Avropa Parlamentinin sədri Eji Buzekdən anlamlı mesajlar

“Xural” azad söz məsələsini Avropa Parlamentinin sədri Eji Buzekin diqqətinə çatdırdı…

Avropa Parlamentinin sədri Eji Buzek Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirdi.

Mətbuat nümayəndələriylə səmimi görüşən E.Buzek bir günlük səfəri çərçivəsində Bakıda səmərəli görüşlər keçirdiyini və bu görüşlərin gələcəkdə Azərbaycan və Avropa Parlamenti arasında əməkdaşlığın davam etdirilməsində hər iki tərəf üçün çox faydalı olacağını, bu əməkdaşlıq hər iki tərəf üçündə önəmli olacağını vurğuladı. Daha sonra Azərbaycanı “Eurovision” müsabiqəsində qələbə münasibətilə təbrik edən prezident, “bu müsabiqədə qalib gəlmək çox vacibdir, bu, çox məşhur müsabiqədir” dedi. “Sizin rəhbərliklərlə çox gözəl görüşlərimiz oldu. Azərbaycanın da iştirak etdiyi “Evronest” Parlament Assambleyasının (PA) yaradılmasını dəstəkləyir bu prosesi alqışlayıram, belə bir strukturun yaradılması regional parlament əməkdaşlığı üçün yaxşı zəmin yaradacağına əminəm. Azərbaycan tolerant ölkədir. Ölkənizdə Avropa ilə əməkdaşlıq inkişaf etdirilir. Bunu üçün də böyük potensial var. Azərbaycanın nailiyyətlərini sevinclə qarşılayıram və düşünürəm ki, islahatların davam etdirilməsi zəruridir. Azərbaycanda azad, müstəqil media, söz və özünü ifadə etmək azadlıqlarının təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda hakimiyyətlə mülki vətəndaş cəmiyyəti və müxalifət partiyaları arasında dialoq yaranmalıdır. Mən sizin rəhbərliklərlə, istər ölkə başçısı, istərsə də Milli Məclisin sədriylə görüşlərimdə bu məsələlərə toxundum. Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi də bu görüşlərdə müzakirə mövzusu oldu. Biz görüşlərdə yalnız mövqelərimizin üst-üstə düşdüyü məsələlərdən danışmadıq, tərəfləri narahat edən məsələləri də müzakirə etdik. Tərəfdaşlar arasında onları narahat edən məsələləri müzakirə etmək normaldır. Görüşlərimizdə inkişafına ehtiyac duyduğumuz məsələlərlə bağlı da fikir mübadiləsi apardıq. Azərbaycanın müstəqilliyi və suverenliyinin Avropa İttifaqı üçün çox vacib olduğunu xüsusi qeyd etmək istərdim.”
Daha sonra jurnalistlərin suallarını cavablayan E.Buzek əməkdaşimiz Nizami Həsənlinin “Salam, cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Cənab prezident, siz söz azadlığından, mətbuat azadlığından danışdınız. Məlumunuz olsun ki, bu gün “Xural” qəzeti ən çox məhkəməyə verilən qəzetlərdən biridir. Qəzet Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən məhkəməyə verilərək əmlakı siyahıya alınıb və müsadirə olunub. Sizin bu barədə məlumatınız varmı və görüşlərinizdə bu barədə nələri demək istərdiniz” sualını da cavablandırdı: “Təşəkkür edirəm, çox maraqlı bir məqama toxundunuz. Mən Azərbaycan rəsmilərindən, həm Azərbaycan prezidenti ilə, həm də Milli Məclisin sədriylə görüşlərimdə bu məsələlərə toxunmuşam. Azərbaycanda azad, müstəqil media, söz və özünü ifadə etmək azadlıqları, mətbuat azadlığı sahəsində olan problemlərdən danışılıb onların həll olunması yollarını diqqətə çatdırdım. Azərbaycanın müstəqilliyi və suverenliyi qədər söz və mətbuat azadliğı da Avropa Birliyi üçün əhəmiyyətlidir.”

Qarabağla bağlı sualı cavablandıran prezident “Dağlıq Qarabağ məsələsində münaqişə tərəfləri problemin həlli üçün səylərini ortaya qoymalıdır” dedi.

AB-nin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak etmədiyini bildirən E.Buzek bununla belə, AP və ATƏT-in Minsk Qrupunun problemin həlli istiqamətində səylərini dəstəklədiyini, Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacib olduğunu, hərbi əməliyyatların başlanmasının yol verilməzliyini qeyd etdi.

Bu günlərdə 2 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bəxtiyar Hacıyevlə bağlı sualı cavablandıran E.Buzek aparılan müzakirələr zamanı öz müsbət həllini tapacağına əmin oldugunu bildirdi.

Yasəmən Arif

Nizami Həsənli

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button