Avropa Şurası: Azərbaycanda insan alveri ilə bağlı bəzi məsələlər narahatlıq doğurur

GRETA hesabat açıqlayıb

Noyabrın 23-də Avropa Şurasının insan alverinə qarşı ekspertlər qrupu (GRETA) hesabat açıqlayıb. Yeni hesabatda 2014-cü ilin mayında birinci qiymətləndirmə hesabatının dərcindən sonrakı dövrdə Azərbaycandakı vəziyyət qiymətləndirilib.

“Turan”-ın məlumatına görə, GRETA bəzi sahələrdə əldə olunmuş nailiyyətləri alqışlayb. Məsələn, qanunvericiliyə düzəlişlərin edilməsi, müvafiq mütəxəssislərin hazırlanması, insan alveri barədə məlumatlılığın artırılması, traffikinq qurbanlarının identifikasiyası qaydalarına dəyişikliklər və onlara yardım göstərilməsi.

“Lakin bəzi məsələlər əvvəlkitək narahatlıq doğurur”- hesabatda vurğulanır. Məlumatda deyilir ki, GRETA Azərbaycan hakimiyyətini əməyin təftişinin təkrar tətbiqi və müfəttişlərin mandatının möhkəmləndirilməsi, muzdlu və müvəqqəti işlər üzrə agentliklərin fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, evdə çalışanların barəsində tənzimləmə sisteminə yenidən baxılması yolu ilə əməyin istismarı məqsədilə insan alverinin qarşısının alınmasına dair tədbirlər həyata keçirməyə çağırıb.

“Həmçinin əməyin istismarı məqsədilə, əsasən tikintidə, kənd təsərrüfatında və ev fəaliyyətində insan alveri qurbanlarının profilaktik aşkar edilməsi üzrə səyləri artırmaq lazımdır”, – hesabatda qeyd olunur.

GRETA hakimiyyəti həssas durumlarda uşaqların müdafiəsini yaxşılaşdırmağa, erkən və məcburi nikahlarını qarşısının alınması işinin möhkəmləndirilməsinə, doğulan körpələrin hamısının qeydiyyatının təmin olunmasına, insan alveri qurbanı olan uşaqların aşkar edilərək yardım göstərilməsinə çağırır.

Hakimiyyət insan alveri qurbanlarının araşdırma zamanı əməkdaşlığından asılı olmayaraq identifikasiyasının təmin olunmasına çağırılıb.

GRETA-nın digər tövsiyələri qurbanlara hüquqi yardım göstərilməsində məhdudiyyətlərin aradan qaldırılmasına və qurbanların kompensasiya almaq imkanlarına aiddir:

“İnsan alveri ilə bağlı bütün cinayətlər fəal şəkildə araşdırılmalı və sanksiya həddinə çatdırılmalıdır.

Araşdırma və məhkəmə çəkişməsi zamanı qurbanların və şahidlərin bunun əvəzinin çıxılmasından, qorxudulmasından qorunmasına diqqət yetirilməlidir.

İnsan alveri ilə məşğul olan QHT-in adekvat maliyyələşmə imkanları olmalı, qurbanların müdafəsində və profilaktik tədbirlərdə iştirak imkanları əldə etməlidir”.

Statistik məlumatlara görə, Azərbaycan ilk növbədə insan alveri qurbanlarının keçdiyi ölkə və qismən təyinat ölkəsi sayılır. 2014-cü ildən 2017-ci ilədək aşkar edilmiş qurbanların sayı 258 nəfər təşkil edib. Daha 81 nəfər isə ehtimal olunan qurbandır.

Rəsmən aşkar edilən qurbanların 95%-i seksual istismar qurbanları olan qadınlardır. Kişi qurbanlar əməyin istismarı üçün satılan insanlardır. Sözügedən müddətdə qurbanlar arasında yalniz iki uşaq identifikasiya edilib.

Qurbanların əksəriyyəti xaricdə, ilk növbədə, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və Pakistanda istismar olunan Azərbaycan vətəndaşlarıdır.

Əcnəbi qurbanlara gəlincə, Özbəkistandan beş, Rusiyadan dörd, Ukraynadan iki, Çindən bir, Türkmənistandan bir nəfər olub.

GRETA qeyd edir ki, identifikasiya prosedurundakı çatızmazlıqlar və daxili alverə yetərincə diqqətin olmamasına görə Azərbaycanda insan alverinin miqyası çox güman ki, rəsmi məlumatları ötür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button