Atam dedi ki, o keçisaqqalın biletini bu evə gətirmə!

Rahab Qazıyev: «Bizim nəslimizin böyük bir hissəsi artıq Türkiyədədir, necə oldu ki, biz Rusiyanın adamı olduq?»

Müsahibimiz sabiq müdafiə naziri Rahim Qazıyevin qardaşı Rahab Qazıyevdir. Qardaşının taleyindən bir parça da ona düşüb və Rahim Qazıyevin həbsindən sonra onun da günləri qaralmağa başlayıb. İllərlə həbsxana həyatı yaşayan Rahab bəy təcrübəli mühəndis olsa da, hələ də işsizdir.Dəfələrlə prezident və digər yüksək çinli məmurlara müraciət etsə də, onun səsinə səs verən olmayıb. Rahib bəy çarəni mətbuata çıxmaqda və mətbuat vasitəsilə müzakirə başlatmaqda görüb. Niyə siyasi mənsubiyyətinə və ya ölkənin ali rəhbərliyinə müxalifətdə olan rəqiblərə görə insanlar işsiz qalmalıdır?

Biz bu sualın cavabını Rahab Qazıyevlə araşdırmağa çalışacağıq. Ürəyi dolu idi. Söhbətə başlayan kimi nəsillərinin ötən əsrdə iki dəfə repressiyaya məruz qalmasından danışmağa başladı…

– 1930-cu ildə atamın əmisi Hüseyn Qazıyev Şəki  üsyançılarının rəhbərlərindən biri olub. Molla Mustafa ilə onlar yeznə-qayın olublar. Molla Mustafa da Şeyx Əhmədin nəvəsi olub, bu gün də onun məzarı ziyarətgahdır. Hüseyn Qazıyev 12 yaşında olarkən bir bəyin oğlunu öldürüb. Şeyx çox nüfuzlu adam olub və əmimi öz himayəsinə götürüb. Onun qoçaqlığını, cəsarətini görüb, bəyənib. Əmim də onların arasında, onların verdiyi tərbiyə ilə böyüyüb. Şeyx sonralar öz nəvəsini əmimə verib. Çünki əmim 10 il evli olsa da, övladı olmayıb. 1930-cu il üsyanlarında Hüseyn Qazıyev də onlara qoşulub. O zaman mənim atamın 13 yaşı olub. Biz ona «dədə» deyirdik. Dədəm hər zaman danışırdı ki, əmim sağdır, amma müharibə vaxtında İranda olan həmyerlilərimiz guya əmimi İranda gördüklərini söyləmişdilər. Hətta əmim orada ticarətlə məşğul imiş və onlara deyibmiş ki, «sabah gəlsiniz, qohumlarıma sizinlə sovqat, əmanət göndərərəm.» Amma səhər görüblər ki, nə dükan var, nə də Hüseyn. Sonradan məlum oldu ki, bu insanların danışdığı yalan imiş. Amma atam hər zaman əmimi sağ bilib, onu axtarıb, çox axtarıb. 1970-ci ildə bir gün Rahim Şəkiyə gedər. Atamdan yaşca kiçik bir əmim də var idi, məktəb direktoruydu. Özü də əqidəcə həqiqi kommunistlərdən idi. Ailəmizdə bu əqidəyə sahib çıxan kimsə olmayıb. Atam hər zaman onun əleyhinə idi. Bir haşiyə çıxmaq istəyirəm.

…Bir dəfə «TREST»-in rəisi Arif Mansurov məni yanına çağırıb dedi ki, «səni Qaradağa, idarəyə baş mühəndis göndərirəm, amma gərək Kommunist Partiyasının üzvü olasan.» O vaxt cavan idim, 30 yaşım vardı. 1984-cü il idi. Gəldim evdə dedim ki, məni idarəyə baş mühənidis keçirmək istəyirlər, amma şərt qoyurlar ki, gərək partiyanın üzvü olam. Atam dedi ki, «bilirsən, nə var, o keçisaqqalın biletini bu evə gətirmə!» Allaha and olsun… Elə oldu ki, bir neçə vaxtdan sonra atam dünyasını dəyişdi. Mən də partiyaya keçmədən Arif Mansurov Qaradağ rayonunun katibi Bolotinə – molokan idi – zəng vurub dedi ki, onu namizəd eləyərsən.

