Avropa İttifaqı ilə Moldova arasında təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq müqaviləsi imzalanıb

Yayımlandı: 22 May 2024 13:26

Ölkə 2030-cu ilədək Avropa Birliyinə qoşulmağa ümid edir

Moldova Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq müqaviləsi imzalayıb.

Beləliklə, Moldova Avropa İttifaqı ilə belə razılaşma əldə edən ilk ölkə olub.

Avropa İttifaqı xarici işlər komissarı Cozep Borrel “X” platformasında yazıb ki, əməkdaşlıq Moldovanın dayanıqlığını möhkəmləndirəcək:

“Eyni zamanda hər iki tərəfə təhlükəsizliyin ümumi məsələlərini birlikdə həll etmək, qarşılıqlı fəaliyyətimizi səmərəliləşdirmək və əməkdaşlığın yeni sahələrini aşkar etmək imkanı verəcək”.

Cozep Borrel. Foto: “europarl.europa.eu/”

Avropayönlü Prezident Maria Sandu başda olmaqla, Ukrayna ilə NATO və Aİ üzvü Rumıniya arasında yerləşən Moldova 2030-cu ilədək Avropa Birliyinə qoşulmağa ümid edir. Həmçinin ölkə rəhbərliyi Rusiyanın qonşu Ukraynaya genişmiqyaslı işğalını qətiyyətlə pisləyib.

Moldovanın Baş naziri Dorin Recean “X”-də bildirib ki, Aİ-yə üzv olmaq Moldova vətəndaşları üçün sülh və sabitliyi təmin etmək üçün ən yaxşı mexanizm olacaq.

“O vaxta qədər Aİ-Moldova Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığının imzalanması sülhü, təhlükəsizliyimizi və rifahımızı gücləndirən irəliyə doğru bir addımdır”, o yazıb.

Martda Prezident Sandu Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayaraq, Rusiyanın Moldovada sabitliyi pozmaq üçün səylərini təzələdiyi və Prezident Vladimir Putinin Ukraynada qarşısı alınmasa, səylərini davam edəcəyi barədə xəbərdarlıq etmişdi.

Moldova 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanıb və Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Moskva ilə münasibətləri pisləşib.

Hazırda imzalanan və 28 bənddən ibarət olan tərəfdaşlıq planı Rusiyanın Ukraynaya təcavüzündən sonra “getdikcə çətinləşən təhlükəsizlik mühitini” nəzərə alır və geniş sektorlar üzrə məsləhətləşmələrə çağırır. Bunlara kiber təhdidlər, dezinformasiya, terrorla mübarizə və “Moldovanın müdafiə sektorunda milli təhlükəsizliyinin, sabitliyinin və dayanıqlığının artırılması” daxildir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button