AŞPA-nın həmməruzəçisi prezidentlə siyasi məhbuslar haqda danışacaq

Jozef Debono Qrex

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex Bakıya gəlib.

Digər həmməruzəçi Pedro Aqramunt da Bakıya fevralın 1-də  gələcək.

Həmməruzəçilər fevralın 2-dək davam edəcək səfər çərçivəsində Azərbaycan prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşlər nəzərdə tutulub. Onlar həmçinin Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə görüşəcəklər.

Fevralın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex Azərbaycanın müxalifət partiyalarının nümayəndələri ilə görüşüb.

Görüşdə AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iştirak ediblər və onlar Azərbaycandakı durum, problemli vəziyyətlərdən çıxış yolları müzakirə olunub. Müxalifət nümayəndələrini dinləyən Jozef Debono Qrex bir sıra məsələləri Azərbaycan hakimiyyətinin diqqətinə çatdıracağını bildirib.

Azərbaycanın hüquq müdafiəçiləri də cənab Jozef Debono Qrexlə görüşüblər. Görüşdə Azərbaycandakı siyasi vəziyyət və insan haqlarının müdafiəsi məsələləri müzakirə olunub. İctimai Palatanın 2 aprel etiraz aksiyaları zamanı saxlanılan şəxslərin azadlığa buraxılması və ya onların cəzalarının azaldılması ilə bağlı söhbət aparılıb. Eləcə bə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının siyasi yazılarına görə, heç bir dəlil-sübut olmadan həbsindən narahatlıq ifadə edən hüquq müdafiəçiləri  bu məsələni də Azərbaycan rəhbərliyi ilə görüşdə qabardılmasını cənab Jozef Debono Qrexdən xahiş ediblər. Cənab Jozef Debono Qrex bu ilin  iyul ayında Azərbaycanla bağlı məruzə hazırlayacağını və bütün bu məsələlərin məruzəyə daxil ediləcəyini vurğulayıb.

Azərbaycanın baş prokuroru Zakir Qaralov Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb. 

Görüşdə baş prokuror AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, korrupsiya ilə mübarizə sahəsində görülən konkret işlər və bu sahədə qeyri hökumət təşkilatları ilə birgə layihələrin həyata keçirilməsi barədə ətraflı məlumat verib. Z. Qaralov Avropa hüquq təcrübəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin Azərbaycan Prokurorluğu qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdırıb. Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, prokurorluq orqanlarının insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bu sahədə konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

AŞPA ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Pedro Aqramunt de Mora, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib. Pedro Aqramunt de Mora təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəkləkləməklə yanaşı, bu sahədə hüquqi yardım göstərməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə maraq doğuran suallar ətraflı cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Daha sonra həmməruzəçilər Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında da iştirak ediblər.

Parlamentin sədri Oqtay Əsədov 10 ildən artıqdır deputat olduğunu müddətdə həmməruzəçilərin parlamentin iclasına qatılmasının ilk dəfə şahidi olduğunu söyləyib.
Millət vəkilləri həmməruzəçiləri alqışlarla salamlayıblar. Həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex daha sonra ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. Nazir Fikrət Məmmədov Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyi bildirib, ölkədə insan hüquqlarının təşviqi, humanizm prinsiplərinin geniş tətbiqi, insan hüquqlarının müdafiəsinə (?!) dair Milli Fəaliyyət Proqramının əhəmiyyətini qeyd edib. O, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə qazanılan uğurları qonaqların diqqətinə çatdırılaraq bu sahədə AŞ-nın və digər beynəlxalq təşkilatların fəal dəstəyini təqdir edib. Eyni zamanda, Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyətinə toxunulub və AŞ Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı tərəfindən Azərbaycanda hakimlərin seçim prosedurunun müsbət model kimi qiymətləndirildiyi və bu təcrübənin digər dövlətlərə örnək kimi tövsiyə edildiyi vurğulanıb. Söhbət zamanı həmçinin, qanunvericilik, inzibati ədliyyə və s. məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

Fevralın 2-də həmməruzəçilər prezident İlham Əliyevlə görüşəcəklər. Görüşdə səfərlə bağlı təəsüratlar müzakirə olunacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button