Avropa Məhkəməsi «Xural»ın şikayətini icraata götürdü

Əvəz Zeynallı: «Ramiz Mehdiyevlə Avropa Məhkəməsi müstəvisində mübarizəyə davam edəcəyik»

 Bir müddət öncə Prezident Administariyasının rəhbəri Ramiz Mehdiyev “Xural” qəzetinin 23 may 2010-cu il buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqaləyə görə “Xural” qəzeti ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdi. Nərimanov rayon məhkəməsi iddiaları əsaslı hesab edib, qəzetin təkzib verməsini, üzr istəməsini və 10.000 manat kompensasiyanın Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi M.Ə.Sabir küçəsi 88 ünvanında yerləşən “Ümid yeri” Uşaq Evinə köçürlüməsi ilə bağlı qərar verib.

Məhkəmənin qərarı ilə razılaşmayan redaksiya heyəti Apellyasiya Məhkəməsinə müraciət etsə də, qərar dəyişməyib. Bundan sonra qəzetimizin baş redaktoru Əvəz Zeynallı 17 avqust 2011-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. O, ərizəsində baş redaktoru olduğu “Xural” qəzetinin höküməti, yüksək vəzifə tutan şəxsləri tez-tez tənqid etdiyi və bu səbəbdən də dəfələrlə cinayət ittihamları və basqıları ilə üzləşdiyini bildirib. Nərimanov rayon məhkəməsinin Ramiz Mehdiyev leyhinə çıxardığı qərara etiraz etdiyini və hüquqlarının bərpa edilməsini xahiş edib.

Məhz bir aydan sonra, sentyabrın 20-də Avropa İnsan Hüquqları Məhkəməsindən Əvəz Zeynallının müraciəti ilə bağlı cavab gəlib. Cavab məktubunda  Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyi baş redaktorun müraciətini qəbul etdiyini və ərizənin icra ediləcəyini bildirib.

AİHM-dən gələn məktubda bildirilir ki, proseslə bağlı əlavə bilgilər göndərilsin. Qəzetimizin baş redaktoru bildirdi ki, Avropa İnsan Haqları Məhkəməsi ilə yazışmalar aparılacaq. «Bizim qəzetdə məhkəmə qərarı çıxarılan həmin yazı ilə bağlı yeni faktlar ortaya çıxıb. Qəzetimizdə dərc edilən yazı ilə oxşar olan yazı «Gündəm xəbər» qəzetində dərc edilib. Həmin qəzetdə nəşr edilən yazını Avropa Məhkəməsinə yollayacağıq. Bundan başqa, vəkillərlə müzakirələrdən sonra bizə qarşı siyasi sifariş verilməsi və dəyən ziyanla bağlı təzminat istəyəcəyik». Baş redaktor onu da bildirdi ki, bu məhkəmə davasını Avropa Məhkəməsində udacağına əmindir.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button