“Astaraçay MMC” astaralılardan nə istəyir?-SOCAR-IN HİMAYƏSİNDƏ

SOCAR-ın tərkibində olan Astaraçay MMC haqqında vətəndaşlar xural.com-a müraciət ediblər. Müraciətdə SOCAR-ın himayəsində və tərkibində olan Astaraçay MMC-nin Astaranın Şüvi kəndindəki sitrus sahələrini və digər sahələri satın almasından bəhs olunur. “Həmin sahələrdə 20 il bundan əvvəl ev tikmiş əhaliyə deyirlər ki, köçün buradan, ya da sotuna 100 manat verib qalın. Həmin torpağın sotunu 28 manata satın alıblar əhalidən” deyə başlayan müraciət bu sualla bitir: “Həmin evi söküləcək, köçürüləcək insanlara necə yardım etmək olar?”

Daha sonra Astaraçay MMC-nin yaranmasından və kimə məxsus olmasından bəhs edən müraciət müəllifləri yazırlar: “Astaraçay MMC SOCAR-ın tərkibində yaranıb. Hazırda aqibətindən məlumatımız yoxdur, bəlkə də artıq özəlləşdiriblər. MMC-nin rəhbəri Xaliq Məmmədovun qardaşı Tələt Məmmədovdur. Mülkiyyətçilər bədbəxt insanlardır. Günəmuzd işləyirlər kənddə. Bu il Astarada anormal istilər nəticəsində sitrus da olmadı. Əhali çarəsiz halda çıxış yolunu dövlət saytlarına müraciətdə görürlər, amma əksər hallarda saytlardan cavab da yazmırlar.”

Müraciətdə Raqif Əzizov, Şirvan Qurbanov və Piləğə Baxşıyevin ən çox əziyyət çəkən vətəndaşlar olduğu bildirilir. Raqifin onkoloji xəstə olduğu, qida borusundan əməliyyat olunaraq əmək qabiliyyətini itirdiyi, 50 manat təqaüd aldığı bildirilir.

Avqustun 6-da məhkəmə olacağı da gələn xəbərlərdən məlum olur: “Ya torpaq qaytarılmalı, ya da 15.000 manat pul verilməlidir. 25 il əvvəldən insanlar orada yerləşiblər. Sitrus bitkiləri əkiblər. Bələdiyyə həmin torpağı digər vətəndaşa, həmin vətəndaş da sotunu 28 manata Astaraçay MMC-yə satıb. Astaraçay bilib ki, bu torpaqlar başqasının mülkiyyətidir. Buna baxmayaraq, Astaraçay MMC 28 manata aldığı torpağın pulunu 100 manatdan kəndlidən istəyir. Məhkəməyə də bu səbəbdən verib. Kəndlilər isə xahiş edirlər ki, heç olmazsa, aldığınız qiymətə istəyin pulu, ya da 50 manatdan olmaqla hissə-hissə ödəyək.”

Astaraçay MMC-nin Rövnəq Abdullayevə aidiyyatının olmadığını bildirənlərə gəlincə, müraciətdə bu haqda yazılıb: “Astaraçay MMC neft şirkətinin deyildisə, bəs niyə onun açılışında Rövnəq Abdullayev rəsmən iştirak edirdi?”

Məsələyə aydınlıq gətirmək üçün SOCAR-la əlaqə yaratmaq təşəbbüslərimiz alınmadı. Cavabları olarsa onların da mövqeyini dərc etməyə hazırıq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button