Əvəz Zeynallı G.Əhmədovadan rüşvət istəməyib

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməsi ilə bağlı YAP-çı millət vəkili Gülər Əhmədovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etdiyi audioyazı barəsində ekspert rəyi açıqlanıb.

Bu haqda hazırda Bakı İstintaq Təcridxanasında olan Ə.Zeynallıya vəkillərin iştirakı ilə məlumat verilib. Baş redaktorun vəkili Elçin Sadıqovun sözlərinə görə, ekspert rəyinə baxdıqdan sonra müdafiəçi tərəf bir daha əmin olub ki, Əvəz Zeynallı iddia olunduğu kimi Gülər Əhmədovadan heç bir məbləğdə pul istəməyib. O cümlədən də istintaqın iddia etdiyi kimi hədə-qorxu faktı da aşkarlanmayıb: “Biz Ə.Zeynallı həbs olunduqdan az sonra həmin audioyazının stenoqrammını mətbuata yaymışdıq. Ekspert rəyi də təxminən o stenoqrammla eyni xarakterlidir. Lakin ekspert rəyində təhriflərə yol verilib, çatışmamazlıqlar da var. Bununla bağlı biz təkrar ekspertiza keçirilməsilə əlaqədar vəsatət qaldırdıq. Yaxın günlərdə vəsatətin təmin olunub-olunmamasına münasibət bildiriləcək. Yəni audioyazıda  rüşvət tələb olunması haqda heç bir fakt qeydə alınmasa da, linqvistik ekspertiza belə bir rəy verib ki, guya Ə.Zeynallı ilə G.Əhmədova arasında hansısa razılaşma əldə olunub. Halbuki G.Əhmədovanın təqdim etdiyi diskdə belə bir şey ümumiyyətlə yoxdur. Əlavə olaraq G.Əhmədovanın da dedikləri ekspert rəyində ixtisar olunub, danışıq məntiqsiz və əlaqəsizdir. Bu məqam faktiki olaraq G.Əhmədovanın səsinin təhrifedilməsi deməkdir, bu isə tam qanunsuzluqdur. Ona görə də biz təkrar ekspertiza məsələsini qaldırdıq. Təkrar ekspertizanın Azərbaycanda keçirilməsinə də etiraz olundu. Çünki Ədliyyə Nazirliyi Əvəz Zeynallıya qarşı qərəzli mövqe tutan və onun haqqında başqa məzmunlu cinayət işi qaldıran bir orqan olduğu üçün Azərbaycanda təkrar ekspertiza birincidən fərqlənməyəcək. Hal-hazırda Ə.Zeynallının Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsi var, ona görə də biz xahiş etmişik ki, təkrar ekspertiza başqa bir ölkədə – Azərbaycanın hüquqi yardıma dair müqavilə bağladığı xarici dövlətlərin birində keçirilsin. Bundan əlavə biz bildirmişik ki, həmin audioyazı müdafiə tərəfinə də təqdim olunsun ki, biz də təkrar ekspertiza keçirə bilək. Onlar bizim dəfələrlə etdiyimiz tələblərə, qaldırdığımız vəsatətlərə baxmayaraq həmin audioyazını bizə təqdim etməyiblər və bunu da onunla izah edirlər ki, biz həmin disk yazısını hansısa kütləvi çıxışlarda yaya bilərik, bu da istintaqın gedişinə mane ola bilər. Mən dəfələrlə istintaqda  bildirmişəm ki, əgər həqiqətən də Ə.Zeynallı iddia olunduğu kimi, G.Əhmədovadan rüşvət istəyibsə və bu da lentə yazılıbsa, o zaman bizim bu audioyazını mətbuata çıxarmağımız məntiqi olaraq öz əleyhimizə işləməlidir və biz bununla Ə.Zeynallının cinayət etmiş olduğunu özümüz təsdiqləmiş olarıq. Yox, əgər iddia olunduğu kimi rüşvət faktı yoxdursa, o zaman həqiqətən də indiki dövrdə audioyazının ictimailəşməsi iddiaçı tərəfin özünün ziyanına işləyəcək. Ona görə də bizə diski vermirlər. Ekspertiza rəyindən o da açıq-aşkar aydın olur ki, mətn tam ayrı formadadır.”