…1970-ci ildə Rahim Şəkiyə gedər. Əmim ona deyər ki, Türkiyədən, Ankaradan bir məktub gəlib, bizim nəslin ünvanına çox oxşayır, gəncəli məhəlləsinin ev idarəsinin rəisi məktubu mənə gətirib. Dayım məktubu götürüb Bakıya gətirdi. Filarmoniyanın qarşısında olan evimizdə yaşayırdıq. Dədəmə dedi ki, bir muştuluq ver, sənə şad xəbər verim, əmindən məktub gətirmişəm. Deyən kimi, kişinin ürəyi xarab oldu, məktubu açıb oxudu. Dedi, bəzi şeylər var ki, onun bizim nəslə aidiyatı yoxdur, dəqiqləşdirmək lazımdır. Bir cavab məktubu yazdı ki, sizdə bütün bunları sübut edəcək bir şəkil, sənəd varsa, xahiş edirik, bizə göndərəsiniz. İkinci məktub şəkillə gəldi. Nənəmin, iki iranlı qadının – dədəm dedi ki, bunlar bizim iranlı qonaqlarımız idi – bir də Hüseyn əmimin buradakı arvadı ilə birlikdə olan şəklini görən kimi atam dedi ki, hər şey aydındır. Məktubda onu da yazmışdılar ki, əmim 1954-cü ildə rəhmətə gedib. Məktubu yazan onun böyük oğlu idi. Atam viza göndərdi…

– Onları tapdınızmı?

– Tapdıq… Sözümün canı ondadır ki, o vaxtlar bir adam cürət edib deyə bilmirdi ki, mənim xaricdə, Türkiyədə, Qərbdə, İranda qohumum var.

– Demək istəyirsiniz ki, siz hər zaman öz sözünüzü deməyi bacarmısınız?

