər oxuyurlar. Məsələn, “A ceyranım”, “Ölərəm səndən ötəri”, “Göy gölə gəl” – bunlar əslində xalq mahnılarına yaxındır. Bu, qadınların günahı deyil, bizik günahkar ki, onlara o mövqeyi veririk. Bununla belə, qadınları aşıq sənətindən təcrid etmək gərək deyil. Sadəcə, söhbət əsl aşıq sənətinin səviyyəsini qorumaqdan gedir.

Sazda cəngavərlik, döyüşkənlik ruhu var…

Soylu Atalı:

Mən də düşünürəm ki, qadın aşıq sənətində axıra qədər özünü ifadə edə bilmir. Aşıq özündə üç keyfiyyəti birləşdirir: professional çalğı, ilahi səs və xalq ruhundan gələn ali, müqəddəs söz. Düşünürəm ki, sazımız sözə möhtacdır, yeni saz sözü yaranmalıdır. Bir də Aşığın səsi sazın çaldığı xarakteri deyə bilməlidir. Biz deyirik saz türk xarakterində zərifliklə möhtəşəmliyin vəhdətini çalır. Bu, aşığın haraylarında, zəngulələrində öz əksini tapmalıdır. Qadın boğazı bu imkandan aşağıdır. Sazda cəngavərlik, döyüşkənlik ruhu var. Qadın zərifliyi, incəliyi o ruha doğmadır, ancaq o ruhun izharçısı deyil. Əslində, burada pis şey də yoxdur, qadın burada aşağılanmır. Söhbət imkandan gedir.

Hədəfimiz xəlqi dəyərlərimizə əsil münasibət və yiyəlik meyarı yartamaqdır. Mütləqə İnam Dünyabaxışı əsasında özümləşmə yönü yaranır – bu, millətləşmənin yönü, yoludur.

Hazırladı:

Göylü Atalı

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button