Assanj ABŞ-a təhvil verilir?

Jurnalistin iki həftə vaxtı var

İyunun 17-də Böyük Britaniyanın daxili işlər naziri “Vikiliks” saytının yaradıcısı Culian Assanjın ABŞ-a təhvil verilməsi qərarını rəsmiləşdirib. Qərarın ləğvinə nail olmaq üçün jurnalistin iki həftə vaxtı var.

Xural.com novator.az-a istinadən bildirir ki, Avstraliya vətəndaşı olan 1971-ci il təvəllüdlü Culian Assanjın 2006-cı ildə yaratdığı “Vikiliks” saytı ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc etməklə populyarlaşıb. ABŞ-da buna görə Culian Assanja cinayət işi qaldırılıb.

2010-cu il dekabrın 7-də Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda tutulub. Bu həbsin jurnalistə İsveçdə qaldırılmış, zorlama ittihamlı cinayət işi ilə bağlı olduğu açıqlanıb. Dekabrın 14-də Culian Assanj pul girovu müqabilində azadlığa buraxılıb. 2011-ci il fevralın 24-də məhkəmə onun İsveçə təhvil verilməsi haqda qərar çıxarıb, bu iş 2012-ci ilin iyun ayınadək uzanıb. Culian Assanj həmin il iyunun 19-da Ekvadorun Londondakı səfirliyinə sığınıb və o vaxtdan orada yaşayıb.

2019-cu ilin aprel ayında Ekvador hökuməti siyasi sığınacağın başa çatdığını bəyan edib və Culian Assanjın səfirlikdən çıxmasını istəyib. Aprelin 11-də polis əməkdaşları Ekvadorun Londondakı səfirinin dəvəti ilə diplomatik nümayəndəliyə gələrək jurnalisti tutublar.

Culian Assanjın həbsinin ABŞ-da və İsveçdə qaldırılmış cinayət işləri ilə bağlı olduğu açıqlanıb. Mayın 1-də Londonda ilkin məhkəmə Culian Assanja 50 həftə azadlıqdan məhrumetmə cəzası kəsib. Jurnalist girovla azadlığa buraxılmaq şərtlərini pozmaqda təqsirli bilinib. Cəza başa çatandan sonra jurnalist həbsdə saxlanıb, 2021-ci il dekabrın 10-da Londonda ilkin məhkəmə onun ABŞ-a təhvil verilməsi qərarı çıxarıb, yuxarı məhkəmələr bunu təsdiqləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxuyun
Close
Back to top button