– Bəli. Atamın filarmoniya ilə üzbəüz stomotoloji kabineti var idi. Qoşqar müəllim – KVN-çi Anarın babası yanında tez-tez olurdu. Yanına gələn adamlar deyirdilər ki, bu məsələnin arxasınca getməsin, çünki uşaqları var, onların ziyanına ola bilər. Atam da deyirdi, «nə olur olsun, əlaqələrimizi quracam.» Atam ondan sonra Türkiyədə əmimin məzarını ziyarət etdi. Elə oldu ki, 1973-cü il aprelin sonlarında əmimin oğlu bura gəldi. 90-cı ilin əvvəllərində rəhmətə gedib, adı da Əsəddir. Hüseynin atasının adını qoyublar. O gələndən təxminən 10 gün sonra məni əsgərliyə apardılar. O da 1-2 ay burada qalandan sonra atama dəvət göndərdi. Mən burada olmadığım üçün sonradan bildim. Birinci dəfə rədd cavabı gələr, atamı getməyə qoymazlar. O da araşdırar ki, qoymamaqlarının səbəbi nədir? Atamın Məmməd adlı bir dostu var idi. Şəkidə çox adamın ləqəbi var idi, buna da «Əpo Məmməd» deyirdilər, ticarətlə məşğul olurdu. Kirov İnstitutunda xəstə yatar, dədəm də onu görməyə gedər, görüşərlər. Onun da yanında bir nəfər yatırmış, atam oradan çıxandan sonra həmin adam Məmməddən soruşar ki, «yanına gələn Həsən doxdurdur?» O da təsdiqləyər. Kişi də qayıdar ki, «bəs, o Türkiyəyə getməli idi, mən onun işini burdum. Mənə dedilər, onun haqqnda rəy yazım, mən də onu dolaşdırdım.» Sən demə, bu kişi DTK polkovniki Hacıyev imiş, 1947-49-cu illərdə Şəkidə işləyib. Atama dişlərini düzəltdirib pulunu vermək istəməyib. Atam məcbur pulunu alıb. O vaxtdan bu kişidə kin qalıb. Sonradan Məmməd kişi gəlib vəziyyəti olduğu kimi danışar. Atam deyir ki, mən lazım olan yerlərə gedib, bu haqda danışacam, çünki o adam mənim haqqımda yalan-böhtan yazıb, şahidlik edərsənmi? Deyib, sən nə danışırsan, mən ticarətçi adamam, belimi qırarlar… Mən bəyəm elə şeyi deyə bilərəm? Bir gün atam öz həkim dostlarını – Aydın həkimi, Nəsrəddin həkimi bir yerə yığar. Bakı Soveti metrostansiyasının yaxınlığında «Kafe Metro» var idi, ora toplaşarlar. Məmməd kişini də ora dəvət edər. Yeyib-içmək stolu açarlar. Sözarası Məmməd dayıdan soruşar ki, o hadisə necə olmuşdu? Məmməd kişi də incəliklərinə qədər hər şeyi danışar ki, bəs filankəs dedi ki, mən Həsən həkim haqqında belə şeylər yazmışam, ona görə də onu Türkiyəyə buraxmayıblar. Atam deyir ki, ay həkimlər, eşitdiniz? Mən indi o kişi haqqında DTK-ya şikayət məktubu yazacam, bunu təsdiqləyərsiniz? Onlar da deyirlər ki, əlbəttə… Belə olanda Məmməd də çar-naçar qalar. Həqiqətən də bu təsdiqlənər və atamı Türkiyəyə buraxarlar. Amma atama demişdilər ki, bir azyaşlı uşaq da yanında olmalıdır. Onda kiçik bacımın 13-14 yaşı olardı, onu da götürüb gedirlər. Artıq 1974-cü il idi. 1976-cı ildə də onlar ailəvi Bakıya gəldilər. Təxminən 3 ay burada qaldılar. Onda mən, Rahim, atam onları Leninakanda qarşıladıq, çünki Qarsdan keçirdilər. Əvvəlcə Şəkiyə getdik, sonra da Bakıya gəldik. 1978-ci ildə atam bir də Türkiyəyə getdi. Onda nəşriyyatda işləyən bacım Sara və Rahimin böyük qızı Sevinc də atama qoşuldular. O zaman artıq onlar Antaliyada yaşayırdılar, indi də orada yaşayırlar. Sonuncu dəfə 2007-ci ildə çox böyük qrupla Bakıya gəldilər. Əmimin oğlanları – Şəkixan və Bəhramın şəkillərini sizə təqdim edirəm (Şəkilləri göstərir…).

…Axırıncı dəfə «Azadlıq» qəzetində Turqut Ərin yazdığı kitab haqqında oxudum. O kitab məndə yoxdur. Orada Turqut Ər işarə vurur ki, «Rahim Qazıyev Rusiyanın adımıdır…» Bizim nəslimizin böyük bir hissəsi artıq Türkiyədədir. Burada olan hissədən daha artıqdır. Onların soyadı Kadıoğlu kimi gedir… Onlar Qazıya Kadı deyirlər, ona görə. Necə oldu ki, biz Rusiyanın adamı olduq?

– Belə çıxır ki, nəsliniz bir də Rahim Qazıyev həbs olunandan sonra repressiyaya məruz qalıb?

– Bəli, bir də Rahim bəylə birlikdə…

– Rahim bəyin müdafiə naziri olması nəslinizə düşməyib?..

– Yox, düşdü-düşmədidən söhbət getmir. Mən nə olanlarla, nə də olacaqlarla bağlı təəssüflənmirəm. O zaman imkanlarım çox idi. Böyük bir trestin rəhbəri idim. Yəni bütün maşın mexanizmləri, tikintidə istifadə olunan maşın avadanlıqları sərəncamımda idi. Mənim o vaxt Rahimə heç bir ehtiyacım yox idi. 1988-ci ildə trestin baş mühəndisi idim. Onda Rahim institutda müəllim işləyirdi. Müdaifə naziri olanda da cəmi bir dəfə yanına getdim, çünki bir UAZ maşınımı oğurlamışdılar.

