Avropa Şurasının Komissarının 26 Bakı komissarı ilə eyni düşüncələri

Komitə sədri yazdı...

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç növbəti dəfə reallıqları təhrif etməyə və ictimai fikri yanıltmağa cəhd göstərib. O, son aylarda Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişə ətrafında baş verən insan haqları ilə əlaqədar proseslərlə bağlı birtərəfli, qərəzli və qeyri-obyektiv mövqe ortaya qoyub.

Qərəzli və ikili standartlara əsaslanan mövqe

Təbii ki, D.Miyatoviçi, sözün əsl mənasında, insan hüquqlarının pozulması məsələsi maraqlandırmır. Çünki birincisi, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, haqq-ədaləti bərpa edib, BMT-nin məlum 4 qətnaməsinin  icrasına nail olub. Digər tərəfdən, Avropa Şurasının Komissarını hüquq və insan haqları maraqlandırsaydı, o, 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olması, bunun nəticəsində 1 milyondan çox soydaşımızın bütün fundamental hüquqlarının pozulması barədə danışardı.  Amma biz onun indiyə qədər bu barədə hansısa obyektiv bəyanatına, məktubuna, fikirlərinə rast gəlməmişik. Görünən odur ki, Avropa Şurasının Komissarı təmsil etdiyi qurumun, eləcə də BMT-nin və digər bir sıra təşkilatların Azərbaycan ərazilərinin işğalı, soydaşlarımızın hüquqlarının  pozulması faktları ilə əlaqədar qəbul etdikləri sənədləri gözardı edir, beynəlxalq hüquqa hörmətsizlik göstərir.

D.Miyatoviç heç Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə də danışmır. Məgər o, işğaldan azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsinin  Ermənistanın bu təxribatının nəticəsi olduğunu bilmir? Avropa Şurasının Komissarı yaxşı bilir ki, Ermənistanın beynəlxalq hüquq normalarına zidd olan bu davranışları məhz hərbi cinayət hesab olunur! Belə olan halda, nə üçün D.Miyatoviç bu məsələni müzakirəyə çıxarmır?!

Riyakarlıq nümunəsi

Yeri gəlmişkən, Avropa Şurasının Komissarı Ermənistan 44 günlük müharibə zamanı dəhşətli müharibə cinayətləri törətməsindən də xəbərdar olmamış deyil.  Cəbhə bölgəsindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı Gəncə və Bərdə şəhərlərində yaşayış məntəqələrinin, eləcə də Ağdam, Naftalan və Tərtərin ballistik raketlərlə atəşə tutulmasının çox sayda günahsız mülki şəxsin öldürülməsi ilə nəticələndiyi inkaredilməz həqiqətdir. Görəsən, Dunya Miyatoviç bu faktları insan hüquqlarının pozulması kimi qiymətləndirmir?!

Şübhəsiz ki, D.Miyatoviç Ermənistanın Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etməsi barədə faktlarla da yaxşı tanışdır. Ona məlumdur ki, ermənilərin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bu isə faşist Ermənistanın bəşəriyyətə qarşı terrorçu və cinayətkar əməllərinin bariz nümunələrindən biridir.

Nəhayət, Avropa Şurasının Komissarının paytaxt Bakıda Hərbi Qənimətlər Parkının açılışını “təəssüflə qarşılaması” da absurddur. Ümumiyyətlə, Ermənistanın Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlamasına, bu terrorçu dövlətin dəhşətli müharibə cinayətlərinə göz yumanların  ermənilərin acınacaqlı məğlubiyyətinin göstəricisi olan Parkın yaradılmasını hüznlə, təəssüflə qarşılamaları riyakarlıqdır. Bu, həm də işğalçılığa, təcavüzkar siyasətə, separatizmə dəstək ifadə etməkdir. Ayrıca, dünyanın bir sıra ölkələrində qələbə simvolu olan hərbi muzeylər və qənimətlər parkı mövcuddur. Məgər D.Miyatoviçin dünyadan xəbəri yoxdur? O, dünya təcrübəsi ilə tanış deyil?! Azərbaycanın qələbəsinin, tarixi ədaləti bərpa etməsinin simvolu olan Hərbi Qənimətlər Parkının yaradılmasından əsassız narahatlıq keçirən Avropa Şurasının Komissarı faşist Qaregin Njdeyə Ermənistanda Serj Sarkisyanın hakimiyyəti dövründə abidə ucadılmasına, terrorçu və cinayətkarın “qəhrəmanlaşdırılması”na nə üçün hər hansı bir reaksiya verməyib?!

Görünən odur ki, Avropa Şurasının Komissarı 26 Bakı komissarı ilə eyni düşüncələri bölüşür. Şübhəsiz ki, onun qərəzli, ikili standartlara əsaslanan mövqeyi qəbuledilməzdir. Bu yanaşma Azərbaycan cəmiyyəti, o cümlədən haqq-ədalət tərəfdarları tərəfindən ikrah hissi ilə qarşılanır.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button