ATƏT yekun hesabatını açıqladı: “1 adam 6 yerdə səs verirdi”-VİDEO&MƏTN
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkiləri ilə bağlı yekun hesabatını dərc etdi. Amerikada yaşayan məşhur Azərbaycanlı jurnalist Sevinc Osmanqızı yekun hesabatı qurumun sözçüsü Tomas Raymerlə müzakirə edib. Xural.com Sevinc Osmanqızının Tomas Raymerlə müsahibəsinin mətnini və videosunu oxuculara təqdim edir:
– Siz seçkinin səhərisi günü missiyanın mətbuat konfransında verdiyiniz ilkin rəylə yekun hesabatdakı rəy arasında fərqləri necə səciyyələndirərdiniz?
– Əgər siz əsas məzmuna və ismarıclara baxsanız, görərsiniz ki, ardıcıllıq var. Bu, yekun hesabatlar üçün normal haldır. Yekun hesabatın məğzi daha çox informasiyanı birləşdirməkdir. İlkin hesabat seçkinin sabahısı açıqlanır. Odur ki, vaxt qıtlığı olur. Yekun hesabatda isə dəyərləndirməni yenidən nəzərdən keçirmək və bəyanatları gücləndirən arqumentləri artıra bilirsən. Ən əsası isə odur ki, yekun hesabatda ilkin rəydə olmayan bir hissə də – ölkədə seçki prosesini yaxşılaşdırmaq üçün tövsiyələr də öz əksini tapır. Bu isə seçkini müşahidə etməyimizin ən əsas məqsədidir.
– Hesabatda deyilir ki, müşahidə olunan seçki məntəqələrinin 12%-də səsvermədə pozuntu olub, bu, çox yüksək rəqəmdir və ciddi narahatlıq doğurur. Bu rəqəm necə ərsəyə gəldi və bununla bağlı tövsiyəniz nədir? Bu, ümumən seçkinin nəticələrini sual altına almırmı?
– Bir az mürəkkəb sual oldu, gəlin, onu hissələrə bölüm. Əvvəla, deməliyəm ki, sizin istinad etdiyiniz 12% məxsusi olaraq, seçki günü müşahidələrinə aiddir. Bizim müşahidəçilərimiz gün ərzində müəyyən sayda seçki məntəqələrində olublar, açılış proseduru, səsvermə və səslərin hesablanmasını müşahidə ediblər. Odur ki, seçki günündə 12% ciddi və ya çox ciddi pozuntuların qeydə alındığı seçki məntəqələrinin sayıdır. Mən deyə bilərəm ki, bizim müşahidə etdiyimiz digər seçkilərlə müqayisədə bu, ciddi narahatlıq doğuran yüksək rəqəmdir.
Lakin bunu da nəzərə almaq lazımdır ki, bizim metodologiyamız və seçki müşahidəçiliyinə yanaşmamız bundan ibarətdir ki, seçki yalnız seçki günündən ibarət deyil. Bu, əvvəlcədən aparılan seçki kampaniyası, seçkidə qayda-qanunu müəyyən edən hüquq müstəvisi, kimin namizəd ola bilməsi qaydaları, kimin səs verə bilməsi, seçki kampaniyasının mətbuatda necə işıqlandırılması, insan azadlıqlarına necə riayət olunmasıdır. Bütün bu prosesdə həqiqi rəqabətin yer alması və seçiciyə ölkənin kim tərəfindən idarə edilməsi məsələsində azad, məlumatlı seçim etmək imkanının verilməsidir ki, 11 aprel seçkilərində bu, olmayıb.
Sizin sualınızın son hissəsi isə bu idi ki, bəs bu pozuntu və çətinliklər nəticəni təsirləndiribmi? Biz bu suala cavab vermək üçün bütün şəraiti dəyərləndirməliyik ki, biz də bunu edə bilmirik. Lakin problem odur ki, bu, bizdən ilk növbədə soruşulan sual ola bilir. Bizim məqsədimiz seçki prosesində islahatların aparılmasına kömək etməkdir ki, heç kəsin sizin dediyiniz sualı soruşmasına ehtiyac qalmasın. Adamlarda inam olsun ki, nəticələr reallığı əks etdirir.
