Asiya İnkişaf Bankı Azərbaycana növbəti krediti ayırmağa hazırlaşır

İyunun 22-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasında Azərbaycana növbəti kreditin ayrılması məsələsi müzakirə olunacaq. Bu barədə ADB-nin ölkə üzrə direktoru Nariman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi bankın Azərbaycana enerji təchizatının yaxşılaşdırılması layihəsinin icrası üçün ayırmaq istədiyi kreditin ümumi həcmi 750 mln. dollardır. İlkin mərhələdə hökumətə bunun 250 mln. dolları çatacaq:

“Bu pul Bakı istisna olmaqla bütün ölkəyə ayrılacaq. Birinci tranş hesabına yarımstansiyalar üçün avadanlıqlar – transformatorlar, paylayıcı vasitələrin alınması və quraşdırılması, eləcə də əhalinin sayğaclarla təmin edilməsi nəzərdə tutulub”.

N.Mannapbekov kreditin hansı şərtlərlə ayrılacağı barədə də danışıb:

“Bu kredit ilk 5 ili güzəştli olmaqla 25 il müddətində 6 aylıql Libor + təxminən 0,4% dərəcəsi ilə ayrılacaq. Kreditləşməyə dair bütün sənədlər müqavilə bağlanandan sonra təxminən iki həftə ərzində ADB-nin saytında yerləşdiriləcək”.

Uzun müddətdir davam edən danışıqlar nəticə verə bilər. Mütəxəssislər hesab edirlər ki,  ölkənin kredit reytinqinin pisləşməsi beynəlxalq maliyyə qurumlarını ehtiyatlı addımlar atmağa vadar edir.  Qeyd edək ki, bu ilin əvvəlində “Fitch Ratings”, “Standard & Poor`s”  beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirmişdi. O zaman ekspertlər bildirmişdi ki, bundan sonra Azərbaycanın xarici kredit təşkilatlarının vəsaitlərinin əlçatanlığı zəifləyəcək, ağır şərtlərlə əldə edə biləcək. Dünya Bankı ilə aparılan danışıqların uğursuzluğu Asiya İnkişaf Bankının qərarına siyarət etməsinə baxmayaraq, ciddi şərtlər müqabilində Bank bu addımı atmaq niyyətindədir.  Bundan bir qədər əvvəl “Azadlıq” radiosu məlumat vermişdi ki, Asiya İnkişaf Bankı (Asian Development Bank) Azərbaycanın nəhəng qaz layihəsi üçün vəd etdiyi 1, 5 milyard dollarlıq kreditin verilməsini sentyabr ayınadək təxirə salıb. Azərbaycanın “Şahdəniz 2” layihəsi üçün nəzərdə tutulan kreditin təxirə salındığı barədə xəbəri Beynəlxalq Maliyyə İnstitutu (International Financial Institution – IFI) yayıb.
Xəbərdə deyilir ki, Azərbaycan bu layihəyə artıq dövlət büdcəsindən və avrobondların tədavülündən 5 milyard dollar xərcləyib, bununla belə layihənin başa çatdırılması üçün ona daha 8 milyard dollar vəsait lazımdır.
Bu layihəyə “Şahdəniz” qaz yataqlarının inkişaf etdirilməsi və bir-birinə bağlı üç kəmərdən ibarət şəbəkənin yaradılması daxildir.
Bu şəbəkə 2019-cu ildən başlayaraq, Türkiyə və Avropaya 16 milyard kubmetr qaz nəql etməlidir.
IFI kredit barədə ilkin qərarın dəyişdirilməsi səbəbini açıqlamayıb.
Mayın əvvəllərində Human Rights Watch təşkilatı Asiya İnkişaf Bankını Azərbaycan və Özbəkistan da daxil ölkələrdə işbirliyi zamanı insan haqlarının vəziyyətinə diqqət yetirməyə çağırmışdı.
O vaxt təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson demişdi ki, “inkişaf naminə səylər yüksəkrütbəli hökumət rəsmiləri deyil, icmalar tərəfindən dəstəklənəndə və onlara xeyir verəndə, davamlı ola bilər. Özbəkistan və Azərbaycanda Asiya  İnkişaf Bankı bu səylərin xalqa fayda verməsinə çox çalışmalıdır”.
Xəbər verilir ki, Azərbaycan Dünya Bankına daha 500 milyon dollar borc üçün müraciət edib və avrobond tədavülündən ilin sonunadək daha 1 milyard dollar qazanmağı planlaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankı (The European Bank for Reconstruction and Development) bu layihənin bir hissəsinin, habelə qısaca TAP adı ilə tanınan Transadriatik kəmərlərindən birinin maliyyələşdirilməsində marağını bildirib.
Azərbaycanın Enerji naziri Natiq Əliyev iyunun 3-də jurnalistlərə demişdi ki, tikinti materialları xərclərinin azaldılması hesabına layihənin ümumi qiyməti 2013-cü ildə müəyyən edilmiş 45 milyard dollardan 39 milyard dollara düşüb. Lakin bu da gözlənilən rəqəm deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button