– Kim oğurlamışdı?

– Bilmirdim. Təzə UAZ idi, dövlət təminat idarəsindən çıxarmışdım. Əvvəlcə İsgəndər Həmidova zəng vurdum. O dedi ki, «811-ci Laçın polkundadır həmin UAZ. Get qardaşına de, alsın versin.» Mən də ona görə Rahimin yanına gəldim ki, dövlətin malıdır. Onda az-çox dövlət var idi də… Rahim iş kabinetində tək oturub yemək yeyirdi. Üzümə də baxmadı. Dedim, bir qaldır üzünü, üzümə bax də… Dedi, nə olub, niyə gəlmisən? Dedim, UAZ-ımı oğurlayıblar, dövlət malıdır, tapa bilmirəm.  Dedi, qeyrətli oğlandır ki, oğurlayıb aparıb orduya. Mən də əsəbiləşdim ki, «bu maşın dövlətindir ey… Nə mənim dədəm Həsən kişinin, nə də sənin dədən Həsən kişinin malı deyil…» Dedi, Vahidə de bir məktub yazsın, siz də işdə həmkarların üzvlərini yığın və qərar qəbul edin ki, orduya maşın bağışlamısınız…

Mən ora-bura raport göndərməkdən yorulmuşdum. Bunlar deyirlər ki, elə cinayət işində də var ki, sən mart ayında təzədən Şuşaya qayıtmamısan… Allaha and olsun ki, ağ yalan danışırlar.

– Söhbət Rahim bəydən gedir?

– Hə, Rahim mənə zəng vurub dedi ki, bizə bir «laped» lazımdır – tank aparmaq üçün… Tank da Bayılda bir zavod var idi, orada idi. Mənə dedi, «lapedi ora göndər, özün də gəl.» Görün nə qədər savadsız adamlar idi ki, tankın yağını dəyişmək istəyirdilər, yağ haradan buraxırdı, onun yerini tapa bilmirdilər. «Laped»in sürücüsü rus idi, girdi tankın altına, sən demə, onun altında dəyirmi bir şey var, onu basırsan, yağ şırıltı ilə yerə tökülür. Ondan sonra da yağı töküb dəyişdilər. Sonra da onu mindirdilər «laped»ə, göndərdilər Şuşaya… Rahim də getdi Şuşaya… Onlarda nə tank, nə də silah-sursat daşıyan maşın yox idi. Elə səhərdən axşama kimi, – yanvarın axırı, fevralın əvvəli olardı – bütün silah-sursatları mənim maşınlarımla daşıdılar.

– UAZ-ı geri qaytardılar, yoxsa hədiyyə elədiniz?

– Hədiyyə elədik. Onlardan maşın almaq olardı? Bir gün gecə 02.00 radələrində mənə Baba dayı rəhmətlik zəng vurub…

– Baba Nəzərli?

– Hə. Deyir ki, Rahab, təcili bir tank aparmaq lazımdır. Rahim bəyin əmridir, təcili bir «laped» ver. Dedim, «laped» yoxdur, içalatı tökülüb. Deyir olsun, göndər gəlsin. Deyirəm, a kişi, «razdatka»sız o tankı darta bilməz, mümkün deyil. Dedi, indi Rahimə deyəcəm… Dedim, get de, indi məni tutun öldürün, «razdatka» tapılmır, mən nə edim? Bir də gördüm, rəhmətlik Vahid Musayev zəng vurub ki, Rahab, sən canın, gör nə edə bilirsən? Dedim, Vahid, sənin canın, atanın, atamın canı «razdatka»sı dağılıb, yenisini də tapa bilmirəm. Onu da ancaq kənd təsərrüfatı texnikası idarəsindən tapmaq mümkündür. O da Müzamil Abdullayevin əlindədəir. Onda da o nazir idi…

– Müzamil Abdullayevlə münasibətləriniz necə idi?

