Avropa gəldi, sərhəddə silahlar işə düşdü…

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutan Azərbaycan-Ermənistan danışıqları pozitiv əhval-ruhiyyə yaratsa da, tərəflərin mövqelərində əsas ziddiyyətlər qalmaqda davam edir. Bu günlərdə sərhədyanı rayonlarda, habelə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə atəşkəsin intensiv pozulması da diqqət çəkir. Xatırladaq ki, Avropa İttifaqının müşahidə missiyası bu həftənin əvvəlində Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra ABŞ və Avropa ittifaqının da dəstəklədiyi dəhlizlər üzərində suverenlik prinsipini irəli sürmüşdü. Yəni kommunikasiyalar açılır, Zəngəzur dəhlizinin başlanğıcı və sonunda, eləcə də Ermənistanla Laçın arasında nəzarət-buraxılış məntəqələri qoyulacaq. Prezidentin daha bir şərti Kremldən Xankəndinə göndərilən milyarder Ruben Vardanyanın bölgəni tərk etməsindən sonra Qarabağ erməniləri ilə təmaslara başlayacağını bəyan edib. Bu gün artıq separatçıların rəhbəri Araik Arutyunyan Vardanyanı istefaya göndərərək, onun postunu “baş prokuror” Qurgen Nersisyana təklif edib. Milyarder istefaya göndərilsə də hələlik Xankəndini tərk etməyib, bu da Bakının tələbinin tam şəkildə yerinə yetirilməsi anlamına gəlmir. Bəzi ekspertlər Vardanyanın Xankəndində qalacağını bildirirlər. Beləliklə, Bakı ilə Qarabağ erməniləri arasında təmasların yaxın zamanlarda başlayacağı inandırıcı deyil.

Nəzarət-buraxılış məntəqələri barədə təklifə həmin gün Baş nazir Nikol Paşinyan “yox” cavabı vermişdi, mövqeyini isə Azərbaycanın 10 noyabr bəyanatında Laçın dəhlizində hərəkətin sərbəst olacağı ilə bağlı üzərinə öhdəlik götürməsi ilə izah etmişdi.

Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqun xarici işlər naziri Jan Asselbornla birgə keçirdiyi mətbuat konfransında Paşinyanın mövqeyini təkrarlayıb. Bildirib ki, Ermənistan Laçın dəhlizində mövcud razılaşmaların güc tətbiqi və buna dair təhdidlərlə dəyişdirilməsini istisna edir, bu siyasətə qarşı çıxır: “Ermənistan sərhədində və Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqələri yerləşdirilməsi ideyası səslənib. Ancaq bizim cavabımız birmənalıdır və biz açıq şəkildə, Laçın dəhlizi blokadaya alınandan dərhal sonra bu mövqeyi bildirmişik və bu mövqe dəyişməz qalır. Laçın dəhlizində şərtlər razılaşdırılıb, həm də Azərbaycan prezidenti tərəfindən imzalanıb. 9 noyabr sənədi barədə danışıram. Laçın dəhliziylə bağlı şərtlərə yenidən baxılması, güc tətbiqi və ondan yenidən istifadəylə bağlı təhdidlər bizim üçün qətiyyən qəbuledilən həll yolu deyil, ola da bilməz. Laçın dəhlizi Qarabağı Ermənistan və dünya ilə birləşdirən yeganə yoldur, onun bağlanması Qarabağdakı ermənilərin təcrid edilməsi deməkdir”.

Azərbaycanın Xarici İşlər Nazirliyi Mirzoyanın bu bəyanatına kəskin reaksiya verərək, Mirzoyanın həmişəki kimi, sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olduğunu bildirib.

“Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina və sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil”, – Azərbaycan XİN-in bəyanatında deyilir.

Dünən həmçinin BMT-nin beynəlxalq məhkəməsi Ermənistanın Azərbaycana qarşı keçid tədbirinin tətbiqinə dair vəsatətini qismən qəbul edib, Azərbaycanın Ermənistana qarşı vəsatətinə isə baxılmaması barədə qərar qəbul edib.

Ermənistan beynəlxalq məhkəmədən Azərbaycanın iki aydır ki, bağlı olduğu iddia edilən Laçın dəhlizinin açılmasına, insanların və nəqliyyatın hər iki istiqamətdə sərbəst hərəkətinin təmin olunmasına təhkim edilməsini istəmişdi.

