Avropa İttifaqı Çindən gələn elektromobillərə rüsumu artırır

Avropa Komissiyası (AK) çərşənbə günü, iyunun 12-də Çin istehsalı olan elektrik avtomobillərinə 38.1 faizə qədər rüsumlar tətbiq etdiyini açıqlayıb. Qərar iyulun 4-dən qüvvəyə minməlidir. Pekin isə qarşı tərəfi Avropa mallarının bir neçə kateqoriyası ilə bağlı cavab tədbirləri ilə hədələyib.

Avropa Komissiyası Çində elektrik avtomobillərinin istehsalı ilə bağlı aylardır davam edən araşdırmadan sonra rüsumları kəskin şəkildə artırmaq qərarına gəlib (hazırda 10 faizdir). Audit göstərib ki, istehsalçılar Avropa İttifaqına (Aİ) ucuz qiymətlərlə elektriklə işləyən avtomobillər tədarük etməyə imkan verən geniş dövlət subsidiyaları alırlar. Avropa Komissiyasının sədr müavini Marqaritis Sxinasın sözlərinə görə, belə dempinq Avropanın elektromobil istehsalçıları üçün təhlükə yaradır.

AK-nın yeni qərarına əsasən, araşdırmaçılara məlumat verən istehsalçı şirkətlərin elektrik maşınlarına Avropada 21, məlumat verməyənlərə isə 38.1 faiz rüsum tətbiq olunacaq. Bu, təkcə Çin şirkətlərinə deyil, Çin zavodlarında avtomobil istehsal edən xarici şirkətlərə də aiddir.

Çin Ticarət Palatası Avropa Komissiyasının qərarı ilə razılaşmadığını bildirib. O, hökumətin subsidiyaları ilə bağlı araşdırmanı “cadugər ovu” adlandırıb. Bundan əvvəl Çin Ticarət Nazirliyi Brüsselə xəbərdarlıq etmişdi ki, Avropadan təyyarələrin və kənd təsərrüfatı məhsullarının Çinə idxalı ilə bağlı məhdudlaşdırıcı tədbirlər onun qeyri-dost addımlarına cavab ola bilər. Çin həmçinin, Fransanın şərab sənayesini, yəni konyak istehsalçılarını yoxlamağa başlayıb. Çin fransız konyakının ABŞ-dən sonra ikinci ən böyük idxalçısıdır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button