Avropa Parlamentində Orban ilə höcətləşmə

Oktyabrın 9-da Avropa Parlamentində Macarıstanın baş naziri Viktor Orban ilə avropalı deputatlar arasında qalmaqal yaşanıb. V.Orban bloku dəyişməyə çağırıb. Aİ rəsmiləri isə Budapeşti Rusiyaya dost münasibətinə, demokratiyanın geriləməsinə görə tənqid ediblər.

Orban Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqidir. Onun Avropa İttifaqı (Aİ) ilə münasibətləri aylardır mübahisəli durumdadır, Ukraynaya ayrılan yardım, miqrasiya, blokun vəsaitlərindən sui-istifadə iddiaları, ölkədə qanunların pozulması ilə bağlı çəkişmələr gedir.

Avropalı parlamentarilər Macarıstan baş nazirinin çıxışını dəfələrlə qışqırıqla, oxumaqla kəsiblər. Orban isə çıxışında miqrasiya böhranına dair sərt mövqeyini səsləndirib, Avropa İttifaqının dəyişməli olduğunu vurğulayıb.

Orbandan sonra tribunaya Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen çıxıb. O, Macarıstan hökumətini “problemlərini sadəcə qonşunun hasarının üstünə atmaqda” ittiham edib. Budapeşt bir müddət öncə azı min qeyri-leqal miqrant daşıyanları, insan alverçilərini həbsdən buraxıb.

O, həmçinin Macarıstanı Rusiya vətəndaşlarına digər ölkələrlə müqayisədə hərtərəfli araşdırma aparmadan viza verdiyinə görə tənqid edib. Ursula Fon der Lyayen işğalçı Rusiya qüvvələri ilə savaşan Ukraynaya yardımın qarşısını aldığına görə danlayıb.

“Ukrayna və Avropa üçün ədalətli sülhə nail olmağın bircə yolu var, Ukraynanın müqavimətinə siyasi, maliyyə və hərbi dəstək verməliyik”, – o deyib.

Yaşıllar/Azad Avropa Alyansının lideri Terri Reyntke isə Orbanla daha sərt danışıb. “Sənin burada yerin yoxdur”, – ona müraciətlə deyib.

Bir gün öncə Orban Strasburqda mətbuat konfransında deyib ki, Aİ-nin Ukraynaya kütləvi yardım göndərmək strategiyası işləmir.

“Cəbhədə qalib gələ bilmirsənsə, kommunikasiya yaratmalı, danışıq aparmalı, atəşkəs əldə etməlisən”, – o söyləyib.

Macarıstan hazırda Aİ-də altı aylıq rotasiyalı prezidentliyi icra edir.

Orbanın populist hökuməti Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğalına baxmayaraq, Moskva ilə əlaqələrini saxlayıb.

Orbanın həm Kiyevə yardıma qarşı çıxması, həm də getdikcə avtoritarlaşan idarəçiliyi, Çinlə əlaqələri Aİ-ni qəzəbləndirir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button