Avropa Şurası Gürcüstan parlamentini “anti-LGBT qanunu”nu qəbul etməməyə çağırıb

Yayımlandı: 10 Sentyabr 2024 21:12

Maykl O’Flaherti deyib ki, qanun layihəsi ayrı-seçkilik üçün hüquqi baza yaradacaq

Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaherti Gürcüstan parlamentinə müraciət edib.

O, parlamenti “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” Qanun layihəsinin yekun qəbulundan çəkinməyə çağırıb.

Hazırda LGBT təbliğatına qarşı qanun ikinci oxunuşda təsdiq edilib.

Komissar qanun layihəsinin ayrı-seçkilik üçün hüquqi baza yaratdığını deyib.

O həmçinin bu layihənin Avropa İnsan Hüquqları Konvensiyasına zidd ola biləcəyindən narahatlığını ifadə edib.

O’Flaherty “Gürcüstan cəmiyyətinin bəzi sektorlarında, o cümlədən bəzi siyasətçilər arasında” LGBT icmasının üzvlərinə qarşı qərəzin mövcudluğundan narahatdır.

Komissar həmçinin yazır ki, qanun layihəsində cinsi oriyentasiya və gender kimliyi insestlə yanaşı qeyd edildiyi üçün layihədəki dil stiqmanı davam etdirir.

Bundan əvvəl Avropa Birliyi də analoji müraciətlə çıxış etmişdi.

Gürcüstanın hakim partiyası “Xarici agentlər haqqında” Qanunun qəbulu ilə demək olar ki, eyni vaxtda “anti-LGBT” təşəbbüsünə baxmağa başladığını bəyan edib.

Müxaliflər vurğulayırlar ki, Gürcüstan hakimiyyəti Rusiyanın cəmiyyəti idarə etmək sxemini kopyalayır və seçkilər öncəsi “ənənəvi dəyərlərin qorunması” mövzusundan sui-istifadə edir.

 “Gürcü Arzusu” Partiyası isə cavabında bildirir ki, LGBT məsələsi dövlətçiliyi və hətta gürcü dilini təhdid edən ekzistensial çağırışdır.

Bu arada hakim “Gürcü Arzusu” Partiyası Qərb tərəfdaşlarını QHT-lərdən “LGBT təbliğatı” yaymaqda, çevriliş təşkil etməkdə və ölkəni Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edir.

Parlament çoxluğunun üzvləri sentyabrın 4-də “LGBT təbliğatına” qarşı yönəlmiş qanun layihələri paketini ikinci oxunuşda qəbul ediblər.

81 deputat qanun layihəsinin lehinə səs verib.

Müxalifət parlamentin işini boykot edir və səsvermədə iştirak etməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button