– İndi artıq yekun hesabat çap olunub, sizin bundan sonra gözləntiniz nədən ibarətdir? Sizcə seçki artıq başa çatıbmı, yoxsa hesab edirsiniz ki, hələ də qayıdıb, göstərilən pozuntuları aradan qaldırmaq üçün pəncərə açıqdır? Siz MSK-dan hesabatda göstərilən problemləri çözməsi, məsələn, saxtakarlıq olan 12 faiz məntəqələrdə yeni səsvermənin təşkil olunmasını gözləyirsizmi?
– Azərbaycanın seçki prosesi sistemində bunu etməkdən ötrü mexanizm yoxdur. Seçkidə qalib elan olunmalıdır. Qalibin inauqurasiyası olmalıdır ki, prezident olsun. Bizim tövsiyələr irəliyə baxmaqdan ötrüdür. Ondan ötrüdür ki, seçki sistemi və onu idarə edən qanun-qaydalarda islahatlar aparılsın ki, bizim hesabatda göstərdiyimiz pozuntular bir daha təkrar olunmasın. ATƏT-in üzvü olan bütün ölkələr öz üzərinə öhdəlik götürüblər ki, bizim yekun hesabatda göstərilən tövsiyələrə diqqətli olacaqlar. Bu, Azərbaycanda göstərilən çatışmazlıqları həll etmək üçün siyasi iradənin olub-olmamasından asılı olacaq. Biz belə hallarda həmişə deyirik ki, əgər belə bir proses olacaqsa, o, elə tez başlamalıdır ki, növbəti seçkidən əvvəl gerçəkləşdirilə bilsin. Bu, ondan ötrü vacibdir ki, namizədlər yeni qaydalarla əvvəldən tanış ola bilsinlər və qaydalar hamıya açıq olsun. Seçki prosesində iştirak edən hər kəs ondan bəhrələnə bilsin.
– Hesabatda deyilir ki, seçki komissiyaları hökumətdən müstəqil olmadıqlarını sübut etdilər. Sizi bu qənaətə necə gəldiniz?
– Əvvəla, bu, hesabatda da göstərildiyi kimi, komissiyaların formalaşdırma prosesidir. Seçki komissiyalarının üzvləri yalnız parlamentdə təmsil olunan partiyaların nümayəndələridir. Ona görə də onların arasında siyasi fərqlər olmadığından, müxtəlif səslərin olacağına da heç bir əminlik yoxdur. Qanunvericiliyə əsasən, hər bir seçki komissiyasının rəhbəri parlamentdə çoxluq təşkil edən hakim partiyanın nümayəndəsi olmalıdır. Bu üzdən biz təcrübədə elə bir şəffaflıq və ya müzakirə mühiti görmədik. Komissiya qərar verməli olanda, müzakirələr çox tez və yekdilliklə keçir, qərarların əvvəlcədən qəbul olunduğu təəssüratı yaranırdı.
– Siz hansı qərarların qəbul olunmasını nəzərdə tutursunuz? Misal gətirə bilərsinizmi? Namizədlərin qeydə alınması bura aiddirmi? Bəzi namizədlər qeydə alınmadı. Sizcə bu, siyasi qərarlar idimi?
– 2 nəfərin prezidentliyə namizədliyi qeydə alınmadı. Məsələ imzaların toplanması ilə bağlı idi. Onların kifayət qədər həqiqi imza toplaya bilməsi yoxlanılırdı. Bu imzaların həqiqiliyini təsdiq edən işçi qrup yaradılmışdı. Bizim bu işçi qrupla və Mərkəzi Seçki Komissiyası ilə müzakirələrimizdə imzaların həqiqiliyini yoxlamaq üçün metodologiyanın nə olduğunu izah edə bilmədilər. Biz onların sadəcə imzaların üzərindən keçdiklərini gördük, bizə bunun üçün imkan yaradılmışdı. Lakin biz imzaların həqiqi olub-olmadıqlarını nəyə əsasən müəyyən etdiklərini soruşsaq da, bizə bu prosesi izah edə bilən inandırıcı cavab verə bilmədilər ki, həqiqi olmayan imzaları necə müəyyən edirlər.
– Bəs seçki günü müşahidələriniz nədən ibarət oldu? Nəyə görə hesab edirsiniz ki, hökumətdən asılı idilər?
