Avropa Məhkəməsi Azərbaycanla bağlı 3 qərarını elan etdi

Yayımlandı: 30 İyun 2022 13:29

İki ərizəçinin şikayəti tanındı, biri qəbuledilməz sayıldı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 30-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 qərarını elan edib.

Məhkəmə 2 işdə ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb, 1 ərizəni isə qəbuledilməz sayıb.

“Azadlıq qəzeti və Qənimət Zayidov Azərbaycana qarşı” işdə AİHM ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin baş verdiyinə qərar verib.

Pozuntunun tanınmasını ərizəçiyə dəymiş mənəvi zərəri kompensasiya etdiyi qənaətinə gələn məhkəmənin qərarına görə, hökumət hüquqi məsrəflərə görə ərizəçinin vəkilinə 1500 avro ödəyəcək.

Bu işdə ərizəçilər “Azadlıq” qəzeti və həmin qəzetin hadisələrin baş verdiyi vaxtda redaktoru olmuş Qənimət Zayidov (Zahid) idi.

Şikayət “Prezident köməkçisinin korrupsiya aparatı” – sərlövhəli məqaləyə görə, ərizəçilərə qarşı qaldırılmış mülki məhkəmə iddiaları, həmin iddialar üzrə çıxarılmış məhkəmə qərarları ilə bağlı olub.

Həmin məqalədə Azərbaycanın keçmiş prezidentinin keçmiş köməkçilərindən olmuş Tariyel Ağayevin və qohumlarının əmlaklarından, futbol klubundan, torpaq sahələrindən, restoran və müxtəlif ticarət müəssisələrindən bəhs olunur.

Onların korrupsiya yolu ilə əldə edildiyi iddia olunub.

Tariyel Ağayev məqalədəki məlumatların yalan olduğunu, onun nüfuzunu zədələdiyini bildirərək qəzeti və qəzetin baş redaktorunu məhkəməyə verib.

Yerli məhkəmələr cavabdehlərin yayılmış məlumatların doğruluğunu sübut edə bilməməsi əsası ilə iddiaçının xeyrinə qərar verib.

Dəymiş mənəvi ziyana görə qəzet 40.000, qəzetin baş redaktoru isə 25.000 manat cərimələnib.

Yuxarı məhkəmələr ərizəçilərin həmin qərardan şikayətlərini rədd edib.

Ərizəçilər AİHM qarşısında iddia edib ki, milli məhkəmələrin qərarları onların ifadə azadlığı hüququna müdaxilə məzmunda olub. Üstəlik, müdaxilə əsaslandırılmayıb və qeyri-mütənasibdir.

“Fariz Namazlı Azərbaycana qarşı” – işdə isə AİHM ərizənin qəbuledilməz sayılmasına qərar verib.
Bu işdə ifadə azadlığı (ictimai bilgilərə çatım) hüququnun pozuntusu mübahisələndirilib.

İfadə azadlığı ilə bağlı müxtəlif layihələri icra edən Media Hüququ İnstitutunun hüquqşunaslarından olan ərizəçi “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına sorğu ilə müraciət edib.

Xahiş edib ki, Binəqədi rayonunun 2008-ci il büdcəsi, büdcənin xərclənmə durumu ilə bağlı bilgilərin ona təqdim olunmasını təmin etsin.

İcra Hakimiyyəti sorğuya cavab göndərib, lakin istənilən informasiyaları təqdim etməyib.

Ərizəçi məhkəməyə müraciət edərək sorğu vasitəsilə istədiyi informasiyaların ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edib

İddiası təmin olunmayıb.

Bildirilib ki, ərizəçinin istədiyi məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq açıq tutulmalı informasiyalar sırasına daxil deyil.

Ərizəçinin həmin qərardan şikayəti də təmin edilməyib.

Apelyasiya instansiyası qərarında qeyd edilib ki, ərizəçi məlumatı hansı məqsədlə əldə etmək istədiyini əsaslandırmayıb.

Ərizəçinin kassasiya şikayətini Ali Məhkəmə rədd edib. Bundan sonra Fariz Namazlı AİHM qarşısında iddia qaldırıb.

Bildirib ki, istədiyi publik bilgilərin ona təqdim edilməməsi ictimai maraq kəsb edən məlumatlara çıxış hüququnu pozub (Maddə 10).

Ərizəçi həmçinin, yerli məhkəmələrin qərarlarının əsaslandırılmadığını iddia edib (Maddə 6).

“Rövşən Əhmədli Azərbaycana qarşı” – işdə AİHM ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib.

Hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3600, xərc və məsrəflərə görə 500 avro ödəməlidir.

Bu iş hadisələrin baş verdiyi vaxtda İslam Partiyası sədrinin müavini olmuş Rövşən Əhmədlinin inzibati qaydada həbs edilməsi ilə bağlı olub.

Ərizəçi şikayətində bildirib ki, 2011-ci ilin yanvarında evindən üç polis əməkdaşı və iki mülki geyimli zabit tərəfindən polis idarəsinə aparılıb.

İdarədə barəsində inzibati xəta haqqında protokol tərtib edilən ərizəçi, polis əməkdaşının qanuni tələbinə (ictimai yerdə səs-küy salmağı dayandırmaq) tabe olmamaqda günahkar bilinib.

O, 10 sutka həbs edilib.

Ərizəçi iddia edib ki, barəsindəki məhkəmə qərarları əsassız olub, ona müdafiəsini hazırlamağa vaxt verilməyib, şərait yaradılmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button