Avropa İnsan Hüquqları Məhkəməsi Saakaşvilinin şikayətini rədd edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 23-də Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin şikayəti üzrə qərarını dərc edib.

Saakaşvilinin şikayəti onun barəsində Gürcüstanda qaldırılmış iki cinayət işi ilə bağlı idi.

AİHM bildirir ki, keçmiş prezident bu məsələlər barədə Gürcüstan məhkəmələrində qəbul olunmuş qərarların ədalətsiz olmasına dair kifayət qədər sübut təqdim edə bilmədiyindən ona rədd cavabı verilib.

Sözü gedən cinayət işlərində söhbət 2005-ci ildə müxalifət deputatının döyülməsindən və 2008-ci ildə qətlə görə məhkum edilmiş 4 keçmiş DİN əməkdaşının qanunsuz əfv edilməsindən gedir.

AİHM hakimləri yekdilliklə qərara gəliblər ki, Saakaşvili bu işlər üzrə ədalətli mühakimədən məhrum edilməyib.

Hakimlər habelə 5 leyhinə, 2 əleyhinə olmaqla belə qənaətə gəliblər ki, Gürcüstan hakimiyyəti Avropa Konvensiyasının cinayət olmayan işə görə cəzalandırmaya dair maddəsini də pozmayıb.

Saakaşvili şikayətində iddia edirdi ki, ona qarşı ittihamlar siyasi motivli olub.

Lakin AİHM-in qərarında deyilir ki, ittihamlar “ciddi və əsaslandırılmış” sayılmalıdır.

Hakimlərin fikrincə mühakimə mübahisələndirilib və məhkəmə öz qərarını əsaslandırıb.

Mixeil Saakaşvili bir deputatın döyülməsi ittihamı üzrə 2018-ci ildə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onun barəsində habelə digər iş, qətllə bağlı məhkumların qanunsuz əfv edilməsi işi ilə bağlı 3 il həbsxana hökmü çıxarılıb.

Saakaşvili 2021-ci ilin payızında Gürcüstana qayıtdıqdan sonra hazırda 9 illik həbsxana cəzasını çəkir.

Bununla belə o, xeyli müddətdir ki, səhhəti ilə bağlı Tbilisidəki özəl klinikada saxlanır.

Saakaşvili əmindir ki, ona qarşı cinayət təqibi siyasi motivlidir. O iddia edir ki, bu məsələdə Tbilisi Kremlin sifarişini yerinə yetirir.

Gürcüstanın ədliyyə naziri Rati Breqadze AİHM-in qərarını “gürcü dövlətinin tam qələbəsi” adlandırıb.

Bu da qeyd olunmalıdır ki, AİHM-in qərarı Gürcüstanda “xarici agent” qanununa qarşı etirazlarla eyni vaxta təsadüf edib.

Saakaşvilinin tərəfdarları bu aksiyalarda fəal iştirak edirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button