Avropa Məhkəməsi Azərbaycanı cərimələdi-11 şikayətçiyə 128,5 min avro ödənməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 26-da Azərbaycanla bağlı 11 şikayət üzrə qərarını açıqlayıb, hökuməti 128 min 500 avro cərimələyib.

Məhkəmənin məlumatına görə, bu qərar ərizəçi kimi 2010-2011-ci illərdə etiraz mitinqlərində iştiraka görə inzibati həbsə məruz qalmış 11 müxalifətçi barədədir.

Bundan əlavə, 2011-ci il 2 aprel mitinqində iştiraka görə onlar 1 ildən 3 ilədək mühakimə olunublar.

AİHM onların Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı hüququ), 11-ci (dinc toplaşma hüququ) maddələri üzrə hüquqlarının pozulduğunu müəyyən edib.

Verilən məlumata görə, Müsavat Partiyası başqanı Arif Hacılı və AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının hər birinə 11 min 500 avro ödənməlidir.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Əsabəli Mustafayev də sosial şəbəkədə status paylaşıb.

Vəkil yazır: “Bir qədər əvvəl Avropa Məhkəməsi 11 iş üzrə qərarını elan edib. Bu işlər 2011-ci ilin aprel ayının 2-də keçirilmiş dinc mitinqin iştirakçılarının tutulması, sonradan cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqəlidir. Məhkəmə qərarı ilə ərizəçilərə münasibətdə Konvensiyanın 5,6 və 11-ci maddələrinin pozuntusu tanınmışdır. Bilirəm ki, hamını kompensasiyaların məbləqləri maraqlandırır. Bunlar aşağıdakı kimidir:

1. Arif Hacılı – mənəvi ziyana görə 10 000+ hüquqi yardıma görə 1500

2. Fuad Qəhrəmanlı – 10 000 EUR+1500 EUR

3. Babak Həsənov – 10 000+1500

4. Zülfüqar Eyvazov – 10 000+1500

5. Arif Alışlı – 10 000+1500

6. Məhəmməd Məcidli – 12 500+2500

7. Tural Abbaslı 10 000

8.  Elşən Həsənov 10 000+1500

9. Rüfət Hacıbəyli 10 000+1500

10. Sahib Kərimov 10 000+1500

11. Ülvi Quliyev 10 000+1500

Sonda vəkil Əsabəli Mustafayev ilk 5 işdə ərizəçilərin nümayəndəsi olduğunu qeyd edib.

Hələlik, bu qərara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq ölkədə bütün fundamental azadlıqlar tam təmin edildiyini bəyan edir.

 

Amerikanın Səsi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button