ATU-da ilk dəfə prostat vəz laporoskopik yolla çıxarıldı

 ATU-da ilk dəfə prostat vəz laporoskopik yolla çıxarıldı

Əməliyyatda Azərbaycanla yanaşı Almaniya və Türkiyədən mütəxəssislər iştirak ediblər

xural.com-a ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, ATU-nun Tədris Cərrahiyyə klinikasında laporoskopik radikal prostatektomiya əməliyyatı icra edilib.

Əməliyyatda iştirak edən həkimlərdən biri, ATU-nun onkologiya kafedrasının assistenti, uzman-onkouroloq Vasif İsmayıl bildirib ki, iki saat yarım davam edən əməliyyatın nəticəsi uğurlu olub: “Bizə 70 yaşlı xəstə müraciət etmişdi. Onda müayinələr nəticəsində prostat vəzin xərçəngi aşkarlandı. Bu, doğrudan da dəhşətli xəstəlikdir, dünyada kişilərin  ölümünə səbəb olan əsas xəstəliklərdən biridir. Ancaq prostat vəzin xərçəngi vaxtında aşkarlanaraq   düzgün  müalicə olunarsa xəstəni tamamilə sağaltmaq mümkündür”.

Uroloq Vasif İsmayıl qeyd edir ki, ATU-nun Tədris Cərrahiyyə klinikasına müraciət edən  bu xəstədə prostat vəzin tamamilə çıxarılması əməliyyatı –  radikal prostatektomiya əməliyyatı aparılamalı idi: “Radikal prostatektomiyanı həm klassik, açıq əməliyyatla, yəni köhnə metodla aparmaq mümkündür, həm də  laporoskopik,  robot yardımı ilə etmək olar. Biz isə  laporoskopik radikal prostatektomiyaya qərar verdik.  Bu əməliyyat bütün laporoskopik əməliyyatların ən çətini və  əziyyətlisi  sayılır”.

Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə klinikasında icra edilən bu əməliyyatda  Vasif İsmayılla yanaşı, Türkiyənin məşhur uroloqu Yaşar Özgük, Almaniyada yerləşən Haydinbörq  Klinikasının urologiya şöbəsinin şef yardımçısı Əli Sərdar Gözen də iştirak etmişdir.

Vasif İsmayıl qeyd edir ki, “bu əməliyyatın icrası təkcə ATU üçün deyil, ümumiyyətlə Azərbaycan tibb elmi üçün əlamətdar bir hadisədir. Laporoskopik radikal prostatektomiya əməliyyatını Azərbaycanda ilk dəfə icra etmək bizim də həvəsimizi artırır. Çünki biz artıq bir neçə ildir ki, laporaskopik urologiya ilə ciddi şəkildə məşğul oluruq. Əməliyyat etdiyimiz xəstənin indiki vəziyyəti normaldır, adekvatdır, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, 8-9 iyun tarixlərində  ATU-nun Tədris Cərrahiyyə Klinikasında  Türk UroLap dərnəyinin 32-ci beynəlxalq tətbiqi  laparoskopik urologiya kursu təşkil olunmuşdur. Yuxarıda söz açdığımız əməliyyatda iştirak edən həkimlər həm də bu tədbirə qatılıblar.



Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button