ATƏT seçkiləri qeyri-demokratik hesab etdi

«Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb», – Azərbaycandakı seçkini müşahidə edən beynəlxalq missiya belə nəticəyə gəlib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə bəyanatında deyilir ki, namizədlər çox olsa da, real siyasi müzakirənin olmamasına görə seçicilər nəticəyönümlü seçim edə bilməyiblər.

«Çox təəssüf edirəm ki, əldə edilə biləcək irəliləyişlər həqiqi demokratik seçkilərə imkan yaradan rəqabət mühiti ilə nəticələnmədi. Seçki günü səslərin sayılması məyusedici oldu. Bəzi real dəyişikliklərə ümid edirdim. Ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının ciddi işıqlandırılmaması, ictimaiyyətdə və televiziyada debatın olmaması cəmiyyətin seçkilərə diqqətinin az olmasının səbəblərindən biridir», – ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi Artur Qerasimov bildirib.

O deyib ki, bu seçkidə bir sıra perspektivli namizədlərə iştirak imkanı yaradılmayıb.

Məntəqələrin 70 faizindən çoxunda…

Səsvermə günü məntəqələrin 70 faizindən çoxunda pozuntu qeydə aldıqlarını vurğulayan koordinatorun sözlərinə görə, səslərin sayılması məntəqələrin yarısından çoxunda ciddi pozuntularla müşayiət olunub: «Protokolların verilməməsi, istifadə olunmamış bülletenlərin ləğv olunmaması kimi hallar qeydə alınıb. Bəzi məntəqələrdə seçki qutuları başqa otaqlara aparılıb. Orada nə olduğunu biz bilmirik».

A.Qerasimov Azərbaycanda seçicilərin sayı ilə bağlı Dövlət Statistika Komitəsi ilə MSK-nın rəqəmləri arasındakı ziddiyyətə də diqqət yetirib. Bildirib ki, bu qurumların təqdim etdiyi rəqəmlər arasında 2 milyona qədər fərq var. Bu da seçki sistemiylə bağlı şübhələr yaradır.

AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe REAL sədri İlqar Məmmədov və bir sıra başqa namizədlər haqqında Avropa Məhkəməsinin qərarlarının icra olunmaması və onların namizəd olmaq hüququnun məhdudlaşdırılmasından danışıb. Onun sözlərinə görə, bir sıra hallarda isə namizədə iştirak imkanı yaradılsa da, qalib gəlmək imkanı verilməyib.

F.Şvabe Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarlarını icra etməyə, Venesiya Komissiyası və ATƏT-in seçki ilə bağlı tövsiyələrinə əməl etməyə çağırıb.

Azərbaycanda seçki pozuntularıyla bağlı Avropa Məhkəməsinin 23 qərarının icra olunmadığı da vurğulanıb.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Elona Hoca-Qjebrea qadın namizədlərin az olduğunu söyləyib. Yada salıb ki, Azərbaycanda nazirlərin heç biri qadın deyil: «Namizədlərin cəmi 21 faizi qadın idi. Azərbaycanın siyasi həyatında qadınların rolu çox aşağıdır».

Azadlıq radiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button