Avropa Parlamentinin daimi məruzəçisi İlqar Məmmədovla görüşdü

Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolain həbsdə olan REAL sədri İlqar Məmmədovla görüşüb.
Bu barədə Arqument.Az-a REAL-dan məlumat verilib.
Partiyanın yaydığı məlumatda (http://www.realpartiya.org/news/85/ilqar-memmedov-norica-nicolai-ile-gorusub) deyilir ki, İlqar Məmmədov görüş barədə belə deyib:
“Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım. Hansı ki, vəkilim vasitəsilə ötən il çatdırdığım o tələblər rədd edilmişdi”.
İlqar Məmmədov 11 dekabr 2017-ci ildə vəkili vasitəsilə bu ismarıcı göndərmişdi:
“Bu gün vəkilim Fuad Ağayev ilə görüşdə Novruz Məmmədovun “danışıqlar” təklifinə baxdıq. Anlaşdıq ki, mənim haqlarımı hakimiyyət tərəfindən tam bərpa edəcək bəraətverici qərarın müqabilində Avropa Şurası Nazirlər Komitəsindən xahiş edə bilərəm ki, Konvensiyanın 46.4 maddəsi ilə əlaqədar Avropa Məhkəməsinə müraciətini geri çağırsın. Bu istiqamətdə qısa, konstruktiv, siyasi söhbətə Novruz Məmmədov razıdırsa, gəlsin danışaq”.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb.
O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.
Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai bir neçə gündür ki, Bakıda səfərdədir.
Aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini qəbul edib.
Məruzəçi səfər çərçivəsində bir sıra dövlət qurumlarının rəhbərləri ilə də görüşlər keçirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button