– Mən onu tanımırdım. Nazir idi, mən isə trestdə işləyən bir adam. Dedim, zəng vurun, yenisini versin. Mən də işçilərimi çağırım, yerinə yerləşdirsinlər. Dedi, yaxşı… 15 dəqiqədən sonra həyat yoldaşım dedi ki, qardaşın zəng vurub. Telefonda bir qızışıb ki, gəl görəsən. Mənə deyir ki, bu saat sənin trestini yerlə-yeksan eləyərəm, gör neçə nazir müavini sənə zəng vurub, vermirsən. Dedim, vermirəm yox ey, sənin də maşından çox gözəl başın çıxır, sən maşının bütün hissələrini məndən yaxşı bilirsən, bu «laped»in «razdatka»sı («qoşqu») işləmir, onsuz «laped» tankı darta bilər? Deyir, yox. Yarım saatdan sonra Müzamil mənə zəng vurdu ki, nə haray salmısan? «Razdatka» lazımdır, de verim də… Neçə dənə lazımdır? Bir dənənin yerinə dedim, dörd dənə… Səhər tezdən gətirdilər, birləşdirdik «laped»ə, götürüb apardılar. Biz belə zülümlərlə işləmişik.

– Sizi niyə həbs etdilər? Konkret günahınız nə idi?

– Sözün düzü, ilk dəfə 1990-cı ildə, 20 Yanvar şəhidlərinin 40-ı günündə həbs olundum. Səhər 7-də Şəhidlər Xiyabanını ziyarət etdim, oradan da maşina minib trestə gəldim.

– Hansı trestdə işləyirdiniz?

– «Promstroymexanizasiya»… «Sənayetikintimexanizasiya tresti»ndə… Qara şəhərdə olan iki yanacaq doldurma məntəqəsinin arasında yerləşirdi. Evdən zəng vurdular ki, gəl. Mən də getdim, gördüm evdə axtarış gedir. Atamın iş kabinetinə keçdik. Hamımız orada oturmuşduq. Bir az sonra gördük səs-küylə qapını sındırırlar. Bizi tutdular apardılar. Köhnə DTK-nın binasının yanında maşını dəyişdilər. Gördük maşını aeroport yoluna çxardılar. Aeroporta çatana kimi düşünürdük ki, yəqin bizi təyyarə ilə harasa aparacaqlar, sonra gördük ki, Şüvəlana gətirib çxarıblar. Avtobusda mənə dedilər ki, dövlətə məmuruna müqavimət göstəribsən. Mən də dedim ki, evimdə oturub dövlət məmuruna necə müqavimət göstərə bilərəm? Polkovnik idi, dedi ki, «podpişi!» Dedim, «ne budu!» Rahim dedi ki, «bunların gözü qanla dolub, güllələyərlər, imzala…» Götürdum, qol çəkdim. Məni 16 nəfərlik, buz kimi bir kameraya saldılar. Dəhşətli dərəcədə soyuq idi. Rahimi də 3-4 gündən sonra çıxarıb Moskvaya, Lefortovaya apardılar…

– Bəs siz həbsxanada nə qədər qaldınız?

Davamı gələn saylarımızda

Hazırladı:

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il


Əlaqəli məqalələr

1 şərh

  1. Deyirəm Nə Rəhim-Məhim bazarıdı, bu Cəphəçilər təsadüfi adamlar idi də..Ara qarışdı bunlar da təsadüfi keçdilər hakimiyyətə. Bunlar xalqı aldadan, xalq iradəsinə arxalanmayan qorxaqlardı. İstəyim budu ki camaatımız bunlara aldanmasın. Bu neçə ildə bunlar yalnız kinnən bəslənib, kinnən dolublar. Düşüncələri YAP-dan intiqam almaqdı. Türkiyənin MHP-sindən bunların heç bir fərqi yoxdu. Bunlarınki quru millətçilikdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button