Avropa Parlamentinin öz qərarından xəbəri yoxdur?

Avropa Parlamenti12.07.2013

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin sədri Anar Məmmədli Azərbaycanın seçkilərin Avropa Parlamentinin monitorinqinə ehtiyacı olan ölkələr siyahısından çıxarılması haqqında məlumatların doğruluğuna şübhə etdiyini bildirib.

O, Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, Aİ-nin strukturunda ATƏT DTİHB kimi seçkilərin uzunmüddətli monitorinqi haqqında qərarlar qəbul edən departament var. Lakin bu, ATƏT üzvü olmayan ölkələrə aiddir.

Eyni zamanda, Avropa Parlamentinin ATƏT DTİHB missiyalarının tərkibində az sayda nümayəndə ilə qısamüddətli monitorinqdə iştirak etməsi təcrübəsi mövcuddur.

İndiyədək Avropa ParlamentiAzərbaycanda seçkiləri məhz bu şəkildə müşahidə edib və qiyməti ATƏT DTİHB, AŞPA, ATƏT PA ilə birgə yekun bəyanatda verib.

Bir qayda olaraq, ATƏT DTİHB-yə dəvətlər seçkilərə 6 ay qalmış göndərilir və bu struktur monitorinqə başqalarını dəvət edir.

Azərbaycan hakimiyyəti hələki prezident seçkiləri üçün ATƏT DTİHB-yə dəvət göndərməyib. Ola bilər ki, bu şəraitdə Avropa Parlamenti sadəcə olaraq monitorinqdə iştirakdan imtina etməyi qərara alıb və ya çox az sayda müşahidəçi göndərəcək.

“Lakin bu, heç cürə Azərbaycanın əldə olunmuş demokratik irəliləyişlə əlaqədar monitorinqə ehtiyacı olan ölkələr siyahısından çıxarılması kimi təqdim edilə bilməz.

Digər tərəfdən, Azərbaycana Avropa Parlamenti müşahidəçilərinin göndərilməməsi, çox güman ki, demokratik seçkilərin keçirilməsi mümkünlüyünə etibarın tamamilə itirilməsi deməkdir. Bu, ölkənin imicinə mənfi təsir göstərəcək”, deyə Məmmədli bildirib.

Turan-ın Avropa Parlamentinə Azərbaycanın AP monitorinqinə ehtiyacı olan ölkələr siyahısından çıxarılması haqqında qərarla bağlı şərh vermək xahişi ilə göndərdiyi sorğuya cavabda bu orqanın mətbuat xidmətindən bildiriblər ki, belə bir qərar haqqında məlumatları yoxdur.

Avropa Parlamentinin saytında da belə bir qərar haqqında heç bir məlumat yoxdur.

Xatırladaq ki, bu məlumatın mənbəyi Milli Məclisin deputatlarından biridir.

Maraqlıdır ki, hələ bir ay əvvəl Milli Məclis Avropa Parlamentinə qarşı hiddətli bəyanat qəbul edərək, ReAl lideri İlqar Məmmədovun azad edilməsi tələbi ilə qəbul etdiyi qətnamə ilə əlaqədar təşkilatı qərəzlilikdə ittiham edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button