Məhkəmənin qərarında deyilir ki, “Ermənistan Azərbaycana qarşı” işi üzrə yekun qərar qəbul edilənədək Azərbaycan Laçın dəhlizində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə fasiləsiz hərəkətini təmin etməlidir.

Haaqa məhkəməsi Azərbaycanın Ermənistana qarşı ərazimizdə minalar basdırılmasını və Laçın dəhlizi ilə minaların daşınmasını dayandırmasına dair keçid tədbirin görülməsi üzrə vəsatətinə baxmaqdan imtina edib. Lakin məhkəmə Azərbaycanın etirazların təşkili və dəstəklənməsini dayandırması və Qarabağa təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərini rədd edib.

Ermənistanın Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı bəyanatda bildirilir ki, Azərbaycan üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Bəyanatda deyilir ki, məhkəmənin qərarında Konvensiya çərçivəsində ermənilərin hüquqlarına bərpası qeyri-mümkün ziyanla nəticələnə biləcək birbaşa təhdidin mövcudluğu təsbit olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi də Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 2021-ci il dekabrın 7-də verdiyi qərarına uyğun olaraq, məhkəmənin Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığını bir daha təsdiq etməsini alqışlayır. Nazirlik hesab edir ki, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək:

“Həmçinin Azərbaycan tərəfindən etirazların təşkili və dəstəklənməsini dayandırması və Qarabağa təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini alqışlayırıq”.

Açıqlamaya görə, məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair… Azərbaycanın səylərini nəzərə alıb.

Yaranmış vəziyyəti Pressklub.az-a şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətə başlamasından üç gün ötməmiş ən mənfi proqnozlar özünü doğrultmağa başlayıb:

“Bəyan edilirdi ki, Aİ missiyası konstruktivdir, sülh müqaviləsinin imzalanmasına kömək edir, Azərbaycanın Ermənistana təcavüz etməməsinə zəmanət verir. Amma Ermənistan rəhbərliyi Aİ-nin missiyasından əlavə təminat kimi istifadə edərək, Qarabağ məsələsində daha fəal olmağa çalışır”.

Ekspert bildirir ki, sərhədin bütün perimetri boyu başlayan erməni təxribatı, Ermənistanın Aİ missiyasından Azərbaycana qarşı vasitə kimi istifadə edəcəyinin göstəricisidir. Onun sözlərinə görə, Ermənistanın Laçın yolunun başlanğıcında hər iki tərəfin nəzarət-keçid məntəqəsi ideyasından imtina etməsi İrəvanın Qarabağ məsələsində daha fəal olacağını göstərir. Beynəlxalq Ədalət Məhkəməsinin hökmü onların bu mövqeyini daha da gücləndirəcək.

Təhlilçi vurğulayır ki, Mirzoyanın sözügedən bəyanatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın “Qisas” əməliyyatından əvvəl Azərbaycanın Laçından geri çəkilmək təklifinin qeyri-legitim olması ilə bağlı bəyanatına bənzəyir. “Amma sonuc hamıya məlumdur”, – o əlavə edib.

“Azərbaycan birtərəfli qaydada Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaqsa, o zaman Ermənistanda Zəngəzur dəhlizində də nəzarət- keçid məntəqəsinin yaradılacağı ilə bağlı İlham Əliyevin verdiyi təklifin qüvvədə qalacağına dair təminatlar haradandır?! Bakı ikitərəfli əsasda danışıqlar aparmağı və vasitəçiləri fakt qarşısında qoymağı təklif edir. Bakı İrəvana, həm Moskvaya, həm də Brüssel və Vaşinqtona münasibətdə daha subyektiv olmağı təklif edir. Bu kontekstdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri böyük əhəmiyyət kəsb edəcək. Hazırda Lavrov kimi təcrübəli diplomat üçün də manevr imkanı azdır”.

Politoloq hesab edir ki, Paşinyanın dəyişkən siyasətinin Ermənistanı hara aparacağını bir qədər gözləmək lazımdır. “Bizim tərəfdən isə avropalılara və amerikalılara Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı aydın mesajlar verilməlidir”, – F.Məmmədov vurğulayıb.

Turqut

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button