Avropa Məhkəməsi Əvəz Zeynallı ilə bağlı şikayəti araşdırır

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və onun vəkili olmuş Elçin Sadıqovun şikayətini araşdırmağa başlayıb.
Bu barədə AİHM məlumat yayıb.
Həmin məlumata görə, şikayətdə yerli məhkəmələrin onlara münasibətdə Avropa Konvensiyasının 8-ci (Şəxsi həyatın toxunulmazlığı) maddəsinin pozduğunu iddia edirlər.
Onlar AİHM-ə şikayətlərində vurğulayıblar ki, Əvəz Zeynallı həbsdə olarkən onun vəkili ilə konfidensial söhbət etmək hüququ pozulub. Şikayətdə vəkilin axtarışa məruz qaldığı, müdafiə etdiyi şəxs ilə görüşdəki qeydlərini həbsxana nəzarətçilərinin götürdüyü iddia olunur.
“Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallı 2011-ci ilin sonlarında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub.
2013-cü ildə 9 il azadlıqdan məhrum edilib. Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunan baş redaktor 2014-cü ilin dekabrında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Araşdırılan şikayət həmin dövrdə baş verənlərlə əlaqəlidir.
AİHM şikayətlə bağlı Azərbaycan hökumətinə aydınlaşdırıcı suallar göndərib.
Ancaq bu sullara nə cavab verildiyi, hələlik, bəlli deyil.
AİHM-in məlumatlarına görə, bu il Azərbaycanla bağlı araşdırılan şikayətlərin sayında artım var.
Məhkəmə təkcə bu ilin sentyabr – oktyabr aylarında Azərbaycandan göndərilmiş 66 şikayəti araşdırmağa başlayıb. İlin əvvəlindən araşdırılmasına başlanan şikayətlərin sayı isə 160-dan çoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button