AVROPA STANDARTLARINA UYĞUN…

Yazarlar

Hər gələn və gedən nəslin bəxtinə düşən bir naxış olur. Min dəfə şükürlər olsun ki, bizim nəslə ikisi qismət oldu: bir əsrdən çox müddət ərzində səsi çıxanın susdurulduğu Bayıl türməsini də, Kürdəxanı təcridxanasını da gördü. Bayıl zindanı çar Rusiyasından qalan zəhmi ilə adamların dizini titrədirdi… Hətta bütün ölkəni türməyə döndərən Stalin də Bayılda yatmışdı… Ondan sonra nə qədər adam Stalinin kamerasında yatmağı ilə qürur duymuşdu. Kommunist imperiyasının Çar Rusiyasına bənzəmədiyini sübut eləmək üçün kimsənin yadına da düşmədi ki, bu üzü dənizə baxan, gözəgəlimli yerdə yerləşən zindanı sökdürsün. Bəlkə də ənənəyə sadiqlikdən qaynaqlanırdı. İndi “Bayıla baxanda nə qədər insanın xatirələri ayılır…”

Rauf Arifoğlunun da, Eynulla Fətullayevin də, Qənimət Zahidin də “zona” gedən yolu Bayıldan düşmüşdü… İndi Əvəz Zeynallı xeyli xoşbəxtdir ki, zəhmi insan bağrını çartladan Bayılda yox, Avropa standartlarına uyğun gələn Kürdəxanıda sorğu-suala çəkilir. Neyləyək, bu da bizim nəslin xoşbəxtlik payıdır, əvvəlki kimi işimizi aşırmaq üçün rüşvət verə-verə, seçkidən seçkiyə səsimiz tərsinə sayıla-sayıla həsəd apardığımız standartlara uyğunlaşırıq…
Dövlətimizin başında duranlar, mizanını quranlar da fəxr edirlər, öyünürlər ki, bu mağmın camaatı tələb olunan standartlara uyğunlaşdırırlar. Hələ bu başlanğıcdır, düz 18 həbsxana da (18 ilə 18 həbsxana – simvolikaya baxın!) tikilir. Onlar da qapılarını günahkar bəndələrin üzünə açandan sonra, heç kim “ah Avropa, Avropa!” deyib köks ötürə bilməyəcək, kimsə dodaq büzüb deyə bilməyəcək ki, Azərbaycan Avropa ilə ayaqlaşa bilmir…
Həbsxanalar avropasayağı olandan sonra kimin nə hünəri var ki, bizdən insan haqlarına hörmət, ədalətli məhkəmə, demokratik seçki tələb etsin! Heç insana qiymət qoyulmayan ölkədə bu qədər xərc çəkib, taxta döşəməli kamera, kafel-metlaxlı hamam-tualet tikərlərmi? Gədəbəydə, ya da Lerikdə kimsə icra başçısının, polis rəisinin üzünə ağ olsa və bu səbəbdən həbsxanaya düşsə, sonra da bu adam Avropa İnsan Haqları məhkəməsindən imdad diləsə, üstündən bir-iki də dubinka vurarlar ki, niyə vay-şivən qoparırsan, heç evinizdə belə hamam-tualet varıydımı?
Sevinin, şadlığınıza şitlik etməyin: hətta karserlərin soyuğu iliyə işləyən beton döşəmələrindən də əsər-əlamət qalmayıb, daha siçovullarla bir yerdə islah olunmursan! İlahi, xalqımız nə bəxtəvər günlərə qovuşub! Özü zindandan altı ay əvvəl çıxan Eynulla bəy bu dəfə hüquq müdafiəçisi kimi güzarını türməyə salanda öz gözüylə görüb ki, əvvəlki həbsxanalardan əsər-əlamət qalmayıb: ağ divarların, laklanmış taxta döşəmələrin işığı bəxtəvər məhbusların üzündə əks olunur.
Hətta nəzarətçilər əvvəlkilər olsalar da, daha rüşvət almırlar! “Narada” “kayf” eləyib, “spokunu” sayanlar da köhnə vərdişlərindən əl çəkiblər – indi heç quş da dimdiyində içəri narkotik maddələr keçirə bilmir! Bir sözlə, bayırdakılar “demokratiya!” deyib, haray-həşir qoparırlar, əsil demokratiya isə həbsxanalarda yatır!
Nə baş verib ki, bizi hər cür sınağa çəkən, yerin altında və üstündə qiymətləri qaldıran hakimiyyət arzuladığımız islahatlara elə bu üzüqara həbsxanalardan başlayıb. Onun “sroku” nə vaxt başa çatacaq ki, gedək həbsxanaların qarşısında gül-çiçəklə qarşılayaq, zindanda yatan demokratiyanın azadlığa çıxmağına ürəkdən sevinək?..
Polisi əvvəlki kimi əli dəyənəkli “sabitliyin” keşiyində duran, əmin-arxayın rüşvət alan, hakimi ağzından çıxan hər kəlməni pula çevirən bir ölkədə əsil demokratiyanın zindanda yatmağı bir çox gizlinlərin üstünə işıq salır. Kim daha inadla bu rejimdən demokratiya tələb etsə, qapılar taybatay üzünə açılacaq: buyur, bu da sənə demokratiya!
Daha avropalı demokratlar da analoqu olmayan yeniliyə dodaq büzə bilməyəcəklər! Heç AİHM-də puça çıxarılan qərarların da bir qəpiklik qiyməti olmayacaq, ədalətsiz damğalı qərarlara görə cərimələr də ödənməyəcək! İnsanlar həbsxanalarda gözü, nəfsi doyunca demokratiya görəcəklər. Bayıra çıxanlar bu rəzil həyatımızı görüb təzədən demokratiyanın beşiyi olan həbsxanalar qayıdacaqlar…
Türməsi özündən gözəl, rahat, təhlükəsiz ölkədə bütün söz-söhbətlərə son qoyulacaq – Azərbaycan avropalaşacaq…

 2011-12-26

“Yeni Müsavat” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button