Avropa Məhkəməsində 2 jurnalistin şikayətləri araşdırılmağa başlandı

Qənimət Zahid və Əvəz Zeynallının işlərinə baxılmağa başlanıldı…

Tanınmış media mütəxəssisi Xalid Ağəliyev özünün facebook statusunda Avropa Məhkəməsinin baxmağa başladığı daha iki iş haqqında məlumat verib. Xural.com Xalid Ağəliyevin statusunu təqdim edir:

“Avropa Məhkəməsi Azərbaycandan jurnalistlərlə bağlı göndərilmiş iki şikayəti araşdırmağa başlayıb. Söhbət Ganimat Zayidov və Evez Zeynallinın işlərindən gedir. Hər iki işi zamanında Media Hüququ İnstitutu, onun vəkilləri aparmışdılar.

Qənimət Zahidin işi AİHM-ə 10 il əvvəl, 2009-cu ildə göndərilib. Həmin vaxt jurnalist qurama xuliqanlıq ittihamı ilə həbs edilmişdi. Jurnalist həbsdə olarkən həbsxana xatirələrini ifadə edən kitab yazmışdı. Onun əlyazmaları həbsxanada əlindən alınmış və məhv edilmişdi. Jurnalistin vəkilləri yerli məhkəmələrə müraciət edərək, bunun kompensasiya edilməsini tələb etmişdilər. Bu tələblər rədd olunduğundan AİHM-ə şikayət edilmişdi. Şikayətdə Qənimət Zahidin ədalətli məhkəmə araşdırması, şəxsi həyata müdaxilənin yolverilməzliyi, ifadə azadlığı, mülkiyyət və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozulduğu iddia olunur. AİHM iyunun əvvəlində bu iddialarla bağlı hökumətə suallar göndərib.

Digər iş jurnalist Əvəz Zeynallının məqaləsinə görə cərimə edilməsi, üzərinə təkzib vermək, üzr istəmək vəzifəsinin qoyulması ilə bağlıdır. Bu şikayət 8 il əvvəl, 2011-ci ildə göndərilib. Həmin vaxt Ə.Zeynallı “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmək planı” sərlövhəli məqalə qələmə almışdı. Nəticədə yerli məhkəmələr jurnalisti 10 min manat cərimə etmişdilər. Jurnalistin vəkilləri yerli məhkəmələrin qərarlarının ifadə azadlığı hüququna zidd olduğunu iddia edirlər.

…Əminəm ki, bu şikayətlər siyahıdan-filandan çıxarılmayacaq, AİHM jurnalistlərin hüquqlarının pozuntusunu tanıyacaq.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button