AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

Alen Destekse

AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsi martın 7-də Parisdə keçirilən iclasda Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib.

AŞPA prezidenti olan Pedro Aqramuntun yerinə Belçikalı parlamentari Alen Destekse yeni məruzəçi olub, bu barədə turan.az-a AŞ-dakı mənbə bildirib.

Destekse insan hüquqları sahəsində ekspert kimi məşhurdur. Xüsusən, o, Ruanda soyqırımı haqqında kitabın müəllifidir. Destekse orada beynəlxalq qeyri-kommersiya təşkilatının missiyasında işləyib.

Qeyd edək ki, AŞPA-nın insan hüquqları üzrə məruzəçi institutu 2014-cü ilin iyununda vətəndaş cəmiyyəti fəallarının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi vəzifəsini bərpa etmək çağırışlarından sonra təsis edilib.

Xüsusən, 23 iyun 2014-cü ildə AŞPA bürosu “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmət nöqteyi-nəzərdən hansı addımlar atılır?” adlı qətnamə layihəsini təqdir edib. Bu qərar əsasında “Azərbaycanda siyasi məhbuslar haqqında qətnamə üzrə təklif” sənədi qəbul edilib.

Bu zaman ölkədə siyasi məhbuslar məsələsi baxılması üçün AŞPA-nın insan hüquqları komitəsinə təqdim edilib.

İyunun 25-də AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində Azərbaycanda siyasi məhbuslar məsələsi müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin etirazı ilə əlaqədar siyasi məhbuslar problemi vurğulanmadan, ümumilikdə insan hüquqları üzrə məruzəçi təyin etmək qərara alınıb.

Azərbaycanda insan hüquqlarının pozulmasının tənqidçisi, İrlandiyalı deputat Maykl MakNamara məruzəçi vəzifəsinə Niderlandlı Pieter Omtsiqti təklif edib. Alternativ namizəd İspaniyalı deputat Pedro Aqramunt olub və o, səs çoxluğu ilə seçilib.

Bundan bir neçə həftə sonra Azərbaycanda QHT-lərə qarşı AŞ ölkələrində misli görünməmiş repressiyalar dalğası başlayıb, onlarla təşkilat istintaqa cəlb edilib, aparıcı hüquq müdafiəçiləri isə həbs edilib.

Ötən iki ildə Aqramunt insan hüquqları üzrə məruzəçi kimi Azərbaycana gəlməyib və faktiki olaraq, məruzə hazırlanmasını sabotaj edib.

Lakin beynəlxalq ictimaiyyətin Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti amansız tənqid etməsi fonunda AŞPA nəhayət yeni məruzəçi təyin edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button