Avropa və bizı

Sabutay

(Və ya qaranlığı qatılaşdırmaq)

Yazı şeyx Robespeyerə həsr olunur…

Mən Mirzə Cəlil deyiləm ki, azan səsinin sədaları altında “gözümü qaranlığa açdım” deyəm. Baxmayaraq ki, qədim məscidin yerləşdiyi məhəllədə anadan olub, sovetlər dağılandan sonra buradan eşidilən azan səsinə “göz açmaqdayam”. Mən Marks da deyiləm ki, dinə tiryək-zad deyim, sadəcə olaraq dinlə aramızda bir pərdə var… Ən uzağı dini hisslərdən istifadə edib manipulyasiya edən dindarcığazlara gülməkdən uzağa getməmişəm də. Dini etiqad azadlığı qanunlarda mövcuddur. Din öz məbədindədirsə qoy olsun. Belə götürəndə fikirləşirdim ki, dinlə aramızdakı pərdədən mənə nə isti nə soyuq keçərək təsir edir. Amma demə, nəinki təsir edə bilər, aradakı pərdəni yırtıb karikaturik şəkildə üstümüzə də gələrmiş…

Mirzə Cəlilin adına olan rayonunmuzun 40 dərəcəyə çatan günorta istisində dinlədiyim cümə namazından, minarədən eşidilən dindar nitqi bütün vücudumu sop-soyuq duşa qərq etdi. Əvvəllər də bu minbərdən çox nitqlər eşidilərdi, guya cəmiyyət həyatından nə isə danışılardı. Heç vaxt əhəmiyyət verməzdim. Çünki onsuz da düz-əməlli bir şey danışıldığına rast gəlməmişdim. Amma bu nitq “sərrastlıq” BAXIMINDAN O QƏDƏR VAZKEÇİLMƏZ İDİ Kİ, qulaq kəsildim. Minarədən səsi eşidilən şeyx rütbəsində ruhanin çıxışının məğzi belə idi: Rədd olsun Avropa dəyərləri və mədəniyyəti. Avropanın geyimini də geymək kafirlikdir. Düzü, məscidə cümə namazına toplaşanlardan bir az uzaqda dayanıb nitqin “gözəlliyindən” feyziyab olan tək mən olduğum üçün bu “kafir” kəlməsi Mirzə Cəlilin felyetonları kəskinliyində alnıma çaxıldı. Diqqətlə özümdə “Avropaçılığı” axtarmağa başladım, amma gördüm ki, bu şeyxin avropaçılığı məndən qat-qat çoxdur. Təsəvvür edin ki, cümə namazına toplaşan dindarların əksəriyyəti məhz Avropa istehsallı araba ilə (Allaha şükür belə çağrış edənlərin əksəriyyətinin əla biznesi var), daha dəqiqi alman “Mersedes”ləri ilə gəliblər.Üstəlik, bir azdan qəhrəman şeyximizi məscid həyətində məhz Avropa istehsallı naturalnı mobill telefonla danışan görürəm. Mənimkisə bütpərəst çinlinin saxta telefonudur. Sonrası, qəhrəmanımız avro təmirli və memarlığı olan evdə yaşayır. Yüz faiz evində də metryarımlıq avro istehsallı televizor, kondisioner… Bir az da güc eləsəm, siyahı uzanıb gedər. Yəni insanın məişətinin mədəni şəkildə qurulması üçün lazım olan hər bir əşya bunların istifadəsindədir, hansı ki, müsəlman dünyasında deyil, məhz Avropada istehsal olunur. İstehsal da, sənaye də mədəniyyətin tərkib hissəsidir ha… Bu da bir tərəfə, mədəniyyət ümumcəmiyyətin yaşamının göstəricisidir. Məişətdən tutmuş idarəetməyə qədər ümumin cəmidir. Bu oradan (minarədən) bağırır ki, bizim öz mədəniyyətimiz var. Avropa mədəniyyətinin ən xüsusi göstəricisinin idarəetmə olduğunu anladımmi? Qəzetlərin gəlmədiyi, kitab evlərinin məhv olduğu rayonun yaşamı, qumarbaz avaraların vəzifəyə keçdiyi idarəetmədirmi sənin istəyin, ya şeyx? Görəsən hansı mədəniyyət? Yaşadığı rayonda gecələr küçələrin qaranlığında ayaq büdrəmələrini, insanların işsizlikdən İrandan gələn himayəli narkoticarətə qoşulmalarını Avropa mədəniyyətinə qarşımı qoyursan?

İran və Azərbaycan gömrükçülərinin bir kq kartof üstündə sərhəddə üz tutan ac cəlilabadlıya qan uddurmalarıdırmı mədəniyyət?

Nəhayət, müsəlman dünyasındakı diktaturaları sən Avropa mədəniyyətinə alternativmi qoya bilərsən…Şeyximiz “bizim öz mədəniyyətimiz var” deyibən bu mədəniyyətin nədən ibarətliyini izah edə bilmir, uzaqbaşı yapışıb geyimdən, amma elə coşquyla Avropa mədəniyyətini söyür ki… elə bil facebook-da dostunun səhifəsini laik edir.

Minbər hündürlüyünə qalxıbsa elə bilir ki, daha heç kim sözü qabağında söz deyə bilməyəcək. Fikirləşir ki, təhsili sıfır həddində olan, bir az düşünənlərinin baş götürüb qaçdığı, ancaq taksi sürücülərinin, mürgüləyən qocaların qaldığı avam bir rayonda yaşayır. Bilmir ki, kafirin biri qayıdıb deyər ki, Avropanı hədələyən qaqaş, bəlkə 50 min insanın yaşadığı bir rayon mərkəzində istifadə üçün normal bir ayaqyolunun olmamasından, kanalizasiyanın yoxluğundan, çirkab sularının yayda toz olub nəfəsimizə getməsindən danışasan? Sanitarik krizisdən danışmağı da islam qadağan edir? Bu şeyx qabaqcıl bir dəyəri məhz başqa bir coğrafiyada təşəkkül tapmadığı üçün qəbul etməməyə çağırır. Bu məntiqlə mən gərək ərəb yarımadasından gələn islamı tamamən inkar edim.

Bu rayonda ilk müstəqil qəzeti yaratdıq, azad ədəbiyyat jurnalı nəşr etdik, QHT formalaşdırdıq… Fikirləşirdik ki, ictimai şüura təsir edəcəyik. Amma anladıq ki, hər şeyin ilki məhz idarəetmədir. Cəmiyyətin idarəedilməsində məhz Avropa dəyərlərinə söykənilməsə nəticə əldə etmək mümkün deyil. Bu, yaxşı bir mənada Don Kixotluq və ən yaxşı halda tarixdir.

Allahın evi hər kəsindir, orda nə isə demək hüququ yalnız şeyxlərə məxsus deyil… Dünya müsəlmanları cümə namazlarından yüzillərlə qaranlığa salındıqları “mədəniyyətlərindən” imtina üçün toplaşma məqsədi ilə istifadə edirlər. Dinlədiyim cümə nitqi isə məndə belə təəssürat yaratdı. “Qaranlığı qatılaşdırmaq…”

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button