Ekspert rəyindən o da məlum olub ki, millət vəkili G.Əhmədova heç bir səbəb olmadan Ə.Zeynallıya qızıl komplektini təklif edir. Ə.Zeynallı isə, “bu nə söhbətdir edirsiniz, belə söhbətlər etməyin, yoxsa münasibətləri tamam kəsərəm” deyib. Bu danışığın özündə belə hədə-qorxu faktı yoxdur, əksinə rüşvətə təhriketmə faktı var.

Ekspert rəyində həm də göstərilir ki, CD -də yazılan danışıqlar əsli deyil, köçürülmüş variantda ekspertizaya təqdim olunub. Birinci variant isə nə ekspertizaya, nə də istintaqa verilməyib ki, bu da səs yazılarının mantaj ehtimalını artırır.

Xatırladaq ki, 2011-ci il dekabrın 8-də müstəntiqin səs nümunəsi götürməsi üçün müraciətinə Ə.Zeynallı etiraz edib və bunu da onunla əlaqələndirib ki, səs nümunəsinin verilməsi qarşılığında lent yazısının bir surəti ona və vəkillərinə təqdim olunmalıdır. Çünki hazırkı texnologiya səsdən istənilən məzmun yaratmaq imkanındadır. Buna görə də Əvəz Zeynallı əvvəlcə lent yazısının ona, mətbuata və cəmiyyətə açıqlanmasını tələb edib. Müstəntiq, «biz bunu edə bilmərik, çünki siz dərhal onu «Youtube»da yerləşdirəcəksiniz» cavabını verib. Ə.Zeynallı imtina etdikdən sonra onun səs nümunəsi “30 İyun – Sevgililər Günü” tədbirində etdiyi çıxışın videokasetindən götürülüb.

Məlumat üçün bildirək ki,  həbsindən dərhal sonra Əvəz Zeynallı saxlanıldığı BİT -dan millət vəkili Gülər Əhmədova ilə görüşünün stenoqramını mətbuata açıqlamışdı. Çoxsaylı xahişlərdən sonra Gülər Əhmədovanı qəbul etdiyini xatırladan Əvəz Zeynallı millət vəkili ilə aralarındakı söhbətin belə olduğunu deyib:

«Gülər Əhmədova «Xural» qəzetinin redaksiyasındakı iş otağıma daxil olan kimi dərhal dedi:

G.Əhmədova: – Əvəz, sənə nə qədər pul lazımdır, de, mən verim.

Mən: – Sizdən kim pul istəyir? Pulunuz-zadınız lazım deyil!

G.Əhmədova: – Mən qəzetin çapına kömək etmək istəyirəm.

Mən: – Bizə sizin köməyiniz lazım deyil.

G.Əhmədova: – “Mərkəz” qəzetinin çapını öyrənmək istəyirəm. Sən qəzetin bir nömrəsinin çapına nə qədər xərc çəkirsən?

Mən: – Təxminən 500 manat.

Fasilə yaranır. Gülər Əhmədova hesablayır…

G.Əhmədova: – Mən sənin bir illik yox, 6 aylıq xərcini ödəyə bilərəm. Bu da 10.000 manat eləyir.

Mən: – Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil!

Söhbət burda da yekunlaşır və mən Gülər Əhmədovanı otaqdan çıxarıram”.

Xatırladaq ki, Gülər Əhmədova 19 oktyabr 2011-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının ondan hədə-qorxu yolu ilə 10.000 manat pul istədiyini bildirmiş və yuxarıda stenoqrammı verilən lent yazısını “dəlil” kimi təqdim etmişdi. 28 oktyabr 2011-ci il tarixdə Nəsimi rayon məhkəməsində lent yazısının dinlənilməsi zamanı Əvəz Zeynallının səsi eşidilməsə də, məhkəmə «Xural» qəzetinin baş redaktoruna qarşı 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Əvəz Zeynallı barəsində CM-nin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi açılıb. Sonradan işə CM-nin 311.3.2. və 306.2 maddələri də əlavə edilib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button