– Seçki günü müşahidələri bir o qədər də seçki komissiyaları ilə bağlı deyildi. Əvvəla, maraqlısı odur ki, seçki günündən sonra mərkəzi seçki komissiyası ilə bağlı elə bir şikayət edilmədi.
– Sizcə, buna səbəb nə idi?
– Bizim danışdığımız adamların nəzərincə, onlar şikayətlə bağlı hər hansı bir iş görüləcəyinə inanmırdılar. Onlar şikayət edərlərsə, bu şikayətlərin ədalətli araşdırılma şansı olduğunu düşünmürdülər. Ona görə də şikayət etməyin mənası qalmırdı.
Seçki günü seçki komissiyalarında vəziyyət isə bir qədər fərqlidir. Bu, seçki məntəqələrində seçki məcəlləsinin müxtəlif qaydalarının necə icra olunduğuna nəzarət məsələsidir. Bir az əvvəl dediyim kimi, görünən ödur ki, seçkiyə əvvəlcədən yaxşı hazırlıq getmişdi, resurs baxımından qıtlıq yox idi, amma seçicilərin şəxsiyyətinin müəyyən olunması və s. hallarda bizim müşahidəmiz bundan ibarət oldu ki, seçki məntəqələrində prosedurlara düzgün əməl olunmurdu. Bu, vəziyyəti daha da şiddətləndirən səslərin hesablanması prosesi idi.
Biz gün ərzində seçki bülletenlərinin topa-topa atılmasının indikatorlarını gördük. Bülletenlərin topa-topa olmasından bəlli olurdu ki, onları tək-tək yox, qrup halında, topa-topa atıblar. Eləcə də seçicilərin qeydiyyatı siyahısında bir-birinin eyni olan imzalar vardı. Bu isə onu göstərirdi ki, eyni adamlar bir yox, bir neçə seçki məntəqəsində səs vermişdilər.
– Sizcə pozuntuların əksəriyyəti qəsdən saxtalaşdırma idi, yoxsa təsadüfi səhvlər idi?
– Məsələn, xeyli sayda olan eyni imzalar halında əgər 1 adam 6 dəfə imzalayırsa, bunu təsadüfi səhv kimi qələmə vermək çətindir. Hər kəs bilir ki, 1 adam 1 dəfə səs verə bilər. Bu pozuntunun müşahidə missiyasının qeyd etdiyi həcmdə yer alması ondan xəbər verir ki, bu, sadəcə təsadüfi səhvlər deyildi, prosesdə həqiqi çətinliklər olub.
– Maraqlıdır ki, siz dediniz, seçki komissiyasından şikayətlərin azalması adamların inamının azalmasıdır. Bizsə MSK rəhbərliyindən eşidirik ki, şikayətlərin azalması seçkilərin necə şəffaf keçirildiyinin göstəricisidir. Sizcə, seçki komissiyası problemini necə həll etmək olar? Azərbaycanda növbəti seçkilər – parlament seçkiləri olacaq. Sizcə haradan başlamaq lazımdır? Bu seçkilərdə daha çox partiyanın parlamentdə təmsil olunmasına yol açmaqdanmı, yoxsa seçki komissiyalarının düsturunu dəyişməkdənmi?
– Tövsiyələrdə Mərkəzi Seçki Komissiyasına ictimai inamı artırmaq məsləhət olunur. Bunu hazırkı vəziyyətdə etmək çətindir, çünki seçki komissiyalarında parlamentdə artıq olan partiyalar təmsil oluna bilər. Dediyiniz kimi, növbədə parlament seçkiləridirsə, bunu etmək çətin ola bilir. Biz hər zaman öz ekspert dəstəyimizi göstərməyə hazırıq. O ölkələrdə ki, sistemi təkmilləşdirməyə siyasi iradə var, bu prosesə vətəndaş cəmiyyətini cəlb etmək, pozuntu kimi dəyərləndirilən məsələləri aradan qaldırmaq istəyi var. Əvvəla, bu pozuntuların olduğunu etiraf etmək və daha sonra aradan qaldırmağa çalışmaq gərəkdir. Əgər Azərbaycan hökuməti bizdən bu dəstəyi istəyərsə, biz yardım etməyə hazırıq.
Xural.com